Məhkəmə qərarları › İş №8(105)-96/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-96/2025

29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-96/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Qusar Rayon Məhkəməsinin 8(029)-10/2025 nömrəli, 10 aprel 2025-ci il tarixli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim Ə.Cəlilov) ərizənin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1857 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ilə Cavabdeh 29 oktyabr 2012-ci il təvəllüdlü X16 və 28 noyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat sabit pul məbləğində tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0.43 misli həddində indeksasiya olunması, indeksasiya olunmuş aliment qərardad qanuni qüvvəyə mindikdən sonra icra edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu Cavabdeh qərardaddan şikayət vermişdir. Qusar Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli qərardadı ilə Qusar Rayon Məhkəməsinin 8(029)-10/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 8(029)-10/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qərardad qüvvəsində saxlanılması, şikayət ərizəsinin 8(029)- 10/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ X1 qətnamənin icra qaydasında indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1857 nömrəli xx.xx.2022-ci il qətnaməsi ilə xx.xx.2012-cü il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş hər uşaq üçün 130 manat (iki uşaq üçün) cəmi 260 manat sabit pul məbləğində alimentin (məbləği artırılaraq hər il üçün yaşayış minimum məbləğdən az olmayan, sabit pul məbləğdə, iki uşağa münasibətdə, 2025-ci il üçün cəmi 492 manat) məbləğinin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Borclu X2 Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025ci il tarixli, 8(026)-3/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, 15 mart 2013-cü il tarixində anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,03 misli həddində indeksasiya olunmuşdur. Eyni zamanda, Qobustan Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(026)-4/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, 20 may 2015-ci il tarixində anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artırmalar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1,11 misli həddində indeksasiya olunmuşdur. Mülki işin sənədlərindən də görsənir ki, onunla X4 birgə nikahından iki uşaq dünyaya gəlmişdir. Məhkəmənin bu iki qərardadı ilə o, bu il üçün hər ay 847 manat məbləğində aliment ödəməlidir. Belə ki, 2025-ci ildə minimum əmək haqqı 400 manat müəyyən edildiyi üçün qızı Nərminə görə 444 manat, oğlu Tunara görə isə 403 manat olmaqla, ümumilikdə 847 manat məbləğində aliment ödəməlidir. Bu isə nə onun maddi vəziyyətinə, nə aylıq gəlirinə, nə də ki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, məhkəmə bu qərardadı qəbul edərkən Ali Məhkəmə Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 saylı qərarı ilə edilmiş dəyişikliklərə istinad etmişdir. Lakin məhkəmə həmin qərarın digər bəndlərini nəzərə almamışdır. Eyni zamanda məhkəmə tərəfindən işə baxılarkən işin halları araşdırılmamış, onun sabit gəlirinin olub-olmaması müəyyən olunmamış və hal-hazırkı maddi vəziyyəti qiymətləndirilməmişdir. O, 2024-cü ildən rəsmi olaraq usta kimi işləyir və hal-hazırda 520 manat məbləğində əmək haqqı alır. Təbii ki, onun da minimum yaşayış səviyyəsini təmin etmək üçün müəyyən vəsait lazımdır. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə əmək qabiliyyətli əhali üçün minimum yaşayış səviyyəsi 305 manat məbləğində, uşaqlar üçün isə 246 manat məbləğində müəyyən edilmişdir. Yəni, onun ən minimum yaşayış səviyyəsini təmin etmək üçün 305 manat vəsait lazımdır. Onun aylıq əmək haqqından həmin vəsaiti çıxdıqda isə 215 manat məbləğində pul qalır. Bundan başqa, uşaqlarının birinin 10, digərinin isə 12 yaşı vardır. Yəni keçmiş həyat yoldaşı özü də işləyərək uşaqların saxlanmasında iştirak etməlidir. Belə ki, Ailə Məcəlləsinin tələblərinə görə valideynlərin hər ikisi uşaqların saxlanılmasında eyni hüquq və vəzifələrə malikdirlər. Ona görə də qanun ilə nəzərdə tutulmuş uşaqların minimum yaşayış səviyyəsi təkcə onun tərəfindən deyil, həm də keçmiş həyat yoldaşı tərəfindən təmin edilməlidir. Uşaqların anasının uşaqların saxlanmasında maddi cəhətdən iştirakını aradan qaldıran və ataya nisbətdə ona üstün hüquqlar verən hal yalnız ananın əmək qabiliyyətini itirməsi və ya 3 yaşadək uşağa qulluq etməsidir. Lakin hal-hazırkı mülki işin sənədlərində belə bir hal yoxdur. Eyni zamanda, əvvəlki qətnamənin icrası ilə əlaqədar bugünə onun ümumilikdə 5000 manat məbləğində borcu qalmışdır. Belə ki, bir müddət səhhəti lə əlaqədar işləyə bilmədiyi üçün maddi vəziyyəti həddindən çox çətinləşmiş, bu da nəticə etibarı ilə aliment üzrə ödənişlərin icra olunmasında çətinliklər yaratmışdır. Lakin əfsuslar olsun ki, məhkəmə tərəfindən işin bu halları da nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, məhkəmənin bu qərardadı həm maddi, həm də prosessual normaların tələblərinin pozulması ilə qəbul edilmişdir. Elə bu səbəbdən də bu qərardad ləğv edilməli və işin hallarına uyğun yeni qərardad qəbul edilməlidir. Qanunverici orqan uşaqlar barəsində hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduqlarını göstərsə də, əfsuslar olsun ki, məhkəmə tərəfindən Ailə Məcəlləsinin 56-cı maddəsi nəzərə alınmamışdır. Belə ki, məhkəmənin bu qərardadı ilə alimentin məbləğinin kəskin şəkildə artması və uşaqların saxlanılmasında iddiaçını heç bir rolunun olmaması və bütün maddi problemlərin ata tərəfindən təmin olunmasının tələb edilməsi valideynlər arasında olan uşaqlara nisbətdə vəzifələrin bərabərliyi prinsipinin pozulması deməkdir. İşin hallarından da görsənir ki, tələbkar əmək qabiliyyətlidir və əmək fəaliyyəti ilə məşğul olmaması üçün heç bir üzrlü səbəbi yoxdur. Bu halda o da işləyərək uşaqların saxlanmasında maddi cəhətdən köməklik göstərməlidir. Əfsuslar olsun ki, məhkəmə tərəfindən bu hal nəzərə alınmamış və bununla da Ailə Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmuşdur. Ailə Məcəlləsinin 76-cı maddəsindən görünür ki, stabil gəliri olan şəxsdən iki uşağa görə aliment onun aylıq gəlirinin 1/3-i həcmində müəyyən olunur. Onun hal-hazırkı rəsmi əmək haqqını nəzərə aldıqda, onda bu təxminən 180 manat məbləğində vəsait edir. Lakin məhkəmə qərardadları ilə müəyyən edilmiş məbləğ onun əmək haqqının 170 faiz həcmini təşkil edir. Bu isə Ailə Məcəlləsinin 76-cı maddəsi ilə tam ziddiyyət təşkil edir. Məhkəmə bu qərardadı qəbul edərkən Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8 saylı qərarına edilmiş 20 dekabr 2024-cü il tarixli dəyişikliklərə istinad etmiş, lakin ümumilikdə həmin qərarın digər normalarını nəzərə almamışdır. Belə ki, 2024-cü ildə qəbul edilmiş bu dəyişikliklərdən görsənir ki, Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.4, 8.9, 8.11-ci bəndlərində dəyişikliklər olmuşdur. Lakin Plenumun həmin qərarının 8.5, 8.6, 8.7-ci maddələrində dəyişikliklər edilməmişdir. Lakin məhkəmə hal-hazırkı qərardadı qəbul edərkən həmin maddələrin tələblərinə riayət etməmiş və yalnız digər maddələrdə olan dəyişikliklərə istinad edərək belə bir qərara gəlmişdir. Bu isə özlüyündə məhkəmə tərəfindən Ali Məhkəmə Plenumunun 28 mart 2016cı il tarixli, 8 saylı qərarının tələblərinin pozulması deməkdir. Ərizənin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən işin bütün halları ətraflı araşdırılmamış və yalnız ərizəçinin istinad etdiyi hallara uyğun qərardad qəbul edilmişdir. Bu isə məhkəmə tərəfindən işin ədalətli və obyektiv baxılmadığını göstərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-nin) 14-cü maddəsinin tələbləri pozulması deməkdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən ərizə qismən təmin edilmişdir. Ərizənin qismən təmin edilməsini aliment məbləği 2022-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunmaqla aliment tutulmalı olması ilə əsaslandırmışdır. İşdən görünür ki, ərizəçi X5 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1857 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ilə X16 və X8 təyin edilmiş alimentin indeksasiya edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin qismən təmin edilməsi qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin Qərarın 8.4-2-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşağın saxlanması üçün ödənilməli olan aliment məbləğinin davamlı olmasının, həm uşaqların, həm də uşaqların valideynlərinin mənafeləri arasında balanslaşdırmanın zəruriliyini nəzərə alaraq hesab edir ki, ərizənin qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli və onunla bağlı 01 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar