Məhkəmə qərarları › İş №8(106)-176/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-176/2025

28.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-176/2025 28.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-179/2025 saylı qərardadından tələbkar "xxxx" ASC-nin verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi MÜƏYYƏN ETDİ: "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər Məhkəməsinin 2(032)- 67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin borclunun pensiya təminatının sadəcə 30%-nə yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən təqdim edilmiş 2(032)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən X1 cəmi 3929.53 ABŞ dolları və 30 manat dövlət rüsumunun ekvivalenti məbləğində pul vəsaiti tutulmalı və "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Sözügedən icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatındadır və qeyd ediləndən savayı X2 borclu olduğu icra sənədi mövcud deyildir. Hazırda heç bir qanuni əsas olmadan həmin tələb üzrə tutulma faizi 30%-ə endirilmiş, lakin, bu barədə tələbkar tərəf olaraq məlumatlandırılmamışlar. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-179/2025saylı qərardadı ilə (hakim Ə.İmanov) "xxxx" ASC-nin Şirvan Şəhər Məhkəməsinin 2(032)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin borclunun pensiya təminatının sadəcə 30%- nə yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsinə dair ərizəsi təmin edilməmişdir. Tələbkar "xxxx" ASC məhkəmənin həmin qərardadından şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin 8(032)-179/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qanunverici icra sənədinin vaxtında və düzgün icrasının zəruriliyini müəyyən etməklə buna nəzarət funksiyasını məhkəmələrə həvalə etmişdir. Hazırkı situasiyada məhkəmənin mövqeyi onun özü tərəfindən təqdim olunan icra sənədinin icrasına nəzarət funksiyasının mahiyyəti ilə ziddiyyət təşkil etmişdir. Məhkəmənin mübahisələndirilən qərardadının əsaslandırma hissəsinə tənqidi yanaşaraq hesab edir ki, icraata qəbul edildiyi vaxtdan hazırkı günədək cüzi məbləğlərlə icra edilən tələbə məhkəmənin münasibəti icra sənədinin düzgün və səmərəli icrasına nəzarəti deyil, icraatda tərəflərin hüquq bərabərliyini və icra olunmalı tələbə münasibətdə tələbkarın üstün mənafeyini pozmağı ifadə edir. Məhkəmə iclasında iştirak edən icra məmuru tələbi borclunun pensiya təminatına aşağı faizlə yönəltməsinin əsası kimi borclunun maddi vəziyyətini nəzərə aldığını, onun himayəsində azyaşlı nəvələri olduğunu, bir sözlə, borcluya “insaf” edib icra sənədinin icrasını qəsdən ləngitdiyini bildirmişdir. Qanunvericiliyin normasından görünür ki, borclunun əmlak vəziyyəti və s. halların nəzərə alınmaqla icra sənədinin icrası üsulu və qaydasının dəyişdirilməsi bilavasitə məhkəmələrin səlahiyyətidir. İcra məmuru mübahisələndirilən hərəkətləri ilə səlahiyyət həddini aşmış, lakin məhkəmə tərəfindən ərizənin göstərilən dəlillərinə qiymət verilməmişdir. Maddənin məzmunundan da göründüyü kimi, qanunverici icra sənədinin icrası ilə əlaqədar borclunun əmək haqqı və s. gəlirlərindən tutmaların sadəcə maksimal həcmini müəyyən etmiş, həmin həcm daxilində icra məmurunun öz mülahizəsinə görə davranış imkanını nəzərdə tutmamışdır. Odur ki, icra məmurunun hərəkətləri istənilən halda icra sənədinin ən səmərəli və ən qısa müddətdə icrasına indekslənməli, qanunun normaları sui-istifadəyə yol açacaq qədər geniş şərh olunmamalıdır. Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş normativ 65.2-ci maddədə nəzərdə tutulmuş halların icrasının təminatı kimi çıxış edir. Yəni, tələbin borclunun əmək haqqı və s. gəlirlərinə onun 50%-dən az həcmdə yönəldilməsi yalnız borclunun barəsində paralel olaraq bir neçə icra sənədi icra olunduğu halda mümkündür. Qeyd edilən hal mövcud olmadığı təqdirdə tələbin borclunun əmək haqqı və s. gəlirlərinə onun 50%-dən az həcmdə yönəldilməsinin icra məmurunun mülahizəsinə görə əsaslandırılması, qeyd edilən normanın dispozitiv imkan kimi qəbul olunması yolverilməzdir. Bildirir ki, məhkəmə tərəfindən işə tətbiq edilməli olan hüquq norması yanlış məzmunda tətbiq edildiyi üçün iş materiallarında olan sübutlara qeyri-obyektiv hüquqi qiymət verilmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində tələbin borclunun əmək haqqı və s. gəlirlərinə yönəldilməsi əsaslarının dairəsi dəqiq müəyyən olunmuşdur (vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə). İcra işinin materiallarından görünür ki, işin icra üsulu və qaydası məhkəmə tərəfindən heç vaxt dəyişdirilməmişdir. Göründüyü kimi, mübahisələndirilən hərəkətlərin Qanunun 63.1-ci maddədə nəzərdə tutulan hallarla bağlı tərəfləri məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. İcra işinə əlavə edilmiş akta görə, icra məmuru tərəfindən borclunun yaşayış ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi əmlakı aşkar olunmamışdır. Bu isə onu deməyə əsas verir ki, icra məmuru mübahisələndirilən hərəkətlərinin icrasını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində nəzərdə tutulan tələbin tam ödənilməsi üçün borclunun əmlakının olmaması və ya onun əmlakının kifayət etməməsi ilə əsaslandırır. Həmin akta baxış keçirilərkən isə məlum olmuşdur ki, akt borclu tərəfindən imzalanmamış, yəni borclunun əmlakına onun iştirakı olmadan baxış keçirilmişdir. Qeyd edilən xüsusatlar məhkəmə iclası zamanı vurğulansa da, buna məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Göründüyü kimi, tələbin tam ödənilməsi üçün borclunun əmlakının olmaması və ya onun əmlakının kifayət etməməsi faktının təsdiqi üçün işə əlavə edilən akt qeyri-mötəbər olduğundan bu hal sübuta yetirilməmişdir. Bildirir ki, hazırkı işin növü məhkəmə qərarlarının icrası barədədir. Belə işlərdə məhkəmələr tərəfindən qəbul edilən qərardadlar həmin qərardadların icra sənədinin icrasına hansı istiqamətdə təsir edəcəyinə, icraatda tərəflərin hüquq bərabərliyinin və qanuni mənafelərinin qorunmasına, iqtisadi balansın gözlənilməsinə münasibətdə əsaslandırılmalıdır. Lakin məhkəmə tərəfindən hüquq normalarının yanlış təfsiri nəticəsində gəlinən nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməmiş və mənafelər balansının pozulmasına səbəb olmuşdur. Bununla belə, işin faktiki hallarından müəyyən olunur ki, icra sənədi cari ilin aprel ayından bəri nə borclu tərəfindən icra olunur, nə də barəsində məcburi icra tədbirləri tətbiq edilir. Göründüyü kimi, məhkəmənin tutulma faizinin həcminin qanuniliyi barədə gəldiyi nəticə işin yuxarıda göstərilən hallarına uyğun olmamışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-179/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3-ci maddəsinə əsasən tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4-ci maddəsinə əsasən icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1-ci maddəsinə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2-ci maddəsinə əsasən icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3-ci maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. 65.3-ci maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İcra Haqqında Qanunun 65.1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, əməkhaqqı və ona bərabər tutulan digər gəlirlərdən tutmanın yuxarı həddi 50 faizdən çox ola bilməz. Bu norma hüquqda maksimum hədd müəyyən edir, lakin minimum hədd müəyyən etmir. 65.2-ci maddə isə yalnız bir neçə icra sənədi olduğu halda qazancın 50 faizinin borcluda saxlanılmalı olduğunu deyir, lakin bu halda belə mütləq qaydada tutulmanın 50 faizdən az ola bilməyəcəyi barədə bir tələb irəli sürmür. Yəni həmin maddənin məqsədi tutulmanın məbləğini artırmaq yox, borclunun minimum yaşayış vasitələrindən məhrum edilməsinin qarşısını almaqdır. Deməli, qanunda “bir neçə icra sənədi olduqda tutulma yalnız 50 faizdən aşağı ola bilməz” şəklində imperativ tələb mövcud deyildir və bankın bu arqumenti qanunun mətninə, ruhuna və tətbiq təcrübəsinə uyğun gəlmir. Qanunvericinin niyyəti tutulmanın 50 faizdən çox olmamasını təmin etməkdir, lakin bu həddin altında qalan faiz dərəcəsinin situasiyanın konkret hallarına uyğun dəyişdirilməsini istisna etmir. Qanunda göstərilən “50 faizdən aşağı tutulma yalnız əsaslandırılmış hallarda mümkündür” tezisi də bu mənaya gəlmir ki, yalnız bir neçə icra sənədi olduqda 50 faiz tutulmalıdır, əksinə, bu o deməkdir ki, 50 faiz maksimum həddir və bundan aşağı faiz müəyyən edilərkən icra məmuru mövcud həyat şəraitini qiymətləndirməlidir. Bu səbəbdən, bankın şikayət ərizəsində göstərilən hüquqi mövqe əsaslı hesab edilmir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, “İcra haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Qeyd edilən maddələrin məzmununa nəzər yetirildikdə aydın olur ki, qanun bir neçə icra sənədi olsa belə, tutulmaların cəminin yenə də 50%-i keçə bilməyəcəyini və tutulmanın yuxarı həddini 50% olaraq müəyyən etmişdir. Qeyd edilən maddələrə geniş şərh tələb olunmamaqla normalar imperativdir. Hal-hazırda ərizəçi Şirvan şəhər Məhkəməsinin 2(032)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbin borclunun pensiya təminatının sadəcə 30%-nə yönəldilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş etsə də işin müəyyən olmuş hallarından görünür ki, icra məmuru tələbin yönəldilə biləcəyi hər hansı əmlakın mövcud olmadığını müəyyən etdikdən sonra icra sənədini borclunun pensiyasına yönəltmiş və bununla da qanunvericiliyin tələblərinə tam riayət etmişdir. Həmçinin icra məmuru borclunun sosial vəziyyətini də araşdırmış, yaşayış ünvanında borcun ödənilməsi üçün yararlı əmlak olmadığını aktlaşdırmış, həmçinin borclunun 75 yaşlı ahıl şəxs olduğunu, 393 manat pensiya ilə dolandığını, himayəsində xroniki xəstə övlad və üç azyaşlı nəvə saxladığını müəyyən etmişdir. Belə şəraitdə pensiyanın 50 faizi həcmində tutmanın tətbiqi borclunun və onun himayəsində olan ailə üzvlərinin minimal yaşayış səviyyəsini real təhlükə altına qoymaqla “İcra haqqında” Qanunun 3-cü maddəsində əksini tapmış obyektivlik və ədalətlilik prinsiplərinə ziddir. Qanun icra məmurundan yalnız formal mətnə deyil, konkret həyat şəraitinə uyğun proporsional qərar verməyi tələb edir. Qanunverici “pensiyadan 50 faizdən çox tutulma olmaz” ifadəsi ilə məcburi aşağı hədd müəyyən etməmiş, əksinə icra məmuruna situativ mülahizə səlahiyyəti tanımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi də ahıl və sosial müdafiəyə ehtiyacı olan şəxslərin minimal yaşayış təminatının qorunmasını dövlətin vəzifəsi kimi təsbit edir. Bu baxımdan pensiyadan 30 faiz tutulma tətbiqi həm qanunun məqsədinə, həm də proporsionallıq və ədalətlilik tələblərinə daha uyğun hesab edilir. Bundan başqa, “İcra haqqında” Qanunda icra məmurunun hər bir halda məhz 50 faiz həcmində tutma tətbiq etməsi barədə hər hansı tələb mövcud deyil. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edilənlərə əsasən hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)- 179/2025 saylı qərardadından "xxxx" ASC tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-179/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar