Məhkəmə qərarları › İş №8(106)-150/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-150/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-150/2025 09.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Sabirabad rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(056)-270/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-155/2024-16 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsaslanmaqla Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır. Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından tələbkar Əliyeva (Süleymanlı) Gülər Tahir qızı şikayət verərək qərarın ləğv olunmasını və icra sənədinin yenidən Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-155/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onunla iddiaçı Borclu arasında Sabirabad rayon Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2016-cı il tarixli, 52 saylı nikah qeydi pozulmuş, birgə nikahdan xx.xx.2016-cı ildə doğulmuş X6 və xx.xx.2019-cu ildə doğulmuş X5 adlı iki nəfər uşaqların onun yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, şikayəti təmin edilməmişdir. Bundan sonra birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2025-ci il tarixində icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs icra məmuru X4 tərəfindən qəbul edilən xx.xx.2025-ci il tarixli, e32968/2025-19-11 saylı qərarla icra sənədi məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin formal və səthi qaydada icra olunmaması səbəbindən hesab edir ki, icra sənədi üzrə qəbul edilmiş qərar ləğv edilməli, icra sənədi təzələnməklə yenidən icra olunması üçün İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır Sabirabad rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(056)-270/2025 saylı qərardadı ilə, Maraqlı şəxs “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından xx.xx.2025-ci il tarixli 2(056)-155/2024-16 saylı icra sənədi üzrə tələbkar Əliyeva (Süleymanlı) Gülər Tahir qızı tərəfindən verilmiş şikayət təmin edilərək, Maraqlı şəxs icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarın ləğv olunması, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)- 155/2024-16 saylı icra sənədinin icra edilməsi üçün yenidən Maraqlı şəxsnə qaytarılması qərara alınmışdır. Borclu Əliyev X3 rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-270/2025 saylı qəradadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə uşağın hüquqlarını və qanuni mənafelərini nəzərə almamış, uşaqın mənafeyinə zidd qərar qəbul etmişdir. Məhkəmənin gəldiyi nəticə uşaqın mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirir. Birinci instansiya məhkəməsi mülki işin faktiki hallarını araşdırarkən tərəflərin qarşılıqlı münasibətini nəzərə almamış və iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Sabirabad rayon Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 8(056)-270/2025 saylı qərardadı ilə Borclu Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)- 270/2025 saylı qərardadından vermiş olduğu şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, icra sənədinin qaytarılması barədə qərarın ləğv olunması və Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-155/2024-16 saylı icra sənədinin icra edilməsi üçün yenidən Maraqlı şəxsnə göndərilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş e32968/2025-19-9 saylı icra işi tədqiq edilərkən müəyyən edilmişdir ki, icra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra ilk icra prosesi xx.xx.2025-ci ildə keçirilmiş həmin tarixdə icra sənədi icra edilməmiş, müvafiq akt tərtib edilmiş, aktda uşağın anası ilə İcra şöbəsində ünsiyyətdə olduğu, onunla anası Gülər Əliyeva ilə getməsi barədə profilaktik söhbət aparıldığı, uşağın anası ilə ünsiyyətdə olmaq istədiyi, lakin anası ilə getmək istəmədiyi öz əksini tapmış, növbəti icra prosesi xx.xx.2025-ci il tarixində keçirilmiş, həmin tarixdə də müvafiq akt tərtib edilmiş, aktda uşaqla tərəflərin iştirakı olmadan profilaktik söhbət aparıldığı, uşaq anası ilə ünsiyyətdə olsa da, onunla getməkdən qəti imtina etməsi, psixoloq Nazim Süleymanovun uşağın bir daha dindirilməsi üçün ona 10 gün vaxt verilməsi, bu səbəbdən icranın təxirə salınması əksini tapmış, xx.xx.2025-ci il tarixinə təyin edilmiş icra prosesi nəticəsində də akt tərtib edilmiş, həmin aktda da uşağın anası ilə ünsiyyətdə olsa da, anası ilə getməkdən qəti imtina etdiyi əksini tapmışdır. Daha sonra Sabirabad rayon İHB-nin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komsiyanın məsləhətçi psixoloqu Nazim Sultanov xx.xx.2025-ci il tarixdə rəy tərtib edərək rəydə uşağın hazırki və gələcək psixoloji vəziyyətini nəzərə alaraq tərəflərindən onun anası X2 məcburi qaydada verilməsinin məqsədə müvafiq hesab edilmədiyi göstərilmiş, bundan sonra xx.xx.2025-ci il tarixində icra sənədinin qaytarılması barədə qərar qəbul edilmiş, qərarda uşağın anası ilə getməkdən qəti imtina etməsi səbəbindən icra sənədinin icrasını təmin etməyin qeyri-mümkün olması əks etdirilmişdir. Göründüyü kimi, icra məmuru Sabirabad rayon İHB-nin yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komsiyanın məsləhətçi psixoloqu Nazim Sultanovun xx.xx.2025-ci il tarixli rəyini əldə etdikdən sonra hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Lakin yuxarıda qeyd edilən icra işində olan aktlardan da görünür ki, azyaşlı Eldar anası ilə sərbəst ünsiyyətə girir və onunla ünsiyyətdə olmağa qarşı deyildir. N.Sultanov tərtib etdiyi rəydə uşağın hazırki və gələcək psixoloji vəziyyətinin nəzərə alındığına istinad etsə də, psixoloq olaraq uşağın hazırki psixoloji vəziyyəti barədə hər hansı fikrini rəydə ifadə etməmiş, həmçinin gələcək psixoloji vəziyyətində baş verə biləcək hallar barədə də hər hansı məlumatı əks etdirməmişdir. İcra məmuru isə natamam rəyə əsaslanmaqla müvafiq qərar qəbul etmişdir. Bundan başqa, icra işi tədqiq edilərkən qəbul edilmiş və hazırda mübahisələndirilən qərarın icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq edilməsi halı icra işi ilə müəyyən edilməmiş, qəbul edilmiş qərarda isə tərəflərin qərardan şikayət vermə hüququ üzrə qanunvericiliklə müəyyən edilmiş 30 günlük müddət məhdudlaşdırılaraq 10 gün müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(056)-270/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdr. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad rayon Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 8(056)-270/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar