Məhkəmə qərarları › İş №8(105)-96/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-96/2023

17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-96/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(011)- 12921/2016 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şamaxı Rayon İcra və Probasiya şöbəsinin təqdimatına baxılmasına dair Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(011)-12921/2016 nömrəli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(011)- 12921/2016 nömrəli icra sənədinə əsasən Borclu cəmi 8202 ABŞ dolları və 30 manat dövlət rüsumu LPO Tələbkar ASC-yə verilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan xx.xx.1956-cı il təvəllüdlü Borclu barəsində olan kredit borcunu ödəməkdən yayınmış, bugünədək 8202 ABŞ dolları borc məbləğindən ödəniş etməmişdir. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışı nəticə verməmişdir. Odur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 yanvar 2017-ci il tarixli, 2(011)-12921/2016 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədəmüvafiqdir. Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadı ilə təqdimat təmin edilərək xx.xx.1978-ci ildə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (hakim Fərid Yaqubov). Həmin qərardaddan narazı qalan Borclu şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadınının ləğv edilməsini, onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Şamaxı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Pərvin Mehralıyevin təqdimatının təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, LPO Tələbkar ASC-yə olan borcundan mütəmadi olaraq ödənişlər edir. Həmçinin mülkiyyətində fərdi yaşayış sahəsi tikmək üçün torpaq sahəsi mövcuddur. Adına torpaq sahəsi və s. əmlaklar var. “İcra haqqında” qanuna müvafiq olaraq ilk növbədə borclunun adına olan əmlaklar araşdırılmalı, həmin əmlaklar varsa onların üzərinə həbs qoyulmalı borcun ödənilməsi təmin edilməlidir. Əmlak yoxdursa və həmin arayış və sorğular yəni əmlakın olmamasına dair arayış və sorğulara cavab yoxdursa, borclunun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Halbuki, bütün bu hallar araşdırılmadan onun ölkədən getmək hüququ məhdudlaşdırımışdır. O, xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müalicə məqsədilə xaricə gedir. Lakin ölkədən getmək hüququnun məhdudlaşması buna imkan vermir. Hesab edir ki, qərar tamamilə qanunsuz və araşdırılmadan qəbul edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadı ilə Şamaxı rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Natiq İsmayılov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.1-ci bəndinə əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanmış müddəalarının mənasına görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. Hazırki işin hallarından görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcək borcluya məxsus əmlak və gəlir aşkar edilməmişdir. Belə ki, borclu şikayət ərizəsində mülkiyyətində fərdi yaşayış sahəsi tikmək üçün torpaq sahəsinin mövcud olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində hər hansı bir daşınmaz əmlak aşkar edilməmişdir (i/v 32). Bundan əlavə borclu şikayətində xəstəliyi ilə əlaqədar mütəmadi olaraq müalicə məqsədilə xaricə gedib-gəldiyini qeyd etsə də, bu halı rəsmi təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Belə ki, borclunun ölkə hüdudlarından çıxması borcun ödənilməmiş, icra sənədinin isə icra olunmadan qalmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 8(074)-65/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar