Məhkəmə qərarları › İş №8(105)-98/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-98/2021

04.05.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-98/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, tələbkar Kərimova Rəhimə Xanvələd qızının nümayəndə və vəkili Əfəndiyev Altay Seid oğlunun, Borclu nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevin Borclu mülkiyyətində olan əmlak üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdimatına dair Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6412/2018 saylı, 06.11.2018-ci il tarixli icra vərəqəsinə əsasən, 26.03.2008-ci il təvəllüdlü X7 və 31.07.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 154 manat sabit pul məbləğində aliment 11 oktyabr 2018-ci il tarixdən Borclu tutularaq X2 verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,05 ha torpaq sahəsinin üzərinə həbs qoyularaq hərracda satılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayev təqdimatında göstərmişdir ki, borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********0936 reyestr nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Aliment borcu 01.02.2021-ci il tarixədək 4657 manat təşkil edir. Borcun ödənilməsi üçün məcburi icra tədbiri olaraq göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilmişdir. Bunlara əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevin təqdimatının qismən təmin edilməsi, Borclu mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,05 ha torpaq sahəsinin ona məxsus olan ½ hissəsi üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda həmin qərardaddan narazı qalan Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021ci il tarixli qərardadının ləğv edilməsi və Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Taleh Mustafayevin təqdimatının təmin edilməməsini, əks halda şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsi 23.03.2021-ci il tarixli, 8(012)- 162/2021 saylı qərardadı qəbul edilərkən maddi hüquq normalarının tələbini kobud şəkildə pozmuş, təqdim edilmiş sübutlara və etirazda göstərilmiş əsaslara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qərardadı qəbul edərkən öz mövqeyini "İcra haqqında" Azərbaycan Respublikası qanununun 45.1-ci və 45.6-cı maddələri ilə əsaslandırmışdır. Lakin bu zaman "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, sözügedən maddənin tələbinə görə borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Göründüyü kimi qanunverici 45-ci maddədə tam mülkiyyətdə olan əmlakla paylı mülkiyyətdə olan əmlak arasında fərqi müəyyən etmişdir. Belə ki, tam mülkiyyətdə olan əmlaka münasibətdə əmlaka yönəltmə, Qanunun 45.1-ci maddəsinə əsasən əmlakın üzərinə həbs qoyulması, götürülməsi və satılması başa düşülür. Lakin qanunverici kreditorun tələbinin borclunun ümumi (paylı) mülkiyyətdə olan əmlaka yönəltməni fərqləndirmişdir. Belə ki, tələb ancaq mülki qanunvericiliyə uyğun olaraq ümumi (paylı) mülkiyyətə yönəldilə bilər. Ümumi mülkiyyətin anlayışı isə Mülki Məcəllədə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. İşin hallarından göründüyü kimi sözügedən torpaq sahəsi ümumi paylı mülkiyyətdədir. Belə olan halda mülki qanunvericiliyin ümumi - paylı mülkiyyətdə olan əmlaka dair tənzimləməni nəzərdə tutan 220-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Bu halda Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe mütləq şəkildə nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 04.12.2014-cü il tarixli qərardadında göstərilir ki, "... 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür...". Şərhdən göründüyü kimi Konstitusiya Məhkəməsi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması üçün qanunvericiliyin bu sahədə müəyyən etdiyi bir sıra normalara riayət etməklə həyata keçirilməsi mümkünlüyünü nəzərdə tutmuşdur. Belə ki, ilkin olaraq paylı mülkiyyətin naturada ayrılması imkanı, bu mümkün olmadıqda payın əvəzində kompensasiyanın istənilməsi və ya digər payçıların payını istənilən mülkiyyətçiyə payı əvəzində kompensasiya təklif etməsi məsələsi həyata keçirilməli və yalnız bütün sadalananların mümkünsüzlüyü fonunda ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması yolu ilə reallaşdırılması mümkündür. Lakin hazırki halda məhkəmənin şərhindən görünür ki, məhkəmə paylı mülkiyyətdə olan əmlakın üzərinə həbsin qoyulmasını onun açıq hərracdan satılması üçün əsas hesab edir, bunun üçün Konstitusiya Məhkəməsinin formalaşdırmış olduğu hüquqi mövqeyi görməzdən gələrək, bunu həmin mövqeyin icra mərhələsi ilə bağlı olmadığını qeyd edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasına və "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Qanununa əsasən normativ hüquqi aktlara rəsmi şərhin verilməsi Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir. Normaya şərhin verilməsi onun həqiqi hüquqi məzmunun üzə çıxarılması anlamına gəlir. Belə olan halda məhkəmənin hansı əsasla maddi normanın şərhinin işin məhkəmə mərhələsi və ya icra mərhələsinə aid olmasını müəyyən etməsi anlaşılan deyildir. Həmçinin ona ½ hissədə məxsus torpaq sahəsinin üzərində onun yeganə yaşayış evi yerləşir. Həmin evdə onun əlil anası və atası ilə yaşamaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısfnm 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərtilə) tələbin yönəldilməsinə yol verilmir. Odur ki, şikayətin təmin edilərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, təqdimatın təmin edilməməsi barədə qərardadqəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında tələbkar X1 nümayəndə və vəkili Əfəndiyev Altay Seid oğlu şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, Borclu 5000 manata yaxın aliment borcu vardır. Borclu vaxtlı vaxtında alimenti ödəmir və bu səbəbdən də aliment borcu yığılmışdır. Abşeron rayonu, Fatmayı kəndində yerləşən, sahəsi 0,05 ha torpaq sahəsi tələbkarın və borclunun paylı mülkiyyətindədir. Borclunun adına başqa əmlakın olub-olmamasını bilmir. Borclu aliment borcunu könüllü ödəmədiyi üçün təqdimatəsaslı olaraq təmin edilmişdir. Odur ki, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsələr də iş üzrə təqdatimatı verən Abşeron rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevin Borclu mülkiyyətində olan əmlakı üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdima təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə təqdimatı təmin edərkən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1- ci maddəsinə istinad etmişdir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, təqdimatda üzərinə həbs qoyularaq açıq hərracdan satılması tələb edilən Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,05 ha torpaq sahəsi paylı mülkiyyət olmaqla ½ hissədə tələbkarın, ½ hissədə isə borclunun əmlakıdır. Həmin torpaq sahəsi üzərində dövlət reyestrindən qeydiyyatdan keçməyən fərdi yaşayış sahəsi mövcuddur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, sözügedən maddənin tələbinə görə borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 04.12.2014-cü il tarixli qərardadında göstərilir ki, "... 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. 2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür...". Göründüyü kimi Konstitusiya Məhkəməsi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması üçün qanunvericiliyin bu sahədə müəyyən etdiyi bir sıra normalara riayət etməklə həyata keçirilməsi mümkünlüyünü nəzərdə tutmuşdur. Belə ki, ilkin olaraq paylı mülkiyyətin naturada ayrılması imkanı, bu mümkün olmadıqda payın əvəzində kompensasiyanın istənilməsi və ya digər payçıların payını istənilən mülkiyyətçiyə payı əvəzində kompensasiya təklif etməsi məsələsi həyata keçirilməli və yalnız bütün sadalananların mümkünsüzlüyü fonunda ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması yolu ilə reallaşdırılması mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi paylı mülkiyyətdə olan əmlak üzərinə həbs qoyularaq açıq hərracda satılması qənaətinə gələrkən yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini pozmuşdur. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, borclunun torpaq sahəsinin ona məxsus ½ hissəsi üzərində onun yaşayış evi yerləşir. Həmin evdə o əlil anası və atası ilə yaşamaqdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş "Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısfnm 1-ci bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq tələbin yönəldilməsinə yol verilmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə görə icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Lakin tələbin yönələ biləcək borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitləri və başqa sərvətlərinin olubolmaması barədə sorğuların verilməsi barədə hər hansı sübutlar təqdimata əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə paylı mülkiyyətdə olan əmlak üzərinə həbs qoyularaq açıq hərracdan satılması barədə təqdimatı təmin etməklə qanunvericilik normalarını kobud surətdə pozmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevin Borclu mülkiyyətində olan əmlakı üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdima təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Kərimov Rüfət Məhyəddin oğlunun şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-162/2021 saylı, 23.02.2021-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Mustafayevin Borclu mülkiyyətində olan əmlakı üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdimat təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar