Məhkəmə qərarları › İş №8(106)-105/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-105/2025

30.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-105/2025 30.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Tələbkar “ödənilməli olan aliment məbləğinin indeksasiyasına dair” ərizəsi üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsinə əsasən qət edilmiş 150 (bir yüz əlli) manat, ümumilikdə, iki uşaq üçün 300 (üç yüz) manat aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadı ilə (Hakim: Orxan Mahmud) ərizənin təmin edilməsi, İmişli Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bundan narazı qalan Borclu İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-64/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özü ağır böyrək xəstəliyindən əziyyət çəkir. Üç dəfə ailə qurmuş, öhdəsində və himayəsində 2 övladı vardır. Heç yerdə işləmir, başqa yerdən qazancı yoxdur. Hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadı əsassız olduğundan ləğv olunmalıdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadını ləğv edərək sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, əks təqdirdə, şikayətinin işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-64/2025 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(036)-62/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətin rədd edilməsi, İmişli Rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli, 8(036)-62/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4- 2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2019-cu ilin mart ayından etibarən ölkə üzrə minimum əmək haqqı 180 manat müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 180 manat olmasını və İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsi ilə bir uşağa görə 150 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (150:180=0,83) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-1101/2019 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 150 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,83 misli həddində indeksasiya olunması barədə mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-62/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar