Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-96/2024 08.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 nömrəli qətnaməsinin icrasına 1 il müddətində möhlət verilməsi barəsində qərardad çıxarılmasın xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)-918/2018 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin mülkiyyətində olan Xaçmaz rayonunun Armudpadar kəndində yerləşən 0.35 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxarılaraq torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icraya yönəldilmişdir.Həyat yoldaşı vəfat etmişdir.Həmin evdən başqa yaşamağa yerləri yoxdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 918/2018 saylı qətnaməsinin icrasına bir il müddətinə möhlət verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadı ilə X2nın Xaçmaz Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli, 2(067)- 918/2018 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır (hakim Aynur Əliyeva). X3 Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadından şikayət verərək qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında bildirmişdir ki, həyat yoldaşı X8 vəfat etmişdir. Uşaqlarla birgə məhkəmə qərarlarında adı göstərilən evdə yaşayırlar. Başqa yaşayış yerləri yoxdur. Qohumları və yaxınlarının köməyi ilə banka olan kredit borcunu bağlamaq üçün pul toplayır. Yaxın bir neçə ay ərzində kredit borcunu bağlamaq istəyir. 29 yaşında xəstə övladı və azyaşlı nəvələri vardır. Qətnamənin icrasına bir il müddətinə möhləti ona görə istəyir ki, bir il ərzində banka olan borcu bağlayıb, sonradan evi adına keçirib orada arxayın yaşaya bilsinlər. Qərardaddan da göründüyü kimi Maraqlı şəxs böyük icra məmuru ərizənin təmin edilib-edilməməsinin məhkəmənin mülahizəsinə buraxmışdır. Başqa sözlə ərizənin təmin edilməsinə etiraz etməmişdir. "xxxx" KB ASC-yə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. "xxxx" KB ASC-nin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi də, ona dəlalət edir ki, "xxxx" KB ASC-nin onların həmin evdə yaşamasına etirazı yoxdur. Bank özü də marağında olmalıdır ki, banka olan kredit borcu ödənilsin. Məhkəmə yuxarıda göstərilən qaydada qərar qəbul etməklə faktiki olaraq onu xəstə övladı və azyaşlı nəvələri ilə birgə növbəti ağır məhrumiyyətlərə düçar etmişdir. Qərardadda göstərilir ki, borclunun qətnamə ilə üzərinə qoyulmuş öhdəliyin möhlət verildikdən sonra da icra etməsinin real olmamasını, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinin tələbkarın hüquq və mənafelərinə zidd olması səbəbindən qətnamənin icrasına möhlət verilməsinə dair ərizə təmin edilməməlidir. Məhkəmənin gəldiyi nəticə ilə ona görə razılaşmaq mümkün deyil ki, məhkəmə əvvəlcədən bir il sonra baş verə biləcək hadisələri əsas götürə bilməzdi. Başqa sözlə məhkəmə bilə bilməzdi ki, qətnamənin icrasına möhlət verildikdən sonra onun icrası realdır yoxsa yox. Xaçmaz Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadından X5 şikayətinin təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Aynur Əliyeva). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instasniya məhkəməsi qərardadını borclunun qətnamə ilə üzərinə qoyulmuş öhdəliyin möhlət verildikdən sonra da icra etməsinin real olmamasını, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin vaxtında icra edilməməsinin tələbkarın qanunla qorunan hüquq və mənafelərinə zidd olmasını, tələbkarda ədalət mühakiməsinin nüfuzuna inamın azalmasına səbəb ola biləcəyini nəzərə almaqla yanaşı borclunun qətnamənin icrasına möhlət verilməsi üçün əsas kimi göstərdiklərini qətnamənin icrasına möhlət verilməsi üçün tutarlı səbəb kimi qəbul etmədiyindən ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ərizəyə və apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Məhkəmə kollegyiası qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsinə o hallarda yol verilir ki, icranın həyata keçirilməsi hər hansı səbəblərə görə mümkün olmur və məhkəmə müəyyən müddət keçdikdən sonra icraya maneçilik törədən halların aradan qalxacağı və icranın mümkün olacağı qənaətinə gəlir. Məhkəmə belə hesab edir ki, nə ərizəçinin istinad etdiyi hallar, nə də iş materiallarında olan sübutlar belə qənaətə gəlməyə əsas vermir.Belə olan halda, ərizənin təmin edilməsi məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar”. Məhkəmə kollegiyası qeyd edilənləri, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verildiyini, iş üzrə məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinə ipoteka saxlayanın razılığının olmadığını, əsassız olaraq məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına yönələ biləcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 8(067)-128/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(105)-96/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-96/2024
08.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver