Məhkəmə qərarları › İş №8(106)-10/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-10/2025

12.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-10/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (icra sənədi üzrə borclu) X3 ərizəylə məhkəməyə müraciət edərək, Füzuli Rayon Məhkəməsinin 2(064)-146/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasına möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadı ilə (sədrlik edən hakim Ramiz Nurullayev) ərizə təmin edilməmişdir. Ərizəçi (icra sənədi üzrə borclu) X2 nümayəndəsi və Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil həmin qərardaddan şikayət vermiş və Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadının ləğv edilməsi və şikayət ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi (icra sənədi üzrə borclu) X2 nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Vəkil tərəfindən şikayət onunla əsaslandırılmışdır ki, 06 yanvar 2025-ci il tarixli qərardad qəbul olunduğu vaxt tərəflərin maddi vəziyyətləri, iş üçün əhəmiyyətli olan hallar, borclunun ailəsində heç kəsin işləmədiyi və möhlətin istənilməsində məqsədin maddi vəziyyətin düzəlməsi və bundan sonra qətnamənin icrasına nail olmaqdan ibarət olmasına düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin qərardad qəbul edildiyi vaxt Tahir Həsənovun 69 yaşında olması, məcburi köçkün kimi Beyləqan rayonunda məskunlaşması, maddi vəziyyətinin düzəlməsi üçün çalışması və bundan sonra qətnamənin icrasına nail olmaq kimi məqsədlərinin olması nəzərə alınmamışdır. Beyləqan Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadı ilə (sədrlik edən hakim Ramiz Nurullayev) şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025ci il tarixli, 8(020)-1/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Kollegiya qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsi dedikdə, icra hərəkətlərinin bir müddət olaraq yaranmış zərurətlə bağlı dayandırılması başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin icra müddəti də, ona möhlət verilməsi müddəti də ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Hazırkı ərizədə möhlət verilməsi tələb olunan icra sənədi 07 aprel 2021-ci il tarixdə qəbul edilmiş, hazırda icra mərhələsindədir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən pul tutulması iddiası üzrə icra sənədinə möhlət verilməsini tələb edən ərizəçi maddi vəziyyətinin pis olmasını göstərsə də, borclunun bu müraciəti real deyil, icra sənədinin icrasının yubadılması məqsədi daşıyır, ərizədə göstərilən dəlillər ağlabatan deyil və tələbkarın mənafelərinə zidd olduğundan rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə hesab edir ki, borclunun şikayətinin dəlilləri məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün müstəsna hallar kimi dəyərləndirilə bilməz. Belə ki, ərizəsində qeyd etdiyi hallar ilə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borclu bu cür sübut təqdim etsəydi belə, həmin məbləğin ödənilməsinə möhlət verilməsi və borcun gələcəkdə hissə-hissə ödənilməsi üçün xeyli müddət lazımdır. Bu cür ödəmə üsulu da tələbkarın qanuni mənafelərinə ziddir. Həmçinin məhkəmə qətnaməsinin uzun müddət icra olunmamasına səbəb olacaqdır. Qeyd edilənlər onu göstərir ki, birinci instansiya məhkəməsi qətnamənin icrasına möhlət verilməməsi barədə borclunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən hüquq normalarına düzgün riayət edilmişdir. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 8(020)-1/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar