Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-1/2023 30.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(036)-177/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra işi üzrə borclu X3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli qərarla icraatına başlanılan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3989/2013 nömrəli, 13 noyabr 2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.1978-ci ildə anadan olmuş borclu X2 hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə xx.xx.2012-ci il tarixdə anadan olmuş X7 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin icra sənədi xx.xx.2017ci il tarixində İmişli rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X5 göndərilmiş, icra sənədində olan tələb dərhal təmin edilməmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(036)-177/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) təqdimat təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3989/2013 saylı icra sənədi üzrə borclu X3 ölkədən getmək hüququ icra sənədi üzrə tələb ödənilənədək müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(036)-177/2022 saylı qərardadının ləğv edilməsini və təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci və 84-1-ci maddələrinə istinad etmişdir. Lakin məhkəmə maddi hüquq normalarını pozaraq məcburi icra tədbirlərinin tətbiqi barədə ardıcıllığı pozmuşdur. Belə ki, icra tədbirlərinin ardıcıllığı “İcra haqqında” Qanunun 43.1-ci maddəsində nəzərdə tutulmuşdur. Borclunun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması istinad edilən qanunun 43.1.5-ci maddəsində nəzərdə tutulan “başqa tədbirlər” kateqoriyasına aiddir. Həmin məcburi icra tədbirlərinin tətbiq edilməsinə qədər isə borclu barəsində “İcra haqqında” Qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirləri tətbiq edilməli idi. Bütün bu məcburi icra tədbirləri nəticə vermədiyi halda Qanunun 43.1.5-ci maddəsində nəzərdə tutulan “başqa tədbirlər” tətbiq edilə bilərdi. Lakin borclu barəsində qanunla müəyyən edilmiş məcburi icra tədbirlərinin ardıcıllığı pozulmuşdur. Belə ki, tələb onun mülkiyyətində olan nəqliyyat vasitəsinə yönəldilmədən və həmin nəqliyyat vasitəsi üzərinə həbs qoyularaq satılması təmin edilmədən, borclunun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması barədə qərardad qəbul edilmişdir. Bundan başqa, hazırda borclu işsiz olmasına baxmayaraq, hər ay alimentlə bərabər, yığılmış borcdan da ödəniş edir. Məhkəmə nəzərə almamışdır ki, yığılmış borc məbləği iddiaçı tərəfindən həddindən artıq şişirdilməsinə baxmayaraq, borclu xeyli azaltmışdır. 2021-ci ilin iyul ayına qədər borclu ardıcıl olaraq aliment ödənişi etmiş və yığılmış çeklərin çoxunu icra şöbəsinə təqdim etmişdir. 2021-ci ilin iyun ayında borclu işlərində iflasa uğraması nəticəsində 8-9 ay qədər ödənişdə problemlər yaşamışdır. 2022-ci ilin mart ayından başlayaraq nizamlı olaraq ödənişləri edir. Həmçinin, hazırda işsiz olduğundan xarici ölkəyə getməklə müəyyən qazanc əldə edib aliment ödəyir. Məhkəmə ölkədən çıxmaq hüququnu məhdudlaşdırmaqla borclunu bu qazancdan da məhrum etmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-177/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış, İmişli Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 8(036)-177/2022 saylı qərardadından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-3989/2013 saylı icra sənədi üzrə borclu X8 tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 8(036)-177/2022 saylı, 19 sentyabr 2022-ci il və 23 noyabr 2022-ci tarixli qərardadları ləğv edilməli və təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli, 2(004)-3989/2013 saylı icra vərəqəsinin surətindən görünür ki, 20 aprel 2009-cu il tarixdə anadan olmuş X4, 05 avqust 2010-cu il tarixdə anadan olmuş X6 və 10 noyabr 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X2 hər ay sabit pul məbləği olaraq hər uşağa görə 100 manat, ümumilikdə 300 manat məbləğində aliment tutularaq iddiaçı Tələbkar verilməli, cavabdeh X2 iddiaçı Tələbkar xeyrinə 10 noyabr 2012-ci il tarixdə anadan olmuş X7 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalı, ayda hər uşağa görə 100 manat, cəmi 300 manat məbləğində alimentin tutulması və X7 3 yaşı tamam olanadək hər ay 100 manat məbləğində alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarında olan İmişli rayon İcra və Probasiya şöbəsinin 02 avqust 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-3989/2013 saylı, 13 noyabr 2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan İmişli rayon İcra şöbəsinin X5 ünvanlanmış 02 avqust 2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3989/2013 saylı, 13 noyabr 2013-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi ondan tələb olunmuşdur. Borclu bildirişi 22 avqust 2017-ci ildə almışdır. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş təqdimatda borclunun borclu olduğu dəqiq məbləğ ümumiyyətlə göstərilməmiş, birinci instansiya məhkəməsi isə bu halı araşdırmamışdır. Borclu da Şirvan Apellyasiya Məhkəməsinə vəsatətlə müraciət edərək bildirmişdir ki, aliment borcunun məbləğini müəyyən etmək icra məmurunun vəzifəsi olsa da, icra məmuru təqdimatında borclunun aliment öhdəliyi üzrə qalıq borcunun məbləğini göstərməmiş, birinci instansiya məhkəməsi də qəbul etdiyi qərardadda aliment borcunun məbləğini əks etdirməmişdir. İmişli Rayon Məhkəməsi 23 noyabr 2022-ci il tarixli qərardadında borclunun təxminən 22000 manat borcu qaldığını qeyd etsə də, borc məbləğini dəqiq müəyyən edə bilməmiş, bununla yanaşı, təxmini borcun da hansı qaydada hesablandığını öz qərardadında göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qeyd edilən normadan da göründüyü kimi, borcludun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslandırılmış olmalıdır. Bu maddə baxımından əsaslandırılmış dedikdə, həmin təqdimatın təmin edilməsinin zəruriliyinin nədən ibarət olması, təqdimatın təmin edilməyəcəyi təqdirdə borclunun icra sənədinin icrasından yayınmasının labüdlüyü və digər bu kimi halların sübut olunması başa düşülməlidir. Bu səbəbdən də təqdimata yenidən baxacaq olan birinci instansiya məhkəməsi göstərilən halların araşdırılmasını təmin etməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, borclunun şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 8(036)-177/2022 saylı, 19 sentyabr 2022-ci il və 23 noyabr 2022-ci tarixli qərardadları ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 8(036)-177/2022 saylı, 19 sentyabr 2022-ci il və 23 noyabr 2022-ci tarixli qərardadları ləğv edilsin. İmişli rayon İcra və Probasiya şöbəsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına yenidən baxılması üçün iş İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-1/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-1/2023
30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver