Məhkəmə qərarları › İş №8(105)-97/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-97/2024

05.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-97/2024 05.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-5400 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbsin qoyulmasına dair təqdimat üzrə (Açar sözlər: əmlakın üzərinə həbsin qoyulması, natamam araşdırma) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-5400 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması barədə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatı üzrə Xaçmaz Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(067)-125/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Dadaşov Vidadi təqdimatla məhkəməyə müraciət edərək, Xaçmaz rayonu 1 saylı notariat ofsinin 8İ-5400 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icrası ilə əlaqədar olaraq Borclu məxsus olan Xaçmaz rayon Çarxı kəndində yerləşən 0,64 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş etmişdir.

2. Təqdimata görə Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-5400 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 70000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu oğluna məxsus olan Xaçmaz rayon Çarxı kəndində yerləşən 0.64 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. Xaçmaz Rayon Məhkəməsinin (hakim V.Qasımova) 31 may 2024-cü il tarixli, 8(067)-125/2024 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir.

4. Qərardaddan narazı qalan Tələbkar şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

5. Xaçmaz Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(067)-125/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlara əsasən məlum olur ki, Borclu məxsus Xaçmaz rayon Çarxı kəndində yerləşən 0.64 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır və bu sahə kənd təsərrüfatı təyinatlı olmaqla, torpağın məqsədli istifadə növü əkin sahəsidir. Göründüyü kimi, borcluya məxsus aşkar edilmiş torpaq sahəsi 1,0 hektaradək olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin Siyahısı”nın 2-ci və 3-cü bəndinin təsiri altına düşür. Lakin buna baxmayaraq icra məmuru qeyd olunan məsələni araşdırmadan, kənd təsərrüfatı təyinatlı bu torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edib ki, Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-5400 nömrəli, xx.xx.2013-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 129-cu maddələri, MPM-nin 15.1 - 15.3-cü maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1, 43.1.1. 45.1, 45.2, 45.8, 46.9-cu maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 89 saylı Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin Siyahısı”nın 2-ci və 3-cü bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunvericiliyin tələblərini pozaraq əsassız və qeyri-qanuni olaraq Borclu əmlakının üzərinə həbs qoyulmasına dair Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin təqdimatını təmin etməmişdir. Məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassız, həmçinin Tələbkar mənafelərinə ziddir. Təqdimatda göstərilmiş hallar və təqdimata əlavə edilmiş sənədlərlə məhkəmənin gəldiyi nəticə arasında əsaslı fərqlər vardır. Xaçmaz Rayon Məhkəməsi öz qərardadında əsassız olaraq AR Nazirlər Kabinetinin 89 saylı qərarına istinad etmiş və göstərmişdir ki, həmin qərara əsasən borcluya məxsus 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilə bilməz. Halbuki, borclu həmin kənd təsərrüfatlı torpaq sahəsindən istifadə etmir, ailəsi həmin torpaq sahəsinin yerini belə tanımır, tələbkar kənd Bələdiyyə sədrinin vasitəsi ilə həmin torpaq sahəsinə gedib baxarkən, həmin torpaq sahəsinin istifadəsiz vəziyyətdə olduğunu görmüşdür. Məhkəmə isə bu halı nəzərə almamışdır. Həmçinin məhkəmə borclunun qərəzli şəkildə icra sənədini xx.xx.2023-cü ildən etibarən icra etməməsini diqqətə almamışdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun:

45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 45.7-ci maddəsinə əsasən,tələb,borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək,borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün həbs qoyulur

13. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin:

372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.2-ci maddəyə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər

Apellyasiya baxışının hədləri

14. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 8(067)-125/2024 saylı 31 may 2024-cü il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

15. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını zəruri hesab edir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, təqdimata yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

17. Belə ki, hazırki təqdimatın mahiyyətindən görünür ki, tələb mülkiyyət hüququ ilə borcluya məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədədir.

18. Araşdırılan işdən görünür ki, Xaçmaz rayonu 1 saylı notariat ofisinin 8İ-5400 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 70000 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir.

19. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək, icraata başlamaq haqqında qərar qəbul olunmuşdur.

20. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu məxsus olan Xaçmaz rayon Çarxı kəndində yerləşən 0.64 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi müəyyən edilmişdir.

21. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyindən təqdimatla məhkəməyə müraciət olunmuş, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qərar qəbul olunmuşdur.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə hazırki vəziyyətdə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır.

23. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) və əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə yol verilmir.

24. Araşdırılan işdən görünür ki, birinci instansiya məhkəməsi təqdimatı rədd edərkən sözügedən Qərara istinad etsə də, həmin qərarın göstərişlərinə tam əməl etməmiş, borclunun əsas məşğuliyyətinin məhz kənd təsərrüfatı olub-olmaması, eləcə də digər əmlak vəziyyəti tam yoxlanılmamışdır.

25. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Borclu adına həbs qoyulması tələb olunan kənd təsərrüfat təyinatlı torpaq sahəsi ilə yanaşı, digər kənd təsərrüfat təyinatlı torpaq sahələri, həmçinin ** BU *** dövlət qeydiyyat nişanlı, Dong Feng yük markalı (özüboşaldan) avtomobil mövcuddur.

26. Lakin birinci instansiya məhkəməsi səlahiyyətləri çərçivəsində tam araşdırma aparmamış, borclunun mülkiyyətində ümumilikdə nə qədər torpaq sahəsinin olub-olmaması, sonuncunun mülkiyyətində yük markalı avtomobilin olması, sözügedən 0.64 hektar torpaq sahəsinin borclunun yeganə əmlakı olub-olmaması, eləcə də əsas məşğuliyyət növünün nədən ibarət olması istiqamətində araşdırma aparmadan yekun qərar qəbul etmişdir. Halbuki, yuxarıda sadalananlar obyektiv nəticəyə gəlmək üçün həlledici məqamlardandır.

27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(067)- 125/2024 nömrəli qərardadı ləğv olunmalı və yuxarıda qeyd olunanlara üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

28. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı

Qərara aldı:

Tələbkar tərəfindən verilmiş şikayət qismən edilsin. Xaçmaz Rayon Məhkəməsinin 8(067)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin, təqdimat və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə yenidən baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar