Məhkəmə qərarları › İş №8(106)-133/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-133/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-133/2025 04.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)-180/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya edilməklə Borclu xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 həddində hər uşaq üçün hər ay sabit pul məbləğində alimentin tutularaq ona verilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)-180/2025 saylı (Hakim: Səlim Allahverdiyev) qərardadı ilə, ərizənin qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Borclu hər ay hər uşaq üçün tutulması qət edilmiş 150 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, Borclu xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu tərəfindən şikayət verilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)- 180/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 267.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 269.1-ci maddəsinə əsasən Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-cü maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Borclu tərəfindən Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)-180/2025 saylı qərardadından şikayət verildikdən sonra məhkəmə həmin şikayətə baxmamış və bu haqda müvafiq qərardad qəbul etmədən iş materiallarına baxılması üçün məhkəməyə göndərmişdir. Kollegiya hesab edir ki, qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımından Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)- 180/2025 saylı qərardadından Borclu tərəfindən verilən şikayətə hüquqi qiymət verilməsi üçün iş materialları Sabirabad Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 8(056)-180/2025 saylı qərardadından Borclu tərəfindən verilən şikayətə hüquqi qiymət verilməsi üçün iş materialları Sabirabad Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar