Məhkəmə qərarları › İş №8(106)-17/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-17/2025

12.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-17/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: Ərizəçi (Borclu) X2 icra sənədi üzrə icraatın dayandırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin icraatında olan 2(056)-453/2025 saylı mülki işə baxılanadək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1208/2023 saylı qətnaməsinin iş üzrə icraatının müvəqqəti olaraq dayandırılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi X2 tərəfindən şikayət verilmiş, Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadının ləğv edilməsi və iş üzrə icraatın müvəqqəti olaraq dayandırılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-16/2025 saylı qərardadına əsasən ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1208/2023 saylı qətnaməsi ilə Sabirabad rayonu Narlıq kəndi ərazisində Tələbkar mülkiyyətində olan 2,84 hektar torpaq sahəsi ilə qonşu X1 torpaq sahəsi arasındakı sərhədboyu hissədə əkilən ağacların X1 hesabına çıxarılması qət edilmişdir. Mülki iş üzrə icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Lakin o, əldə etdiyi sənədlərə dair yenidən cavabdeh Tələbkar Əlqulu oğluna qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair Sabirabad Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş xx.xx.2025-ci il tarixdə 2(056)-453/2025 sayla icraata qəbul edilmişdir. Hazırki işin məhkəmə hazırlıq iclası xx.xx.2025- ci il tarixə, saat 10:20-ə təyin edilmişdir. Bu səbəbdən də, ərizə təmin edilməli olduğu halda rədd edilmişdir. Həmin qərardad ona münasibətdə əsassız və ədalətsiz olmuşdur. Bu səbəbdən də ləğv edilməlidir. Sabirabad Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)- 16/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəçinin ərizəsinin məzmunundan və istinad etdiyi normadan da aydın olur ki, ərizəçi icra sənədi üzrə icraatın dayandırılmasının məcburliyi əsası ilə məhkəməyə müraciət etmişdir ki, yuxarıda qeyd edilən qanunvericilik normaları (“İcra haqqında” Qanunun 21.1 və 21.2-ci maddələri) icra sənədi üzrə icraatın dayandırılmasının məcburiliyi halının mövcudluğunda bu hərəkətin həyata keçirilməsini icra məmurunun vəzifəsi olaraq müəyyən etmişdir. Bununla yanaşı o da qeyd edilməlidir ki, icra sənədi üzrə icraatın dayandırılmasının mümkün olduğu hallarla bağlı da qanunvericilik iş üzrə tərəflərdən hər hansı birinin ərizə ilə məhkəməyə müraciət etməsi qaydasında həll edilməli olduğu qaydasını deyil, icra məmurunun məhkəməyə təqdimatla müraciət etməklə baxılmalı olduğu formasında müəyyən etmişdir. Göründüyü kimi, Qanunvericilik icra sənədi üzrə icraatın dayandırılmasının 2 növü (məcburi formada və mümkün hesab edilən halında) üzrə məsələnin həlli qaydasını konkret olaraq müəyyən etmişdir ki, hər iki halın heç birində iş üzrə tərəflərdən hər hansının ərizə ilə məhkəməyə müraciət etmək imkanını müəyyən etməmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadı ləğv edilərək iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən, icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Azərbaycan Respublikasının MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , borclunun ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi qeyd edilən hallarla bağlı iş üzrə icraat dayandırılması ilə bağlı müraciət etmək icra məmurunun vəzifələrinə aiddir. Belə olan halda sadalanan məsələlərlə bağlı məhkəmə işə tərəfin ərizəsi əsasında deyil, icra məmurunun müvafiq təqdimatı əsasında baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Göründüyü kimi, birinci instansiya məhkəməsinin hazırkı halda mövqeyi doğru olsa da, məhkəmə hazırkı əsasla ərizənin qəbulundan imtina edilməli olduğu halda, ərizənin rədd edilməsi barədə qərardad qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.8. iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət qismən təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391, 400 və 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(056)-16/2025 saylı qərardadı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar