Məhkəmə qərarları › İş №8(106)-20/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-20/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-20/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi hakim), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 8(056)-26/2025 saylı, 11 fevral 2025-ci il tarixli qərardadından icra sənədi üzrə Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar - cavabdeh Borclu qarşı «evə köçürülmə» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(056)-254/2022 saylı icra sənədinə görə iddiaçı Tələbkar Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməsi tələb olunur. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 “İcra haqqında" Qanunun 14-cü maddəsinə əsasən Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(056)-254/2022 saylı icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icra sənədinin icrası ilə bağlı Tələbkar X1 mülkiyyətində olan yaşayış evinə köçürülüb-köçürülməməsi, tələbkarın həmin evə köçürüldüyü halda borclu kimi tanınıbtanınmaması barədə izah edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə verilmiş Sabirabad rayon Məhkəməsinin 2(056)-254/2022 nömrəli icra vərəqəsinə əsasən İcra sənədi üzrə Tələbkar Sabirabad rayonu Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməsi tələb olunur. İşin icrası ilə bağlı təyinat verilmiş və xx.xx.2025-ci il tarixdə icra yerində olmuşlar. Borclu icra yerinə gəlməmiş, lakin onun qardaşı X4 icra yerinə gəlmiş Sabirabad rayonu Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu, bununla əlaqədar fərdi yaşayış evinin texniki pasportunu təqdim etmiş və Tələbkar ona məxsus evə köçməsinə icazə verməməklə yanaşı, yaşayış evinin qapısının kilidində açmayacağını bildirmişdir. Bu səbəbdən icra sənədinin icrası təmin edilməmiş və icra təxirə salınmışdır. Göstərilən icra sənədində borclu kimi Borclu göstərilmiş, lakin sözügedən yaşayış evi X1 mülkiyətindədir və borclu icra prosesində iştirak etsə də, icra sənədində göstərilən evin ona aid olmadığı bu səbəbdən tələbkarın həmin evdə yaşamasını təmin edə bilmir. Bu da icra vərəqəsinin icrasına maniələr törədir. Göstərilənlərə əsasən və "İcra haqqında" Qanunun 14-cü maddəsini rəhbər tutaraq xx.xx.2024-cü il tarixdə verilmiş Sabirabad rayon Məhkəməsinin 2(056)- 254/2022 nömrəli icra sənədinin icrası ilə bağlı Tələbkar X1 mülkiyyətində olan yaşayış evinə köçürülübköçürülməməsi, tələbkarın həmin evə köçürüldüyü halda borclu kimi tanınıb-tanınmaması barədə izah edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadı ilə (X8) Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(056)-254/2022 saylı icra sənədinə izah verilməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 ərizəsi təmin edilmişdir. Sabirabad rayonu Muradbəyli kəndində yerləşən fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi X1 Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(056)-254/2022 saylı icra sənədi üzrə Tələbkar həmin evə köçürülməsinə etiraz edib, evin qapısını bağlı saxlamaqla, icra prosesinə maneçilik törətməsi icra sənədinin icrasının mümkün olmadığı hal kimi qiymətləndirilməməsi kimi izah olunması, icra sənədinin icrası zamanı icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərə inzibati və ya cinayət məsuliyyəti daşımaları haqqında xəbərdarlıq edilməsi icra məmuruna tövsiyyə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sabirabad rayonu Muradbəyli kəndində yerləşən 0.12 ha. torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyəti kimi **********03-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və xx.xx.2024-cü il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarda olan Sabirabad Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2(056)-254/2022 saylı icra sənədinə görə iddiaçı Tələbkar Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməsi tələb olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. (14.2) Həmin Qanunun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, icra sənədində borclu şəxs kimi göstərilən Borclu olduğu halda, hazırda mübahisəyə səbəb olan əmlakın faktiki və hüquqi mülkiyyətçisi X2r. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətinə əsasən, Sabirabad rayonu, Muradbəyli kəndində yerləşən 0.12 hektar torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi hal-hazırda X1 xüsusi mülkiyyətindədir. Bu fakt, həmin əmlak üzərində hər hansı icra tədbirinin həyata keçirilməsini hüquqi baxımdan mümkünsüz edir. Mülkiyyət hüququ Konstitusiya və müvafiq qanunvericilik aktları ilə qorunan fundamental hüquqlardan biridir. Qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq, hüquqi məsuliyyət yalnız borclunun üzərinə düşür və üçüncü şəxsin əmlakı icra predmetinə çevrilə bilməz. Məhkəmə icraçıları yalnız borclunun mülkiyyətində olan əmlaka yönəlik icra tədbirləri həyata keçirə bilər. Lakin bu halda, icra sənədində göstərilən borclu ilə mübahisəyə səbəb olan əmlakın mülkiyyətçisi fərqlidir. Bu hüquqi vəziyyət tələbkarın tələbini icra etməyi mümkünsüz edir, çünki hazırda mülkiyyət hüququ X3 məxsusdur və həmin şəxs borclu qismində tanınmadığından, onun əmlakı üzərində məcburi icra tədbirlərinin tətbiq edilməsi qanunsuz hesab olunacaq. Dolayısı ilə, tərəflər arasında mövcud olan hüquqi vəziyyətin xarakteri məhkəmə qətnaməsinə izah verilməsini də mümkünsüz edir. Nəzərə almaq lazımdır ki, məhkəmə qətnaməsinə izah verilməsi yalnız qətnamənin icrasına dair qeyri-müəyyənlik yarandıqda və ya icranın mümkün olduğu hallarda tətbiq edilir. Lakin hazırkı vəziyyətdə: 1.Qətnamədə borclu kimi göstərilən şəxs (Borclu) mübahisəli əmlakın mülkiyyətçisi deyil. 2.Mübahisəli əmlak X1 xüsusi mülkiyyətində olduğu üçün icra tədbirlərinin ona qarşı tətbiq edilməsi qanunsuzdur. 3.İcra məmuru yalnız icra sənədində adı keçən borcluya qarşı məcburi icra tədbirləri görə bilər və üçüncü şəxsin əmlakı üzərində icra aparmaq səlahiyyətində deyil. Nəzərə alınmalıdır ki, icra sənədinə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi, hüquqi terminlərdən yerində istifadə edilməməsi, qrammatik cəhətdən fikrin aydın çatdırılmaması və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Hazırki icra işi üzrə belə hallar yoxdur. Kollegiya onu da vurğulayır ki, qətnamə məntiqi cəhətdən tamamlanmış müdafiə aktıdır və ona izah verilərkən müdafiənin mahiyyəti (müdafiə edilən subyektiv hüquq, həmin hüquqa qəsd edən davranış və belə davranışa yol verən subyekt) dəyişdirilə bilməz; əks təqdirdə belə dəyişiklik yeni müdafiə hesab olunar. İcra iş üzrə icra məmurunun xahiş etdiyi məzmunda izah məhz müdafiənin dəyişməsinə yönəlmişdir və buna də belə izahın verilməsi mümkün deyildir, buna görə də, icra məmurunun ərizəsində xahiş etdiyi məzmunda izah təmin oluna bilməz. Beləliklə, məhkəmə qətnaməsinə izah verilməsi icranın davam etdirilməsini təmin etməyəcək, çünki həll edilməli olan məsələ icra sənədində göstərilən borclu ilə faktiki mülkiyyətçi arasındakı fərqdən irəli gəlir. Bu halda, tələbkar yalnız məhkəmə qaydasında yeni iddia qaldırmaqla hüquqlarını müdafiə edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadı ləğv edilməli, qətnaməyə izah verilməsi barədə ərizə təmin edilməməlidir. MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 8(056)-26/2025 saylı qərardadı ləğv edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-254/2022 saylı icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar