Məhkəmə qərarları › İş №8(106)-107/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-107/2024

25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-107/2024 25.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadından Borclu1 nümayəndəsi və vəkili X1 verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinə əsasən Borclu1 və Borclu2 “Tələbkar” ASC-nin xeyrinə ümumilikdə 12422,24 manat məbləğində pul vəsaitinin tutulması qeyd edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra sənədinin geri qaytarılması qərara alınmışdır. Tələbkar “Tələbkar” ASC həmin qərardan şikayət vermişdir. Qərardan şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru Xəqani Əzimov borcluların ünvanına baxış keçirdiyini, lakin həmin ünvanda zəruri ev əşyalarından və avadanlıqlardan başqa borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilmədiyini, bu barədə müvafiq aktın tərtib edildiyini, həmçinin “Elektron icra” informasiya sistemi vasitəsi ilə aparılmış icra hərəkətləri nəticəsində borcluların tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərinin aşkar edilmədiyini əsas gətirərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması barədə qərar qəbul etmişdir. Lakin həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, icra məmuru tərəfindən borcluların yaşadığı ünvana baxış keçirilərkən tələbkar tərəf olaraq Bankın nümayəndəsinin iştirakı təmin edilməmiş və müvafiq akt tələbkarın iştirakı olmadan tərtib edilmişdir. Həmçinin “Elektron icra” informasiya sistemində göstərilən “məlumat yoxdur” ifadəsi, həmin halın olub-olmamasını sübuta yetirmir. Bununla yanaşı əldə etdikləri mövcud məlumata əsasən borcluların hazırda iş yeri mövcuddur. Lakin icra məmuru İcra haqqında Qanunun tələbinə əsasən ciddi şəkildə araşdırma aparmadan sadəcə sistemdə qeyd edilən halı əsas gətirərək belə qənaətə gəlmişdir ki, guya borcluların mülkiyyətində heç bir əmlak olmamaqla yanaşı, həmçinin çalışdığı müəssisə belə mövcud deyildir. Bu hal onu göstərir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinin tələblərinə uyğun heç bir tədbir görməmiş, mötəbər faktlar və sübutlar göstərmədən ümumi məlumatlar üzrə əsassız qərar çıxarmışdır. Bundan başqa, icra məmuru elektron icra sistemindən çıxarışa əsaslanaraq borclunun əmlak vəziyyətinin araşdırıldığı qənaətinə gəlsə də, nəzərə almamışdır ki, borclunun rəsmi reyestr qeydiyyatı tələb edilməyən əmlakları da ola bilər. Göründüyü kimi, icra məmuru icra sənədini geri qaytararkən iş üzrə tam araşdırma aparmadan, müvafiq sorğular vermədən icra sənədinin icra edilmədən geri qaytarılması barədə qərar qəbul etmişdir. Bu hal öz-özlüyündə bankın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadı ilə şikayət təmin edilmiş, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019cu il tarixli, 8İ-12584 saylı icra qeydinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinin yenidən icraya yönəldilməsi, qərardadın icrasının yenidən icraya yönəldilməsi hissəsində Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisinə və qalan hissədə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadından Borclu1 nümayəndəsi və vəkili X2 şikayət verərək, həmin qərardadın ləğv edilməsini və tələbkarın şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qərardaddan şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün əsaslandırmamış, əsassız olaraq Sabirabad rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinin geri qaytarılması barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. İcra qurumu tərəfindən əsaslı olaraq icra sənədi geri qaytarılmışdır. Belə olan halda məhkəmə tərəfindən icra qurumunun qərarının ləğv edilməsi əsassız olmuşdur. Eyni zamanda, işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müvafiq prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, borclu tərəfin iştirakı qanunsuz olaraq təmin edilməmişdir. Bu isə hazırki iş üzrə Sabirabad Rayon Məhkəməsinin qərardadının ləğvi üçün birbaşa əsasdır. Sabirabad Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci mаddəsinə əsаsən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Həmin Məcəllənin 397.1-ci mаddəsinə əsаsən, bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatlarından borclulara məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş borc məbləğinin tutularaq tələbkar təşkilata köçürülməsi mümkün olmamışdır. Bu səbəbdən də, icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən Sabirabad regional “Asan xidmət” mərkəzində notariat ofisinə qaytarılmışdır. Elektron Məhkəmə Sisteminə keçirilmiş baxışın nəticəsi olaraq müəyyən olunmuşdur ki, borclulardan Borclu1 rəsmi iş yerinə və aylıq əmək haqqına malikdir. Buradan da aydın olur ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov qeyd olunan iş üzrə ətraflı araşdırma aparmamış, borcluların əmlak və gəlir vəziyyəti tam yoxlamamış, borclulara məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşkar edilməməsi barədə hər hansı bir sübutu icra işi materiallarına əlavə etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi icra məmurunun qərarını ləğv edərək yenidən icraya yönəldilmə nəticəsinə gələrkən haqlı olmuşdur. Belə ki “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Yuxarıdakı qeyd edilən qanunun normalarının məzmunundan da görünür ki, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda icra sənədi qaytarılır. Məhkəmə tərkibi qeyd edir ki, Sabirabad regional “ASAN xidmət” mərkəzi Notariat kontoru ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 8İ-12584 saylı icra qeydinə əsasən Borclu1 və Borclu2 “Tələbkar” ASC-nin xeyrinə ümumilikdə 12422,24 manat məbləğində pul vəsaitinin tutulması qeyd edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindəki şəxsin “gəlir məlumatları” bölməsindən edilmiş çıxarışdan (səh.37) müəyyən edilir ki, Borclu1 "xxxx" MMC-də sürücü, yükdaşıyan vəzifəsində işləyir və aylıq əməkhaqqı 350 manat təşkil edir. Göründüyü kimi icra qeydi əsasıda tələbkarın xeyrinə borclulardan tutulmalı olan pul mənləği ilə bağlı icra sənədinin icrasının təmini üsulu kimi borcun borclunun aylıq gəlirinə yönəltməklə icra qeydinin icrasını təmin etmək mümkündür. İcra məmuru isə borclunun müstəqil aylıq gəlirinin olmasına diqqət yetirməyərək icra sənədini əsassız şəkildə geri qaytarmış, lakin həmin qərardan tələbkar tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsi tərəfindən haqlı şəkildə təmin edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, borclunun qərardaddan şikayətində istinad etdiyi hallar formal mülahizələrdən ibarətdir və həmin hallar birinci instansiya məhkəməsinin qanuni qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi

qərara aldı:

Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadından Borclu1 nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 8(056)-188/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar