Məhkəmə qərarları › İş №8(106)-22/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-22/2025

02.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-22/2025 02.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X8 ibarət tərkibdə, alimentin indeksasiyası barədə Şirvan Şəhər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X12 ilə Cavabdeh birgə nikahından 3 uşaq- xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2014-cü il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-541/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Könül Cümşüdovanın iddiası təmin edilmiş, yetkinlik yaşına çatanadək uşaqların saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 83 manat, ümumilikdə üç uşağa görə 249 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin 2(032)-711/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. X3 məhkəməyə ərizə ilə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin hər uşağa görə 246 manat miqdarında müəyyn edilməsi və həmin məbləğin indeksasiya edilməsini xahiş etmişdir. X4 ərizəsini əsaslandırarkən göstərmişdir ki, hazırda uşaqlar- xx.xx.2014-cü il təvəllüdlü Cümşüdov Əli və xx.xx.2014 cü il təvəllüdlü Cümşüdov Yusifin tələbatları günü-gündən artmaqda davam edir, o cümlədən uşaqlar idman və təhsil üzrə fən hazırlıq kurslarına getdikləri üçün tərəfindən ümumi olaraq hər ay üzrə 250 manatdan çox ödənişlər edilir. Ölkədə uşaqların günlük xərcləri ilə yanaşı istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı X15 və X1 üçün Cavabdeh ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Hazırda cavabdeh Şirvan şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində fəhlə kimi çalışır. Əlavə olaraq istifadəsində yeməkxana vardır. Sonradan X4 tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, ərizədə “cavabdeh” kimi göstərdiyi Cavabdeh “borclu” kimi nəzərə alınmasını və Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh hər ay hər uşağa görə 83 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,24 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qərardaddan ərizəçi şikayət vermiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı şikayət təmin edilməmiş, baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu borcluya bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. İşin hallarından görünür ki, əvvəllər Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 83 manat, ümumilikdə üç uşağa görə 249 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X10 verilməsi qət edilmişdir. Hazırki müraciətində ərizəçi yetkinlik yaşına çatmayan 2 uşağa görə alimentin miqdarını artırılmaqla yanaşı indeksasiyası edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçinin müraciəti ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110-cu maddəsinə əsasən: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bununla yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçünvalideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə dəyişiklik edilmişdir) göstərilir ki: Ailə Məlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. İşin hallarından görünür ki, ərizəçi Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin hər uşağa görə 246 manat miqdarında müəyyən edilməsi və həmin məbləğin indeksasiya edilməsini xahiş etmişdir. Sonra ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh hər ay hər uşağa görə 83 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyasını tələb etmişdir. Bununla yanaşı, məhkəmə iclasının protokolundan görünür ki, işə mahiyyəti üzrə baxılarkən ərizəçi ikinci ərizəsini müdafiə etməmişdir. Ərizəçi izahatında uşaqların tələbatının artmasını, idman və təhsil üzrə kurslara getdiyindən hər ay 250 manatdan çox xərc çəkdiyini bildirmişdir. Bundan başqa, ərizəçi borclunun əlavə qazanc yerlərinin olduğunu da qeyd etmişdir. Başqa sözlə, ərizəçi mahiyyətcə əvvəl təyin edilmiş alimentin miqdarının artırılmasının zəruriliyini əsaslandırmağa çalışmışdır. Qərardaddan verdiyi şikayətində də ərizəçi alimentin artırılmasının zəruriliyini vurğulamış, şikayətini və tələbini yaşayış minimumunun artması ilə əsaslandırmişdir. Ərizəçi şikayətində Ailə Məcəlləsinin 112-ci maddəsinə və 2025-ci ildə yaşayış minimumunun artmasına istinad etmişdir. MPM-in 14.1-ci maddəsinin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, ərizəçiyə onun prosessual hüquq və vəzifələrini izah etməmiş, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onu xəbərdar etməmiş, həm birinci, həm də ikinci ərizəsinin mahiyyətini və həmin ərizə üzrə prosessual hərəkətlən nəticələrini konkret olaraq ona izah etməmiş, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsini icraata qəbul edildikdən sonra 31 yanvar 2025-ci il tarixli protokol qərarı ilə ərizəçinin tələbi üzrə məhkəmə baxışını xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bu tarixdən sonra ərizəçinin ikinci dəfə indeksləşdirmə ilə bağlı fərqli ərizəsi daxil olmuşdur. Lakin həmin ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi müəyyən edilmir. Birinci instansiya məhkəməsi, məhkəmə baxışında ərizəçinin hansı tələbini müdafiə etdiyini, yaxud məhkəmənin hansı ərizəni qəbul etdiyini dəqiqləşdirməmişdir. Halbuki, ərizəçi izahatında uşaqların tələbatının artmasını, idman və təhsil üzrə kurslara getdiyindən hər ay 250 manatdan çox xərc çəkdiyini, borclunun əlavə qazanc yerlərinin olduğunu da göstərmişdir. Ərizəçi şikayətində də alimentin artırılması ilə bağlı tələbini müdafə etmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, ərizəçi mahiyyətcə əvvəl məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasının zəruriliyini əsaslandırmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin tələbini dəqiq müəyyən etməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qanunun tələbinə görə, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Belə tələblərə MPM-in 232-ci maddəsinin tələbləri qaydasında baxılmalı deyil, ayrıca iddia icraatı qaydasında baxılmalıdır. MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: X2 şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 05.022025-ci il tarixli, 8(032)-6/2025 saylı qərardadı ləğv edilsin. Alimentin indeksasiyası barədə X7 ərizəsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar