Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-12/2025 17.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Cavabdeh icra məmuru X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ilə Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-969/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikiasının Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar "xxxx" ASC xx.xx.2024-cü il tarixdə həmin qərardan məhkəməyə şikayət verərək, icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023- ci il tarixli, e-2(071)-969/2023 saylı qətnaməsinə əsasən cavabdeh X2 "xxxx" ASC-nin xeyrinə, cəmi 5489,85 manat məbləğində kredit borcunun və 74,90 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Cavabdehnə göndərilmişdir. Qeyd olunan icra sənədinin icraata qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh X3 icra sənədi üzrə tələbi təmin etməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli qərarına əsasən Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(071)-969/2023 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar "xxxx" ASC-nin şikayəti təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-969/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Cavabdeh icra məmuru X1 “icra sənədinin geri qaytarılması” barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Cavabdeh rəisi X4 xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, xx.xx.2025- ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, (təqdim edilən sənədlərə əsasən) şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh rəisi X4 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)- 3/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 49.2-ci maddəsinə görə fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə müvafiq icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.2-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Kollegiya qeyd edir ki, iş materiallarında olan borclunun əmlak vəziyyətinin araşdırılması ilə bağlı tərtib edilmiş aktlar əsaslandırılmamış, borclunun əmlakının olub-olmamasının araşdırılması «Elektron icra» informası sistemi ilə məhdudlaşmış, borclunun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün mümkün icra tədbirlərin nəticə verməməsi müəyyən olunmamışdır. Göründüyü kimi icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd edilmiş prosedur tələbləri tam yerinə yetirmədən “icra sənədinin geri qaytarılması” barədə qərar qəbul etmişdir. İcra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarı, həm qanuni, həm də faktiki əsaslardan məhrum olduğuna görə, tələbkarın qanuni mənafeyinə ziddir. Yuxarıda qeyd edildiyi kimi qanunvericilik icra sənədlərinin geri qaytarılması məsələsində konkret şərtlərin mövcudluğunu nəzərdə tutur. Cari hallarda isə belə şərtlərin yerinə yetirilməsinin sübut olunmadığı halda, icra sənədinin geri qaytarılması qərarı qanuni əsaslardan məhrum olur. İcra prosesində qərar qəbul edilərkən hər iki tərəfin – xüsusilə tələbkarın – qanuni mənafeyinin qorunması əsas prinsipdir. Qərarın verilməsi zamanı tələbkarın hüquqları nəzərə alınmayaraq, icra sənədinin geri qaytarılması onun qanuni müdafiə olunmasına mane olur. İcra sənədinin geri qaytarılması barədə icra məmurunun qərarı hüquqi əsaslardan məhrum olduğu kimi, tələbkarın qanuni mənafeyinə də ziddir. Buna görə də, belə qərarın ləğv edilməsi və tələbkarın hüquqlarının bərpası üçün müvafiq tədbirlərin görülməsi tələb olunur. Ona görə də məhkəmə kollegiyası bildirir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olduğundan Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Beləliklə, konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrasını səmərəli şəkildə təmin etməlidir. Buna görə də, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh rəisi X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 8(071)-3/2025 saylı, 08 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-12/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-12/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver