Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-24/2023 03.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 8(053)-6/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(053)- 366/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 366/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə Tələbkar ona qarşı olan 4400 manat məbləğində pul tələbinə dair iddiası təmin edilmiş və borcludan 4400 manat məbləğində əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrası Neftçala rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, həmin qurumda icraat başlanılmışdır. Hal-hazırda onun borcu tam şəkildə ödəməyə imkanı yoxdur. O, borcunu yalnız hissə-hissə ödəyə bilər. Odur ki, maddi vəziyyəti nəzərə alınaraq qətnamə üzrə qət edilmiş borcun hissə-hissə icra edilməsinə dair qərar verilməsini istəyir. Neftçala Rayon Məhkəməsinin 8(053)-6/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan borclu şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 8(053)-6/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti uyğun olmadığına görə, Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə ondan tutulmalı olan 4400 manat borc və 30 manat dövlət rüsumunu bir dəfəyə ödəmək imkanı yoxdur. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. O da haqlı olaraq xeyli xərcləri olduğundan bu hüququndan istifadə edir. Amma məhkəmə əsassız olaraq tələbkarın mənafeyini əsas götürərək ərizəni təmin etməmişdir. Məhkəmə borclunun aylıq qazancını və digər xərclərini (yəni borc və ya kredit ödəyə biləcəyini, ailə fərdlərinin sayını) araşdırmamışdır. Məhkəmə borclunun maddi vəziyyətinin ağır olması faktını araşdırmamışdır. Neftçala Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 8(053)-6/2023 saylı qərardadı ilə şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 24 fevral 2023-cü il tarixli qərardadı qüvvəsində saxlanılmış, hazırkı qərardadın surətinin 8(053)- 6/2023 nömrəli işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 8(053)- 6/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Neftçala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(053)-366/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, X2 4400 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar verilməlidir. İcra vərəqəsi 03 fevral 2023-cü il tarixində verilmişdir. İşdəki Neftçala rayon İcra və Probasiya şöbəsinin 08 fevral 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-366/2021 saylı, 03 fevral 2023-cü il tarixli icra sənədi ilə bağlı iş üzrə icraat başlanılmışdır. İşdəki Neftçala rayon İcra və Probasiya şöbəsi tərəfindən X3 ünvanlanmış 08 fevral 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icra sənədi üzrə 4400 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 4430 manat pulu Tələbkar könüllü ödəmək üçün X3 10 gün müddət verilmiş, əks halda icranın məcburi qaydada təmin ediləcəyi, ondan icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin tutulacağı bildirilmişdir. Birinci instansiya məhkəməsinin 24 fevral 2023-cü il tarixli iclasında iştirak etmiş Tələbkar borclu tərəfindən ona heç bir ödənişin aparılmadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə əvvəlcə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə məhkəməyə müraciət edərkən bunun səbəbi kimi ödəmə imkanının olmadığını göstərmiş olsa da, ərizəsinə əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Bundan başqa, borclu qətnamənin hissə-hissə icra edilməsini xahiş etmiş olsa da, iş materialları ilə onun icra sənədi üzrə ödəməli olduğu borcdan hansısa hissədə tələbkara ödəniş etdiyini müəyyən etmək olmur. Tələbkar da birinci instansiya məhkəməsinin iclasında borclunun ona hər hansı ödəniş etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq həm də qeyd edir ki, qətnamənin icra üsulunun dəyişdirilməsi və hissə-hissə icrası müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə icrası ilə bağlı mübahisə olan qətnamənin hissə-hissə icra edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin uzun müddət ərzində icrası deməkdir ki, bu da tələbkarın hüquqlarını pozur, onu məhkəmə qətnaməsindən gözləyə biləcəklərindən məhrum edir. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-6/2023 saylı, 24 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-24/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-24/2023
03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver