Məhkəmə qərarları › İş №8(105)-99/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-99/2024

07.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-99/2024 07.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun təqdimatının təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-451/2024 nömrəli qərardadından Borclu2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6225/2022 saylı iş üzrə verilmiş 25 oktyabr 2022-ci il icra sənədinə əsasən müştərək qaydada Borclu2, X5 və Borclu1 4257,47 manat alınaraq Tələbkar ASC-nə verilməlidir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Məmmədov Rüfət Eldar oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6225/2022 saylı iş üzrə verilmiş 25 oktyabr 2022-ci il icra sənədi üzrə borclular Borclu2 və Borclu1 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsi təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 13 may 2024-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən borclular Borclu2 və Borclu1 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6225/2022 saylı iş üzrə verilmiş 25 oktyabr 2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Lakin borclular tərəfindən borcun könüllü ödənilməsi təmin edilməmişdir. Könüllü icra üçün müəyyən olunmuş vaxt ərzindən borclular icra sənədini icra etməmiş və hazırkı vaxta kimi borcunu üzürsüz səbəbdən ödəməmişdir. Borclular icra sənədini icra etməkdən yayınır. İş materialları ilə müəyyən edilir ki, borcluların adına heç bir əmlak mövcud olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 8(060)-451/2024 saylı qərardadı ilə təqdimatın təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6225/2022 saylı iş üzrə verilmiş 25 oktyabr 2022-ci il tarixli icra sənədi üzrə borclular –xx xxx 1988-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx xxxx 1989-cu ildə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüquqları icra sənədi üzrə yaranmış borcun ödənilməsinədək məhdudlaşdırılması qərara alınmışdır (hakim Gülnarə Tağızadə). Borclu2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli 8(060)- 451/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, qətnamənin icrasından heç bir zaman boyun qaçırmamışdır. Hazırda aylıq ödənişləri həyata keçirir. Atası - X2, qardaşı - X4 şəhid olduqdan sonra xəstədir və müntəzəm olaraq müalicə üçün ölkə hüdudlarından kənara aparmalı olur. Bu səbəbdən təqdimatın rədd edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-451/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-451/2024 nömrəli qərardadı Borclu2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, borclu şikayətinin dəlillərində aylıq ödəniş həyata keçirdiyini bildisrə də buna dair sübutu təqdim etməmişdir, eyni zamanda kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, borclu heç bir üzrlü səbəb olmadan qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı bütün dövlət hakimiyyəti, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmaması və onların icra olunmamasına yönələn hərəkətlər X9 Məhkəməsinin presedent hüququna görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (Avropa Konvensiyasının) 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qiymətləndirilir. Belə ki, X9 Məhkəməsinin bir cox qərarlarında, o cümlədən «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə 25 oktyabr 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi belə olmuşdur ki, iştirakçı Dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik qəti qərarın tərəflərdən birinin zərərinə icra olunmamasına icazə versəydi, bu hüquq xəyali hüquq olaraq qalardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinin təqdimatının təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(060)-451/2024 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar