Məhkəmə qərarları › İş №8(106)-15/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-15/2023

13.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-15/2023 13.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)- 77/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2899/2015 nömrəli icra sənədinə əsasən borclular Borclu və X1 6473 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsi Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması və tələbinin həmin əmlaka yönəldilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslanır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(032)-2899/2015 nömrəli icra sənədinə əsasən borclular Borclu və X1 6473 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, tələbin könüllü icrası barədə bildirişlə bərabər icra sənədi üzrə borclunun icra sənədində qeyd olunan Ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi tam səkildə təmin etmədiyi üçün Əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, "Elektron icra informasiya" sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu adına qeydiyyata alınmış "Ford Fusion" minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı əmlak mövcuddur. İcra sənədin icrasını təmin etmək məqsədilə məcburi icra tədbiri kimi borclunun əmlakınnı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tətbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus "Ford Fusion" minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və tələbin əmlaka yönəlməsinə dair qərardad çıxarılması xahiş olunur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadı ilə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməsi, Borclu məxsus "Ford Fusion" minik markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və borcun həmin avtomobilə yönəldilməsi qərara alınmışdır. Borclu şikayətlə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(032)-77/2022 saylı qərardadı (hakim S.Məmmədova) ilə, Borclu Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadının ləğv olunması barədə şikayət ərizəsinin təmin edilməməsi, şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması üçün 13 mart 2023-cü il tarixə təyin edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadından müəyyən edilir ki, məhkəmə təqdimatın təmin edilməsini iş üzrə toplanmış sübutlarla əlaqələndirmişdir. Borclu vermiş olduğu şikayətində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadının ləğv edilməsi, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Borclu şikayəti ilə əlaqədar iş materiallarını tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası 129-cu maddəsinin İ bəndinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi ilə məcburi icra tədbirləri görülə bilər. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Həmin qanunun 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin qanunun 50.6-cı maddəsinə əsasən konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin təqdimatının təmin edilməsi barədə gəldiyi nəticəni yuxarıda göstərilən prosessual hüquq normaları ilə əlaqəli tədqiq edərək müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqdimatın təmin edilməsi mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yekun məhkəmə aktları icra olunmalıdır. İcra qanunvericiliyinin tələbinə görə məhkəmə qətnaməsinə əsasən verilmiş icra vərəqində göstərilmiş öhdəliklər borclu tərəfindən könüllü şəkildə yerinə yetirilmədikdə borclunun əmlakın üzərinə həbs qoyulması nəzərdə tutulmuşdur. İcra haqqında qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi qeyd olunmuşdur. Qeyd olunan qanunvericilik aktından müəyyən olunur ki, borclu öhdəliyi yerinə yetirmədikdə borc əmlakın üzərinə həps qoymaq yolu ilə satılaraq icra sənədinin icrasını təmin edən tədbir kimi nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi icra vərəqəsi üzrə öhdəliklərinin borclu tərəfindən lazımi və tam qaydada yerinə yetirilmədikdə, əmlakın üzərinə həps qoyaraq satılması yolu ilə, borcun ödənilməsi məqsədi daşıyır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(032)-77/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar