Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-14/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 8(018)-5/2023 saylı qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Astara Rayon Məhkəməsinin 2(018)-1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsini xahiş etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən, Borclu "xxxx" ASC-nin xeyrinə cəmi 1349,06 manat borc və 30,40 manat dövlət rüsumu tutulmalıdır. Borclu hazırkı tarixə qədər icra sənədinin icrasını təmin etməmiş və icradan yayınmışdır. Astara Rayon Məhkəməsinin 2(018)-1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən icra edilmədən geri qaytarılmışdır. Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim İlqar Məmmədov) tələbkar "xxxx" ASC-nin Astara Rayon Məhkəməsinin 2(018)-1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə tələbkar ərizəsinə Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən qaytarılmasına səbəb olmuş və “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsində göstərilən əsasların, yəni borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmasını təsdiq edən sənəd əlavə etməmişdir. Qərardaddan narazı qalan tələbkar "xxxx" ASC şikayət vermiş, şikayətində Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi və icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar şikayətini ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən icra şöbəsindən icra işini tələb etməmişdir. Həmçinin, məhkəmənin istinad etdiyi “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsində qeyd etdiyi əsaslar üzrə (icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi məhkəməyə və ya digər orqana qaytarılır) icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82, 84, 84-1-ci maddələrində əks olunmuş digər icra tədbirləri görülməli və icra sənədi icra edilməli idi. Məhkəmənin mövqeyindən belə görünür ki, hər hansı icra sənədi üzrə cavabdehin rəsmi iş yeri, hər hansı gəlir mənbəyi yoxdursa, icra sənədi icra olunmamalı, borclu barəsində heç bir tədbir görülməməlidir. Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 16 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə tələbkar "xxxx" ASC-nin Astara Rayon Məhkəməsinin 8(018)-05/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə verdiyi şikayət təmin olunmamış və şikayətin baxılması üçün 8(018)-05/2023 nömrəli işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı ləğv edilməli və tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara Rayon Məhkəməsinin 2(018)-1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi ərizənin dəlilləri üzrə hər hansı araşdırma aparmadan onun təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, Astara Rayon Məhkəməsi 02 fevral 2023-cü il tarixli qərardadında Astara rayon İcra və Probasiya şöbəsinin Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədinin Astara Rayon Məhkəməsinə qaytarılmasına dair 17 dekabr 2021-ci il tarixli qərarına istinad etsə də, həmin qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tələbkarın ərizəsinin əsaslı olubolmamasını müəyyən etmək məqsədilə Astara rayon İcra və Probasiya şöbəsindən Astara Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(018)-1157/2020 saylı icra sənədi ilə bağlı icra işini tələb etməmiş, ərizəyə həmin icra işi olmadan baxaraq qiymət vermiş, icra sənədinin yenidən icraya yönəldilməsinə zərurət və əsasların olub-olmadığını hərtərəfli və tam şəkildə araşdırmamışdır. Odur ki, qeyd edilən hallar işə yenidən baxacaq olan birinci instansiya məhkəməsi tərəfindən aradan qaldırılmalı, icra işinin alınması ilə də həyata keçiriləcək hərtərəfli və tam araşdırmanın nəticəsində ərizə ilə bağlı müvafiq qərardad qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ləğv edilməli, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara Rayon Məhkəməsinin 2(018)-1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə yenidən araşdırılaraq baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1.2, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 8(018)-5/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. Tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara Rayon Məhkəməsinin 2(018)- 1157/2020 saylı, 17 noyabr 2020-ci il tarixli icra sənədinin yenidən icraya yönəldilməsinə dair ərizəsinə yenidən baxılması üçün iş Astara Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-14/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-14/2023
13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver