Məhkəmə qərarları › İş №8(106)-11/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-11/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-11/2024 01.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 8(056)-248/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadından tələbkar Babaşova Samirə Akif qızı tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Babaşova Samirə Akif qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aydın İsmayılov tərəfindən qəbul edilmiş 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsinin geri qaytarılması barədə 28 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarla Sabirabad Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsi Sabirabad Rayon Məhkəməsinə geri qaytarılmışdır. Qərarı rəsmi olaraq 17 oktyabr 2023-cü ildə almışdır. Qərarla tanış olaraq bildirir ki, əsassızdır. Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1028/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclula ona aid rəsmi nikah pozulmuş, 05 iyul 2012-ci ildə anadan olmuş Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü ildə anadan olmuş Babaşov Mirzəkişi Baris oğlunun cavabdeh Borclu alınaraq ona – Babaşova Samirə Akif qızına verilməsi, 05 iyul 2012-ci ildə anadan olmuş Babaşova Elmira Baris qızının və 27 avqust 2014-cü ildə anadan olmuş Babaşov Mirzəkişi Baris oğlunun xeyrinə cavabdeh Borclu hər ay hər bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin bu qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Keçən 2 il müddətdə qətnamə icra olunmamışdır. Borclunun qətnaməni icra etməsindən boyun qaçırması barəsində qanunvericilikdə nəzərdə tutulan cinayət məsuliyyət tədbirləri görülməmişdir. Məhkəmələr iddianı təmin edərkən “Uşaq hüquqları haqqında” Konvensiyanın maddələrinin tələblərinə tam əməl etmiş və bu, aparılan məhkəmə təcrübəsinin vahidliyi islahatları zamanı Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən təsdiq edilmişdir. Belə olan halda icra sənədinin icra edilmədən geri qaytarılması məhkəmə qətnamələrinin nüfuzuna zərər vurur. Hesab edir ki, icra məmuru tərəfindən qərarda göstərilənlərin heç bir hüquqi əsası yoxdur. İcra məmurunun icra sənədinin qaytarılması üçün göstərdikləri tamamilə əsassızdır. İcra sənədinin qaytarılması “İcra haqqında” Qanunun 74-cü maddəsinin tələblərinə uyğun deyil. Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” 28 avqust 2023-cü il tarixli qərarından icra sənədi üzrə tələbkar Babaşova Samirə Akif qızı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadından narazı qalan tələbkar Babaşova Samirə Akif qızı şikayət vermiş, şikayətində həmin qərardadın ləğv olunmasını və Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aydın İsmayılov tərəfindən qəbul edilmiş 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsinin geri qaytarılması barədə 28 avqust 2023cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru Aydın İsmayılov tərəfindən qəbul edilmiş 28 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Sabirabad Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)- 248/2023 saylı qərardadından icra sənədi üzrə tələbkar Babaşova Samirə Akif qızının verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə surəti olan Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması barədə 28 avqust 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsinə əsasən Babaşova Samirə Akif qızı ilə Borclu arasında Sabirabad rayon Qasımbəyli kənd icra nümayəndəliyində 12 oktyabr 2011-ci il tarixdə bağlanmış və 40 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalı, 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu ataları Borclu alınıb Babaşova Samirə Akif qızına verilməli və uşaqlar analarının yanında və himayəsində qalmalı, 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun yetkinlik yaşına çatanadək saxanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, ümumilikdə 2 uşaq üçün 260 manat sabit pul məbləğində aliment Borclu tutulub Babaşova Samirə Akif qızına verilməli, alimentin tutulması uşaqların Borclu alınıb anaları Babaşova Samirə Akif qızına verildiyi gündən hesablanmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün 03 sentyabr 2021-ci ildə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, Aydın İsmayılov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası dəfələrlə təyin edilmiş, icra zamanı tərəflər və ekspert komissiyasının iştirakı təmin edilmiş, lakin 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlu ilə istər fərdi, istərsə də komissiya üzvlərinin iştirakı ilə aparılan profilaktiki-izahat işlərinə baxmayaraq, onlar qəti surətdə anaları Babaşova Samirə Akif qızına getmək istəməmişlər. Bu barədə müvafiq aktlar tərtib edilmiş və icra prosesi zamanı iştirak etmiş iştirakçılar tərəfindən imzalanmışdır. İcra sənədinin icrası zamanı iştirakı təmin edilmiş Sabirabad RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının və Sabirabad rayon Təhsil şöbəsinin nümayəndəsinin rəyinə əsasən 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun hazırkı və gələcək psixoloji vəziyyətini nəzərə alaraq onların məcburi qaydada anaları Babaşova Samirə Akif qızına verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş tələbin icrası mümkün olmamışdır. Qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə istinad edilməklə əsaslandırılmışdır. İşdə surəti olan Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması barədə 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin qərarla Sabirabad Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsinin icrası mümkün olmadığından Sabirabad Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İşdəki 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı Sabirabad Rayon Məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Nümayəndə tələbkarın şikayət ərizəsinin məzmununa uyğun çıxış etmişdir. İşdəki 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı Sabirabad Rayon Məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Sabirabad rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi icra məmuru X2 çıxış edərək bildirmişdir ki, icra vərəqəsinin icrası ilə bağlı icra günü dəfələrlə təyin edilmiş, icra zamanı tərəflər və ekspert komissiyasının iştirakı təmin edilmiş, lakin uşaqlarla istər fərdi, istərsə də komissiya üzvlərinin iştirakı ilə aparılan profilaktiki-izahat işlərinə baxmayaraq, onlar qəti olaraq anaları Babaşova Samirə Akif qızına getmək istəməmişlər. Bu barədə müvafiq aktlar tərtib edilmiş və icra prosesi zamanı iştirak etmiş iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, icra sənədinin icrası zamanı iştirakı təmin edilmiş Sabirabad RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının və Sabirabad rayon Təhsil şöbəsinin nümayəndəsinin rəyinə əsasən uşaqların hazırkı və gələcək psixoloji vəziyyətini nəzərə alaraq onların məcburi qaydada anaları Babaşova Samirə Akif qızına verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Ona görə də hesab edir ki, “icra sənədinin qaytarılması barədə” 28 avqust 2023-cü il tarixli qərar əsaslıdır və bu səbəbdən şikayətin təmin edilməməsini xahiş edir. İşdəki 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı Sabirabad Rayon Məhkəməsində məhkəmə baxışı iclasının protokolundan görünür ki, həmin məhkəmə iclasında iştirak edən Borclu çıxış edərək bildirmişdir ki, icra məmurunun da qeyd etdiyi kimi, icra sənədi üzrə dəfələrlə icra təyin olunmuş, lakin heç birində icra hərəkəti baş tutmamışdır. Belə ki, uşaqlar tələbkara getmək istəmirlər. Artıq bu məsələ uşaqların psixoloji durumuna ciddi təsir edir. Belə ki, onlar icra işi ilə bağlı mütəmadi olaraq Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirilirlər. Orada onlar gərgin və narahat anlar yaşayırlar. Uşaqlar icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı təhsildən yayınırlar. Bütün bu məsələlər qeyd etdiyi kimi uşaqlara pis təsir bağışlayır. Bütün bunlar şikayətin əsassız olduğuna dəlalət edir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadından görünür ki, xx.xx.2022-ci ilə, xx.xx.2023-cü ilə, xx.xx.2023-cü ilə təyin edilmiş icra sənədinin icrası ilə əlaqədar proseslər zamanı tərəflər və komissiya üzvləri iştirak etmiş, uşaqlarla profilaktiki söhbətlər aparılmasına baxmayaraq onlar anaları ilə getməkdən imtina etmiş, bu barədə qeyd edilən tarixdə aktlar tərtib edilərək icra məmuru, tərəflər və komissiya üzvləri tərəfindən imzalanmışdır. İş materiallarından da göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(056)-1028/2021 saylı icra vərəqəsinin icra edilməməsində Borclu hər hansı təqsiri olmamış, o, təyin edilən tarixlərdə uşaqların Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirilməsini təmin etmiş, lakin uşaqlar anaları olan tələbkar Samirə Babaşova ilə getmək istəməmişlər. Belə olan halda isə Borclu barəsində hər hansı məsuliyyət tədbiri tətbiq oluna bilməz və bu barədə tələbkarın şikayətinin dəlili əsassızdır. Tələbkar öz şikayətində Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş icra sənədinin qaytarılması barədə 28 avqust 2023-cü il tarixli qərarın “İcra haqqında” Qanunun 74-cü maddəsinin tələblərinə uyğun olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası həmin hissədə tələbkarın əslində “İcra haqqında” Qanunun 74-cü maddəsinə deyil, 70.4-cü maddəsinə istinad etmək istədiyini nəzərə alır. Belə ki, “İcra haqqında” Qanunun “Borcludan tutulmuş borc məbləğinin bölüşdürülməsi” adlı 74-cü maddəsinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, 3 dəfə icra sənədinin icrası üçün vaxt təyin edilsə də, uşaqlar hər dəfə tələbkar olan anaları ilə getmək istəməmiş, icra sənədinin icrası zamanı iştirakı təmin edilmiş Sabirabad RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının və Sabirabad rayon Təhsil şöbəsinin nümayəndəsinin rəylərinə əsasən 05 iyul 2012-ci il təvəllüdlü Babaşova Elmira Baris qızı və 27 avqust 2014-cü il təvəllüdlü Babaşov Mirzəkişi Baris oğlunun hazırkı və gələcək psixoloji vəziyyəti nəzərə alınaraq onların məcburi qaydada anaları Babaşova Samirə Akif qızına verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qeyd edilənlər icra sənədinin icrasının mümkünsüz olması qənaətinə gəlməyə əsas verir. Bundan əlavə, icra məmurunun “icra sənədinin qaytarılması barədə” 28 avqust 2023-cü il tarixli qərarı Sabirabad rayon İcra və Probasiya şöbəsinin rəisi Dəyanət Lətifov tərəfindən də yoxlanılaraq təsdiq olunmuşdur. Göründüyü kimi, “icra sənədinin qaytarılması barədə” 28 avqust 2023-cü il tarixli qərar “İcra haqqında” Qanunun 70.4-cü maddəsinin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Sabirabad Rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, məhkəmənin 8(056)-248/2023 saylı, 05 dekabr 2023-cü il tarixli qərardadı qanuni və əsaslı olmuşdur. Ona görə də tələbkar tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar Babaşova Samirə Akif qızı tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 8(056)-248/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar