Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-127/2025 26.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsinin cavabdeh Borclu xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Tələbkar verilməsi hissəsində pul məbləğinin indeksasiya olunaraq minumum əmək haqqının 0,80 misli həddində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı övladı vardır. Nikaha daxil olduqdan xeyli müddət sonra ailə münasibətləri pozulmuş və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsinə əsasən Borclu ilə Bərdə rayon Mehdixanlı kənd icra nümayəndəliyində xx.xx.2011-ci il tarixdə, 32 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 onun (ananın) himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-ci il tarixdən başlayaraq Borclu hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsinin qəbul edildiyi vaxtdan 12 il müddət keçmişdir. Bu müddət ərzində zəruri gündəlik tələbat mallarının, ərzaq məhsullarının və xidmətlərin qiymətində əhəmiyyətli artım, bəzilərində isə hətta 50%-dən çox bahalaşma olmuşdur. Hazırda 2013-cü illə müqayisədə 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı məbləğinin 116 manatdan artaraq 400 manat olması ilə əlaqədar Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməsinə, yəni onun sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,80 misli həddində sabit pul məbləğində müəyyən edilməsinə zərurət vardır. Belə ki, ölkə üzrə 2013-cü ildə minumum əmək haqqı 116 manat idisə, 2025-ci ildə ölkə üzrə minimum əmək haqqı 400 manatdır və sonrakı illərdə də ölkə üzrə minimum əməkhaqqı məbləğinin artması gözləniləndir. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadı ilə ərizə təmin olunmuş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Borclu tutularaq tələbkar Bəndəliyeva (Abdullayeva) Ruxşanə Aqil qızına ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya edilmiş, alimentin tutulmasının qərardad qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Hacıqabul Rayon Məhkəməsinə həmin qərardaddan Borclu tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisələndirilən qərardadın əsaslandırıcı hissəsində gəldiyi nəticənin hüquqiliyini təşkil edən əsas sənəd kimi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 saylı qətnaməsinə istinad etmişdir. Məhkəmənin istinad etdiyi sözügedən həmin qətnamə üzrə 2013-cü ildə olan minimum əmək haqqı məbləğinin 113 manat olması, indi isə 2025-ci ildə 400 manat olması və qiymətlərin 50% dərəcəsindən də artıq bahalaşmasını qeyd etmişdir. Lakin məhkəmə qərar qəbul edərkən onun ailəli olmasını, ikinci övladının olmasını, özünün kirayədə yaşamağını və bütün bunlarla bərabər 650 manat əmək haqqı almağını qeyd etməmiş və aldığı 650 manat əmək haqqının ölkə üzrə hazırki minimum əmək haqqı məbləği olan 400 manatın 0,88 misli həddində alimentin tutulub, yəni 352 manat məbləğin tutularaq (tələbkar) Bəndəliyeva (Abdullayeva) Ruxşanə Aqil qızına ödəniləcəyi halda onun, arvadının, digər övladının nə ilə dolanacağını, kirayə yaşadığı evin pulunu necə ödəyəcəyini, nə yeyib-içəcəyini nəzərə almamışdır. Qeyd olunan halların nəzərə alınmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadı ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 qətnaməsinə əsasən təyin edilmiş alimentin indeksasiya olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2-ci yarımbəndi əlavə edilmişdir. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.4- 2-ci yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən 2013-cü ilin sentyabr ayından etibarən ölkə üzrə minimum əmək haqqı 105 manat müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə çıxarılan dövr üçün minimum əmək haqqının 105 manat olmasını və Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(071)-284/2013 qətnaməsi ilə bir uşağa görə 93 manat məbləğində olmasını nəzərə alaraq, alimentin indeksasiyasını (93:105=0,88) minimum əmək haqqına uyğun olaraq hesablamış və yeni minimum əmək haqqına uyğun olaraq sonrakı artımları da nəzərə almışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qətnaməsinə əsasən bir uşaq üçün tutulan 93 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması barədə mövqeyi qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(071)-66/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayətçi Borclu izah olunur ki, alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-127/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-127/2025
26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver