Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-107/2025 24.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Ağcabədi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Borclu Quliyev X1 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəsini dəqiqləşdirərək verdiyi izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)- 1266/2024 nömrəli qətnaməsi ilə ondan (Borclu) dövlət rüsumu ilə birlikdə 9688 manat məbləğində pulun alınaraq Tələbkar verilməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmiş borcu bir dəfəyə ödəmək üçün heç cür maddi imkanı yoxdur. Qətnamə ilə razılaşmış, keçən müddət ərzində çətinliklə də olsa poçt vasitəsilə borcundan 200 manat ödəniş etmişdir. Qətnamənin icrasından boyun qaçırmır. Ona görə də tələbkara olan borcundan hər ay hissə-hissə 70 manat ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahat verərək göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinə əsasən Borclu ümumilikdə 9688 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Bu gün üçün həmin puldan borclu ona heç bir ödəniş etməmişdir. Borclu istəsə həmin pulu ödəyə bilər. Arpa əkib, satıb pulunu götürüb, amma ona heç bir ödəniş etməmişdir. Onun pulunun borcludan bir dəfəyə alınıb verilməsini xahiş etdi. Ağcabədi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadı ilə, Borclu ərizəsi qismən təmin edilərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunması üçün hər ay borc məbləği tam ödənilənədək Borclu 500 manat alınıb Tələbkar verilməsi qərara alınmışdır. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadının ləğv olunmasını və hər ay 70 manat pulun alınaraq tələbkara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadı ilə, şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Astara rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 8(018)-86/2024 saylı qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilən şikayət qismən təmin edilərək, qərardad ləğv edilməklə aşağıda qeyd edilən hallara hüquqi qiymət verilməsi üçün iş materialları Astara Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə ərizənin qismən təmin edilməsini borclu tərəfindən bu günə qədər ödənişlərin həyata keçirilə bilməməsi, bunun nəticəsində də hissə-hissə ödənilərsə qətnamənin icra olunmasının mümkün olması ilə əlaqələndirmişdir. Nəticədə məhkəmə Borclu hər ay 500 manat alınıb Tələbkar verilməsi qənaətinə gəlmişdir. Borclu şikayət verərək qərardadının ləğv edilməsini, ödənişlərin aylıq 70 manat müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1997-ci il tarixli 2 saylı qərarının 14-cü bəndinə əsasən qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissəhissə icra edilməsi müstəsna hal olub iş üzrə qətnamə çıxarmış məhkəmə tərəfindən borclunun ağır əmlak vəziyyəti və yaxud qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsi və yaxud onun icrasının hissə-hissə həyata keçirilməsi məsələsi həll edildikdə məhkəmə tələbkarın mənafeyini də nəzərə almalıdır. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Kollegiya qeyd edir ki, hazırkı işdə Borclu ərizə ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(017)-1266/2024 nömrəli qətnaməsinin hissə-hissə icra olunmasını və tutulan məbləğin aldığı pensiya həddində, yəni 220 manat puldan tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə ərizəni qismən təmin edərək, tutulan məbləği hər ay 500 manat həddində müəyyən etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi ərizə üzrə işə baxaraq yekun nəticəyə gələrkən MPM-in 218.3-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi məhkəmə irəli sürülən tələb həddində işə baxa bilər. Ona görə də birinci instansiya məhkəməsi borclunun irəli sürdüyü tələb həddində, yəni aylıq 220 manat və ya ondan daha az məbləğ (apelyasiya şikayətində 70 manat qeyd etmişdir) tutulmaqla qətnamənin hissə-hissə olunmasının mümkünlüyü məsələsini araşdırmalı və bu zaman mütləq şəkildə tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, məhkəmə tələbkarın pulunun qaytarılması barədə müvafiq icra sənədinin icraya yönəldilməsindən sonra borclu tərəfindən hər hansı məbləğin ödənilib-ödənilməməsini, eyni zamanda borclunun icra sənədinin hissə-hissə icra olunmasını tələb etdiyi məbləğin tələbkarın mənafelərinə zərər vurub-vurmayacağını araşdırmalıdır. Belə ki, icra sənədinin hissə-hissə icrası, onun bir neçə ildə icra olunmasını şərtləndirirsə, bu halda icra sənədi tələbkar üçün əhəmiyyətini itirmiş olur və tələbkarın hüquqlarının səmərəsiz müdafiəsinə gətirib çıxarır. İcra sənədinin bu cür icrası tələbkarın hüquqlarının davamlı olaraq pozulmasına səbəb olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Beləliklə kollegiya hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadı ləğv edilərək hazırki qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün iş materialları Ağcabədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(017)-89/2025 nömrəli qərardadı ləğv edilsin. İş materialı qərardadla müəyyən edilmiş məsələlərə yenidən baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(106)-107/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-107/2025
24.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver