Məhkəmə qərarları › İş №8(105)-98/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-98/2023

22.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-98/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatı üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-351/2023 saylı qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkəməsinin 2(045)-3267/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu hər ay cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-3267/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu hər ay cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Abşeron rayon İcra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbini icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Şelli kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-351/2023 saylı qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1986-cı il tarixdə Ağdam rayonu, Şelli kəndində anadan olmuş, Ağdam rayonu, Qasımlı ərazi dairəsi, Şelli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır (hakim Habil Əhmədov). İcra sənədi üzrə Borclu bu qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-351/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Məlahət Abbasova). Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsi tərəfindən icra edilməkdədir. İcra vərəqəsinin icrasından yayınmır. Lakin maddi imkansızlığı ucbatından bu pulu birdəfəlk ödəyə bilmir. Bildirir ki, son zamanlar səhhətində ciddi problemlər yaranmışdır. Bununla bağlı ölkəni tərk etmək zərurət yarana bilər. Ölkədən getmək hüququnun məhdudlaşdırılması həyatını təhlükədə qoya bilər. Bu hal həm beynəlxalq, həmdə yerli qanunvericiliyin tələblərinə ziddir. Buna görə də hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-ci il tarixli, 8(012)351/2023 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-351/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)- 3267/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin 10 (on) gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Məhkəmə, icra məmurunun təqdimatına Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, tələbin könüllü icrası barədə borcluya oğluna bildiriş göndərilmiş, həmin tarixdən sonra borclu tərəfindən müəyyən ödənişlər edilsə də, yekunda borcu yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Borclu birinci instansiya məhkəməsində izahatında 1500-2000 manat borclu olduğunu qeyd etmişdir. Belə ki, iş materiallarından görünür ki, borclu birinci instansiya məhkəməsində izahatında təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq bildirmişdir ki, onun icra sənədi üzrə təxminən, 1500-2000 manat borcu vardır. Sürücü işləməklə xarici ölkələrə getmir. Bununla da borclu izahatında icra sənədinin müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra etməməsini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göründüyü kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması icra sənədinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır. Məhkəmə kollegiyası borclunun icra vərəqəsi üzrə icraata başlanıldıqdan borcunu ödəmədiyini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq borclunun ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, borclu şikayətində son zamanlar səhhətində ciddi problemlər yaranmasını, bununla bağlı ölkəni tərk etmək zərurət yarana biləcəyini qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X2 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X2 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(012)-351/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İcra sənədi üzrə Borclu şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar