Məhkəmə qərarları › İş №8(105)-96/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-96/2021

23.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-96/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İcra vərəqi üzrə Borclu iştirakı ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatının qismən təmin edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-450/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına olan «Mercedes Benz-200» markalı, **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulub açıq hərracda satılması və əldə olunan vəsaitin tələbə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 2535/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən borclu X1 və Borclu 5741 ABŞ dolları əsas borc, 1310,19 ABŞ dolları faiz borcu, 255,85 ABŞ dolları cərimə borcu, cəmi 7308,08 ABŞ dolları borc milli manat ekvivalentində və 30 manat məbləğində dövlət rüsumu muştərək qaydada Tələbkar ASC-nin xetrinə tutulmalıdır. Borclu xx.xx.2017-ci il tarixdə könüllü icra üçün bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi hal-hazıradək icra olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron İcra İdarəsinin İnformasiya Sistemindən əldə olunan məlumatlara əsasən Borclu adına «Mercedes Benz-200» markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu məlum olmuşdur. Göstərilənlərə əsasən təqdimat təmin olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-450/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilmiş, Borclu adına olan «Mercedes Benz-200» markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. (hakim G.Tanrıverdiyeva) Həmin qərardaddan Borclu narazı qalaraq şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli, 8(060)-450/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-450/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilmişdir. Qanunla müəyyən edilmiş müddəti keçirməklə şikayət verildiyindən, məhkəmə kollegiyası şikayətin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu qərardaddan vaxtında şikayət verildiyini bildirdi və şikayətin mümkün sayılmasını xahiş etdi. O, bildirdi ki, xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir və qərardad onun iştirakı ilə elan edilmişdir. İcra sənədi üzrə tələbkara, həmçinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Yenə həmin Məcəllənin 268-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Eyni Məcəllənin 396.2-ci maddəsinə əsasən əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müdəti qərardadın elan edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası MPM-nin 366-cı maddəsinə əsasən apellyasiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İşdən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə işə baxılarkən icra sənədi üzrə Borclu məhkəmə iclasında iştirak etmiş və iş üzrə məhkəmənin qərardadı onun iştirakı ilə elan edilmişdir. Belə olan halda həmin qərardaddan şikayət vermə müddətinin axımı da həmin andan başlayaraq 10 gün müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək davam edir. Yenə işdən görünür ki, Borclu həmin qərardaddan xx xxxx 2021-ci il tarixdə şikayət vermiş, müəyyən olunan prosessual müddəti ötürmüş və buraxılmış müddətin üzrlü hesab olunub bərpa olunmasına dair məhkəməyə müraciət etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, həmin qərardadın cavabdeh tərəfindən xx xxxx 2021-ci ildə əldə edilməsinə əsaslanmaqla ondan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmişdir, halbuki yuxarıda da qeyd edildiyi kimi, bu məsələdə 10 günlük şikayət etmə müddətinin axımı qərardadın rəsmi qaydada alınması ilə deyil, məhkəmə iclasında elan edilməsilə başlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin verilməsi müddəti ilə bağlı məsələni müzakirə etməmiş, nəticədə müddət axımını nəzərdə tutan prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayət üzrə prosessual müddət məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının mübahisə üzrə gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələnin düzgün və qanuni həllini tapmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş şikayətə apellyasiya qaydasında baxılması hazırki halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 361, 365, 366, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədovun borclunun əmlakı üzərinə həbs qoyulmasına dair təqdimatının qismən təmin edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(060)-450/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və o, qəbul olunmamış hesab olunsun. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar