Məhkəmə qərarları › İş №8(105)-98/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-98/2025

29.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-98/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi (tələbkar) X2 məhkəmə qətnaməsinə əsasən aliment məbləğinin indeksasiya edilməsi barədə ərizəyə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında iclasında baxaraq MÜƏYYƏNETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10655/2017 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş 136,60 manat sabit pul məbləğində aliment miqdarının 2025-ci il üçün Azərbaycan Respublikası ərazisində müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli miqdarında indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2370/2014 saylı mülki iş üzrə 01 aprel 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 04 mart 2014-cü il tarixdən başlayaraq 02 iyun 2012-cü il təvəllüdlü X1 üçün hər ay 103 manat məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10655/2017 saylı mülki iş üzrə 17 iyul 2017-ci il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək, 136.60 qəpik müəyyən edilmişdir. Qətnamədən sonra Respublika üzrə bir uşağın saxlanılması minimumunda artımlar olmuş, məhkəmə qətnaməsi ilə qət edilmiş aliment uşağın maddi tələbatlarını qətiyyən ödəmir, uşağın maddi təminatında əziyyət çəkir. Hesab edir ki, 136 manat aliment uşağın saxlanması üçün kifayət etmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim Elçin Kazımov) ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10655/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş hər ay 136,60 manat sabit pul məbləğində aliment məbləği ölkə üzrə minimum əmək haqqının 1,177 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2017-ci il yanvarın 1-dən 2018-ci ilin yanvar ayının 1-dək 116 manat müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 10655/2017 saylı tarixli qətnaməsi ilə hər ay üçün 136,60 manat aliment təyin olunduğundan, borcludan hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,177 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (136,60 manat : 116 manat=1,177) Həmin qərardaddan narazı qalan borclu Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə şikayətə baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən indeksasiyanı bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum ımək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn 2017-ci ildə qəbul edilmiş qətnamə ilə uşağın saxlanması üçün ayda 136.60 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2025-ci il üzrə müəyyən edilmiş 400 manat məbləğində minumum əmək haqqının 0.62 mislini təşkil etdiyini nəzərə alaraq, qərərdadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62-misli həddində 400:246=0.62 indeksasiya olunması şəkilində göstərməlidir. Həmçinin qeyd edir ki, rəsmi iş yeri yoxdur, fəhlə kimi işləyərək gündəlik 5-10 manat gəliri olur. Sumqayıt şəhərində valideynləri ilə birlikdə kirayə qalır, onlara da maddi və mənəvi dəstək olmağa çalışır. Yuxarıda göstərilən işin bütün faktiki hallarını nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 204/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)- 10655/2017 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2370/2014 saylı iş üzrə qəbul etdiyi 01 aprel 2014-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 136,6 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X3 verilməsi, ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi: Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Hazırki işdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10655/2017 saylı qətnaməsi ilə alimentin məbləği 136,60 manat müəyyən edilərkən minimum aylıq əməkhaqqının məbləği 116 manat olmuşdur. Yuxarıda istinad olunan qanunvericilik normaların və Ali Məhkəməinin Plenum qərarında əsasən sadə riyazi hesablama aparıldıqda indeksasiya həmin dövrə münasibətdə minimum əmək haqqının 1,177 (136,6:116=1.177) həddində müəyyən edilmiş olur. Belə olan halda birinci instansiya məhkəməsinin gəlidiyi nəticə əsaslı hesab olunur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilən zaman prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı vaxtadək uşaq üçün 136,6 manat aliment ödəmiş borclunun həmin öhdəliyinin birdən-birə hazırki minimum əmək haqqının 1,177 misli həddində artırılması onun vəziyyətinin həddən artıq ağırlaşacağına, qeyri-mütənasib dərəcədə yüklənməsinə səbəb olacağı təqdirdə alimentin azaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-204/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar