Məhkəmə qərarları › İş №8(106)-136/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-136/2025

12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-136/2025 12.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" MMC-nin icraçı direktoru Mahir Aslanov ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X1 “icra sənədinin qaytarılması” barədə xx.xx.2025-ci il tarixli qərarının ləğv edilərək, icra sənədinin zəruri icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə geri göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadı ilə Biləsuvar Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elvin Nəsirovun icra sənədinin qaytarılması haqqında 13 iyun 2025-ci il tarixli qərarından tələbkar "xxxx"MMC-nin icraçı direktoru Mahir Aslanov tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Tələbkar "xxxx" MMC-nin icraçı direktoru Mahir Aslanov şikayət verərək Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadından "xxxx" MMC-nin icraçı direktoru X2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması, Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2(022)-112/2025 saylı qərardadından "xxxx" MMC-nin icraçı direktoru X2 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Ərizə və iş materiallarının məzmunundan görünür ki, tələbkar "xxxx" MMC xx.xx.2025-ci il tarixli şikayətlə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elvin Nəsirovun xx.xx.2025-ci il tarixli “icra sənədinin məhkəməyə geri qaytarılması” barədə qərarının ləğvini və icra sənədinin zəruri icra hərəkətlərinin yerinə yetirilməsi üçün icra orqanına göndərilməsini xahiş edib. Birinci instansiya məhkəməsi xx.xx.2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadı ilə şikayəti təmin etməmiş, xx.xx.2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadla həmin nəticəni dəyişdirmədən saxlayaraq materialları apellyasiya instansiyasına göndərmişdir. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi “İcra haqqında” Qanunun 7-ci, 23.1.3-cü, 26-cı və 29.1-ci maddələrinin tətbiqi baxımından işin hüquqi və faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, nəticədə şikayət üzrə vacib hüquqi əhəmiyyətli hallara qiymət verilmədən şikayətin təmin edilməməsi barədə qərardad çıxarılmışdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə görə, tələbkar və borclu icra məmurunun qərarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdirlər; həmin şikayətlər üzrə məhkəmə nəzarəti isə 26-cı maddəyə əsasən məhkəmənin və icra orqanının rəhbərinin səlahiyyətlərinə daxildir. Bu o deməkdir ki, məhkəmə şikayətə baxarkən icra məmurunun mübahisələndirilən qərarının hüquqiliyini və əsaslılığını yalnız formal yoxlama ilə kifayətlənmədən, faktiki tədbirlərin görülüb-görülməməsini və onların yetərliliyini də yoxlamalıdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin e-2(022)-354/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra məmuru Elvin Nəsirov tərəfindən xx.xx.2025-ci ildə “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə (borcluda tələbin yönəldilə biləcəyi əmlak və ya gəlir aşkar edilmədikdə və görülmüş bütün axtarış tədbirləri nəticəsiz qaldıqda) əsasən məhkəməyə geri qaytarılmışdır. Sonradan Biləsuvar Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qərarı ilə həmin icra sənədini yenidən Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə göndərmiş, lakin bu göndərişdən sonra həmin şöbənin digər icra məmuru Şəfiqə İbrahimova xx.xx.2025-ci ildə “İcra haqqında” Qanunun 7-ci maddəsinə (icra sənədinin tələblərinə dair forma-məzmun şərtləri) uyğun olmaması əsasına istinadla icraat başlanılmadan icra sənədini məhkəməyə geri qaytarmışdır. Bu ardıcıllıq bir neçə hüquqi ziddiyyəti üzə çıxarır ki, birinci instansiya məhkəməsi icra işi üzrə bu halları araşdırmamışdır: Əvvəla, Qanunun 23.1.3-ci maddəsinə istinad edilən xx.xx.2025-ci il tarixli geri qaytarma qərarı mahiyyətcə icraatın qəbul edildiyini, borclunun əmlak və gəlirlərinin axtarışı üzrə “bütün zəruri tədbirlərin” həyata keçirildiyini və nəticəsiz qaldığını fərz edir. Belə olduqda icra məmuru qərarında (və icra materiallarında) faktiki görülmüş tədbirləri – borclunun daşınar və daşınmaz əmlakı üzrə sorğular, bank və digər kredit təşkilatlarına, vergi orqanına, dövlət reyestrlərinə, sığorta və digər informasiya bazalarına sorğular; borclunun yaşayış yeri və iş yeri üzrə aktlaşdırma; məhdudlaşdırma, siyahıyaalma və həbs tədbirləri; bildiriş və tələblərin göndərilməsi və s. – konkret və sübutlarla göstərməlidir. Tələbkarın iddialarından görünür ki, borclunun əmlakı siyahıya alınmamış, üzərinə həbs qoyulmamış, ümumən bu tədbirlərin aparılıb-aparılnaması sübut olunmamışdır. Birinci instansiya məhkəməsi bu sübutetmə yükünü icra orqanından tələb etməmiş, icra materiallarını tam həcmdə cəlb etməmiş və 23.1.3-ün şərtlərinin həqiqətən də mövcud olubolmadığını yoxlamamışdır. İkincisi, əgər xx.xx.2025-ci il tarixli məhkəmə qərarı ilə icra sənədi yenidən icra orqanına göndərilmişdisə, həmin qərarın hüquqi nəticəsi baxımından xx.xx.2025-ci il tarixli geri qaytarma qərarının qüvvədə saxlanılıb-saxlanılmaması, yaxud həmin aktın ləğv edilməsi zərurəti barədə məhkəmə hüquqi mövqe bildirməli idi. Birinci instansiya məhkəməsi nə bu kolliziyanı aradan qaldırmış, nə də xx.xx.2025-ci il göndəriş qərarının icrası mexanizmini (icra materiallarının hansı statusla, hansı nömrə altında, hansı hərəkətlərlə davam etdirilməsi) dəqiqləşdirmişdir. Üçüncüsü, xx.xx.2025-ci il tarixli qərarda icra sənədinin “İcra haqqında” Qanunun 7-ci maddəsinə uyğun olmaması əsasına istinad edilərək icraat başlanılmadan geri qaytarılmışdır. Lakin əgər sənəd xx.xx.2025-də 23.1.3-ci maddəyə istinad edilərək geri qaytarılmışdısa, deməli, əvvəlcə sənədin 7-ci maddəyə uyğunluğu qiymətləndirilib və icraata qəbul edilib. Eyni icra sənədi barədə qısa zaman kəsiyində bir-birini istisna edən iki fərqli hüquqi statusun verilməsi (birində – icraat açılıb tədbirlər guya görülüb, digərində isə sənəd ümumiyyətlə icraata qəbul edilmədən qaytarılıb) icra orqanı daxilində prosedur qaydalarının pozulduğuna işarə edir. Birinci instansiya bu ziddiyyətin səbəblərini və hansı aktın hüquqi qüvvədə sayılmalı olduğunu araşdırmamışdır. Göstərilənlərə görə, birinci instansiya məhkəməsi şikayəti rədd edərkən icra məmurunun xx.xx.2025-ci il tarixli qərarının hüquqiliyini və əsaslılığını sübutlarla yoxlamayıb, icra materiallarını tam həcmdə tələb etməyib, icra və probasiya şöbəsinin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli qərarların hüquqi nəticələrinin uzlaşdırılmasına dair hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası belə qənaətə gəlir ki, iş üzrə obyektiv həqiqətin müəyyənləşdirilməsi üçün aşağıdakı prosessual hərəkətlərin yerinə yetirilməsi zəruridir: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin müvafiq icra materiallarının (xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli aktlarla bağlı bütün sənədlər, sorğu-cavablar, aktlar, bildirişlər, qərarlar, icra hərəkətlərinin protokolları, borclunun əmlak və gəlirlərinin axtarışını təsdiqləyən sübutlar) tam həcmdə məhkəməyə təqdim etdirilməsi; icra sənədinin “İcra haqqında” Qanunun 7-ci maddəsinə uyğunluğu məsələsinin dəqiq müəyyənləşdirilməsi və zəruri hallarda qüsurların aradan qaldırılması mexanizmlərinin tətbiqi; xx.xx.2025-ci il tarixli geri qaytarma qərarının 23.1.3-cü maddənin tələblərinə – “görülmüş bütün tədbirlər” şərtinə – faktiki uyğunluğunun sübutlarla yoxlanılması; xx.xx.2025-ci il tarixli məhkəmə göndərişi ilə xx.xx.2025-ci il tarixli “icraat başlanmadan geri qaytarma” qərarı arasındakı kolliziyanın hüquqi həlli (hansı aktın qüvvədə olduğu, hansının ləğv edilməli olduğu barədə mövqe. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən sübutların tam və hərtərəfli araşdırılmaması, hüquqi ziddiyyətlərin aradan qaldırılmaması və tətbiq ediləcək maddi hüquq normalarının düzgün müəyyən edilməməsi nəticəsində şikayət əsassız olaraq rədd edilmişdir. Bu prosessual çatışmazlıqlar apellyasiya instansiyası tərəfindən birbaşa aradan qaldırıla biləcək xarakter daşımadığından, şikayətin qismən təmin olunması, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadının ləğv edilməsi və işin yuxarıda göstərilən göstərişlər nəzərə alınmaqla əlavə araşdırma aparılması, tələb olunan sübutların cəlb edilməsi və hüquqi ziddiyyətlərin aradan qaldırılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi məqsədəuyğun hesab edilir. Kollegiya qeyd edir ki, tələbkar "xxxx" MMC tərəfindən işə şifahi icraat qaydasında baxılması barədə vəsatət verilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edərək işi yenidən baxılması üçün göndərdiyindən, həmin vəsatətin təmin edilməsini zəruri hesab etmir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 8(022)-112/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar