Məhkəmə qərarları › İş №8(105)-99/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №8(105)-99/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 8(105)-99/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə iş üzrə (Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına əsasən çıxarılmış Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Şamaxı rayon, Çarhan kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başladığı Şamaxı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(074)-14/2018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1984-cü ildə anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu 146083 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına, Şamaxı rayonu, Nüydü kəndində 3,3239 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi aşkar olunmuş, həmin torpaq sahəsinin 2,3239 ha hissəsinə Şamaxı Rayon Məhkəməsinin 8(074)-123/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuş, torpaq sahəsi "xxxx" MMC tərəfindən 32000 manat dəyərində qiymətləndirilmiş, həmin torpaq sahəsi “İcra haqqında” AR Qanununun 53.1-ci maddəsinə əsasən tələbkara xx.xx.2024-cü il tarixdə təklif olunmuşdur. Borclu borc məbləğindən xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin hesabına 500 manat ödəniş etmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

3. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədinin surətindən görünür ki, cavabdeh Borclu 145780 ABŞ dolları məbləğində borc pul və gecikdirilmiş vaxt üçün qanunvericiliklə nəzərdə tutulmuş illik 5 faiz olmaqla 303 ABŞ dolları, ümumi 146083 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə alınıb Tələbkar verilməlidir.

4. Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının, həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətinə icra edilməsi təklif olunmuşdur.

5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(074)-123/2023 saylı qərardadının surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Şamaxı rayonu, Nüydü kəndində yerləşən 3,3239 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,3239 ha hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır.

6. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Borclu Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(074)- 14/2018 saylı icra sənədi üzrə 500 manat ödəniş etmişdir.

7. Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-14/2018 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək İsmayılov tərəfindən verilmiş təqdimatın təmin edilməməsi qərara alınmışdır.

8. Həmin qərardaddan Tələbkar şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 saylı qərardadının ləğv edilməsi və Şamaxı rayon, Çarhan kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şamaxı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

11. Tələbkar şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı tamamilə əsassızdır. Belə ki, işdən də göründüyün kimi, icra sənədinin 14 oktyabr 2022-ci il tarixdən icra şöbəsinin icraatında olmasına baxmayaraq icra sənədi üzrə Tələbkar ödənilməli olan 146083 ABŞ dolları məbləğində pul hələ də ödənilməmişdir. Digər tərəfdən icra iş üzrə Borclu mülkiyyətində olan Şamaxı rayon, Nüydü kəndində yerləşən 3.3239 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,3239 ha hissəsinin üzərinə həbs qoyulsa da işdən göründüyü kimi, Borclu tutulmalı olan borcun məbləği 146083 ABŞ dolları məbləğindədir. Üzərinə həbs qoyulan torpaq sahəsinin dəyəri isə olduqca aşağıdır, yəni borc məbləğinin iyirmidə bir hissəsini belə qarşılayacaq dəyərdə deyildir. Məhkəmə qərardadından da görünür ki, məhkəmə tamamilə formal mülahizələrə əsaslanaraq təqdimatı rədd etmiş, bir tərəfdən iş materiallarını sadalayarkən icra məmurunun icra işi üzrə gördüyü icra tədbirlərini sadalamış, digər tərəfdən isə təqdimatı rədd edərkən icra məmurunun təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl bu icra tədbirlərini yerinə yetirmədiyini qeyd etmişdir. Göründüyü kimi məhkəmə işin hallarına uyğun olmayan ziddiyyətli nəticəyə gəlmişdir. Həmçinin məhkəmə qərardadında borclu tərəfindən icra sənədi üzrə 500 manat pul ödənildiyi göstərilsə də ona bu günədək hər hansı məbləğdə pul ödənilməmişdir. Odur ki, icra sənədi üzrə ödənilməli olan pul məbləğinin 146083 ABŞ dolları, yəni olduqca yüksək məbləğ olması və bu günədək icra olunmaması həmçinin borcluya məxsus həmin borcu qarşılayacaq kifayət qədər əmlakın olmaması nəzərə alınaraq borclunun ölkədən getmə hüququna müvəqqəti olaraq məhdudiyyət qoyulmalıdır.

Şikayətə qarşı etirazın dəlilləri

12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş edərək qərardadı tam mübahisələndirmişdir. Kollegiya hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 365. Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

15. «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı ləğv edilməli, Şamaxı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(074)- 14/2018 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.

17. Göründüyü kimi mübahisələndirilən məhkəmə qərardadına əsasən təqdimat təmin ediməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurəti yarandıqda, icra məmurunun təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, müəyyən hərəkətləri etməsi tələb olunur. Lakin iş materiallarından görünür ki, icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl, qanunvericiliklə nəzərdə tutulan hərəkətləri tam olaraq yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin olunmamalıdır.

19. Məhkəmənin qərardadı ilə razılaşmayan Tələbkar şikayət vermişdir.

20. Məhkəmə kollegiyası şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, həmin dəlilləri mübahisələndirilən məhkəmə qərardadının ləğv edilməsi üçün əsaslı hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslı deyildir.

21. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

22. Bu baxımdan qeyd edilməlidir ki, qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir.

23. Həmin qaydalara əməl edilərək düzgün hüquqi qiymət verilməsi, «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılan məhkəmə qərarının icrasının təmin edilməsi, ədalət mühakiməsinin səmərəliliyinə nail olmaq məhkəmənin başlıca vəzifələrindən biridir.

24. Məhkəmə kollegiyası bildirir ki, qanunvericilik qanunla nəzərdə tutulmuş əsaslar olduğu halda məhkəmə aktlarının icrasının məcburiliyini tanıyır.

25. Araşdırılan iş materiallarından görünür ki, icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi 10 oktyabr 2022-ci il tarixdə icraya yönəldilsə də, hazrki tarixədək icra edilməmişdir.

26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir.

27. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır.

28. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, könüllü icra barədə bildiriş və icraata başlamaq haqqında qərarın surəti borcluya xx.xx.2022-ci il tarixdə təqdim olunmuş, icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin öyrənilməsi istiqamətində hərəkətlər edilmişdir.

29. Borclu xx.xx.2022-ci il tarixdən icra sənədi barədə məlumatlı olmasına baxmayaraq icra sənədi heç bir üzürlü səbəb göstərilmədən bugünədək tam şəkildə icra edilməmişdir.

30. Borclu məhkəməyə ərizə ilə müraciət edərək Z.M Group MMC şirkətində satış meneceri işlədiyni, şirkətin satdığı məhsullar ilə bağlı vaxtaşırı xarici ölkələrə mütəxəssis kimi ezam olunduğunu, ölkədən getməsinə qadağa qoyulursa, şirkətdən işdən çıxarılacağını, təqdimatın təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.

31. Kollegiya qeyd edir ki, borclu tərəfindən hissə-hissə qismən ödənişin edilməsi, borcluya məxsus torpaq sahəsinin tələbkara təklif olunması və yuxarıda qeyd olunan halların mövcudluğu təqdimatın təmin edilməməsi üçün yetərli əsas kimi çıxış edə bilməz. Belə ki, nə qədər ki, icra sənədinin hissə-hissə icrasına dair məhkəmə qərardadı qəbul edilməmişdir, borcun hissə-hissə ödənilməsi qanuni hesab edilə bilməz. Məhkəmə aktının könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürlü səbəbdən olmadan icra edilməməsi qeyd olunan məcburiyyət tədbirlərinin tətbiq üçün əsas verir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları hərtərəfli araşdırmamış, bununla da təqdimatın rədd edilməsi ilə bağlı əsaslı olmayan nəticəyə gəlmişdir.

33. Kollegiya icra sənədi üzrə ödənilməli olan pul məbləğinin 146083 ABŞ dolları, yəni olduqca yüksək məbləğ olmasını və bu günədək icra olunmamasını, borc məbləği ilə tətbiq edilən tədbir arasında mütənasibliyi, könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən borcun ödənilməməsinin üzrülü səbəbləri barədə heç bir halın müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, qeyd olunan hallar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlarılması barədə təqdimatın əsaslı olması qənaətinə gəlməyə əsas verir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı ləğv edilməli, Şamaxı rayon, Çarhan kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılmalıdır.

35. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.3, 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(074)-191/2024 nömrəli qərardadı ləğv edilsin. Təqdimat təmin edilsin. Şamaxı rayon, Çarhan kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu ölkədən getmək hüququ müvəqqəti, hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək məhdudlaşdırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar