Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-121/2025 28.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən, məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İmişli Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadından Borclu (nümayəndəsi X1) tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-2102/2017 saylı qətnaməsinə əsasən qət edilmiş 100 (bir yüz) manat alimentin məbləğinin hər uşaq üçün hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.86 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 2(036)-2102/2017 nömrəli qətnaməsinə əsasən 15 avqust 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 100 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda qət edilmiş aliment məbləğinin indeksasiya olunması zəruridir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-2-ci bəndində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada artırılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasmm yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndiyi nəzərə alınmalıdır. 10 mart 2017-ci il tarixli 2(036)-2102/2017 saylı qətnamə ilə uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir ki, bu da 2017-ci il üzrə müəyyən edilmiş 116 manat minimum əmək haqqı məbləğinin 0.86 mislini təşkil edir. Hazırda 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olmasını nəzərə alınsa, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.86 misli həddində indeksasiya olunmalıdır. (400 x 0.86 = 344 manat). İmişli Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(036)-2102/2017 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün tutulan 100 manat sabit pul məbləğində aliment məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bundan narazı qalan Borclu (nümayəndəsi X1) İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözü gedən qərardadla razı deyildir. Məhkəmə işi düzgün araşdırmamış qanunsuz qərardad qəbul etmişdir. O, heç bir yerdə işləmir. Yaşayış minumumu haqqında qanuna görə 2025-ci ildə bir uşağın saxlanması üçün yaşayış minimumu 246 manat müəyyən edilsədə məhkəmə heç bir araşdırma aparmadan yüksək məbləğdə aliment (344 manat) müəyyən etmişdir. Qanunvericiliyin tələblərinə görə uşağı saxlamaq hər iki valideynin borcudur. Ona görədə qarşı tərəfdə uşağın saxlanılması üçün maddi vəsait sərf etməlidir. Belə ki, onun maddi vəziyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamışdır. Bütün yuxarıda göstərilən faktlardan bir daha aydın olur ki, mübahisəli məsələyə baxmış məhkəmə qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-75/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 8(036)-75/2025 nömrəli qərardadından Borclu nümayəndəsi X1 tərəfindən verilmiş şikayət rədd edilmiş, İmişli Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 8(036)-75/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İmişli Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(036)-2102/2017 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə tərkibi gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4- 2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2017-cü ildə ölkə üzrə minimum əmək haqqı 116 manat müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 116 manat olmasını və İmişli Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(036)-2102/2017 saylı qətnaməsi ilə bir uşağa görə 100 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (100:116=0,86) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin İmişli Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 2(036)-2102/2017 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 100 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində indeksasiya olunması barədə mövqeyi qanuni və əsaslıdır. Məhkəmə tərkibi onu da qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Bu baxımdan, Borclu alimentin azaldılması ilə bağlı ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Borclu (nümayəndəsi X1) tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Borclu (nümayəndəsi X1) tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-75/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-121/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-121/2025
28.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver