Məhkəmə qərarları › İş №8(106)-26/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-26/2024

24.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-26/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Əsədov (sədrlik edən və məruzəçi), Fikrət Cilingir oğlu Hüseynov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X10, X2nun iştirakı ilə, “İcraata xitam verilməsi haqqında” İmişli rayon İcra və Probasiya şöbəsinin qərarından şikayətə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadından X2nun şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, icra sənədi üzrə icraatın davam etdirilməsi üçün icra sənədinin icra və probasiya şöbəsinə qaytarılmasını xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədinə əsasən “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunmalı və bərpa olunan günədək əvvəlki vəzifə ilə qanunsuz keçirilən vəzifə arasındakı əmək haqqı fərqi ödənilməlidir. İcra tədbirəri nəticəsində o, işinə bərpa edilmiş və əmək haqqı fərqi qismən ödənilmişdir. Bundan sonra, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən “İcra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Halbuki, əvvəlki işində ona avtomobil təhkim olunmuş və o, sürücü kimi gündüz və gecə növbəsində işə çıxmış, zəruri hallarda isə rayondan kənara ezam olunmuşdur. Buna görə də ona əlavə əmək haqqı hesablanmışdır. Lakin xx.xx.2023-cü il tarixdə onun iştirakı olmadan ona təhkim olunmuş avtomobil başqa şəxsə təhkim olunmuşdur. Sürücü kimi işinə bərpa olunduğu vaxtdan vəzifəsi formal olaraq sürücü kimi qalmış, özü isə sürücü kimi işləməmiş, heç bir işə buraxılmamışdır. Ona görə də hesab edir ki, İmişli rayon icra və probasiya şöbəsi tərəfindən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərar ləğv edilməlidir. Birinci instansiya məhkəməsində borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 nümayəndəsi X7 şikayətin əsassız olduğu üçün rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Belə ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” tərəfindən sürücülərin növbətçilik cədvəlləri tərtib olunmuşdur və cədvəl əsasında onlara, o cümlədən X6 ay ərzində 5-6 dəfə şəhərdaxili yol vərəqəsi verilir. X1 dəfə 13 aprel 2023-cü il tarixdə şəhərdaxili yol vərəqəsi verilmişdir. X5 əmək müqaviləsində ona hər hansı nəqliyyat vasitəsinin təhkim olunması nəzərdə tutulmamışdır. Sürücülərə nəqliyyat vasitəsinin təhkim olunması xəstəxana rəhbərliyinin səlahiyyətləri daxilindədir. Xəstəxana rəhbərliyi xəstəxananın balansında olan hər hansı bir nəqliyyat vasitəsini istənilən sürücüyə təhkim edə və ondan ala bilər. Əmək haqqı fərqinə gəldikdə isə X9 məzuniyyətdə olduğu dövrlərin pulunu əvvəlcədən aldığından, əmək haqqı fərqi ödənilərkən ona məzuniyyətdə olduğu dövrlərin əmək haqqı ödənilməmişdir. Bu barədə müvafiq sənədlər İmişli rayon icra və probasiya şöbəsinə təqdim edilmiş və bundan sonra İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsində İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X16 izahat verərək göstərmişdir ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki işinə bərpa olunmuş və əvvəlki vəzifəsi ilə hazırkı vəzifəsi arasındakı əmək haqqı fərqi ona tam şəkildə ödənilmişdir. Ona görə də o, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Hesab edir ki, qəbul etdiyi qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İmişli Rayon Məhkəməsinin (hakim T.Quliyev) 18 dekabr 2023-cü il tarixli qərardadı ilə X2nun İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir. Qərardaddan X2 şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmişdir. İmişli Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. X2 yenidən şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. İmişli Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərardadı ilə X2nun ərizəsi təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 8(036)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından X2 tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş və iş baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli qərardadı ilə İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Apellyasiya baxışında iştirak edən tələbkar E.Əmirov şikayətinin dəlillərini müdafiə etmiş, izahatında bildirmişdir ki, 5 ay işə buraxılmamışdır. İşə bərpa olunandan sonra əmək haqqı ödənilsə də artıq ödənilmiş vəsait kimi 602.92 manat əmək haqqından geri tutmuşlar. Hazırda sürücü kimi işinə bərpa olunduğu vaxtdan vəzifəsi formal olaraq sürücü kimi qalmışdır, lakin sürücü kimi işləmir, işə buraxılmamışdır. Belə ki, əvvəlki təhkim olunmuş avtomobillə rayondan kənara ezam olunmur. Ona təhkim olunmuş avtomobil başqa şəxsə təhkim olunmuşdur. Borclu “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın nümayəndəsi və İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 maliyyə şöbəsinin müdiri X13 tərəfindən məhkəməyə göndərilmiş izahatında göstərmişdir ki, İmişli Rayon İcra və Probasiya şöbəsinin 19 sentyabr 2023-cü il tarixli 40203 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 04 oktyabr 2023-cü il tarixli 1/55 SDO nömrəli sərəncamı ilə işçi X5 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əməkhaqqı fərqinin hesablanması yoxlanılmışdır. Yoxlama zamanı X6 602,92 manat məbləğində artıq əməkhaqqı fərqinin hesablanıb ödənilməsi müəyyən olunmuşdur və həmin vəsaitin işçidən tutularaq “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 büdcəsinə ödənilməsi üçün göstəriş verilmişdir. Göstərişə əsasən həmin vəsait X4 tutulmuşdur. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası tələbkarın izahatını və məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İşin hallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(036)-3371/2022 saylı qətnaməsi ilə E.Əmirovun iddiası təmin edilmiş, “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın 30 avqust 2022-ci il tarixli, 640-a nömrəli əmri ləğv edilmiş, X5 əvvəlki işinə, yəni “İmişli Rayon Mərkəzi Xəstəxanası”nın TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa olunması və bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqinin ödənilməsi qət edilmişdir. Qətnamə əsasında xx.xx.2023-cü il tarixdə müvafiq icra vərəqəsi verilmişdir. İcra icraatı üzrə iş materiallarından aşağıdakılar müəyyən edilir: İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 direktoru Azər Kazımovun 09 fevral 2023-cü il tarixli əmri ilə X9 əvvəlki vəzifəsinə bərpa olunmuşdur. “İmişli Rayon Mərkəzi Xəstəxanası” və X9 arasında bağlanmış 09 fevral 2023-cü il tarixli əmək müqaviləsindən müəyyən olur ki, X9 “İmişli Rayon Mərkəzi Xəstəxanası” X20 TTTY şöbəsinin TTTY stansiyasında sürücü vəzifəsinə işə qəbul edilmiş, işçiyə 406 manat vəzifə maaşından, 406 manat vəzifə maaşına əlavədən, əmək funksiyalarını ağır şəraitli iş yerində icra etdiyi üçün 147 manat əlavədən ibarət olmaqla, cəmi 959 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İşin hallarından görünür ki, əvvəllər icra icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin qərar ləğv edilmiş, icra icraatının davam etdirilməsi qərara alınmışdır. Sonra icra işi yenidən davam etdirilmişdir. İcra sənədlərindən görünür ki, “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən X9 bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə qanunsuz keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi 1.882.44 manat məbləğində pul vəsaiti tələbkarın ******************** nömrəli bank hesabına köçürülmüşdür. xx.xx.2023 tarixli, PHŞ-6-46/3-7-470/2023 nömrəli aktdan görünür ki, **-AC-*** dövlət qeydiyyat nişanlı UAZ markalı təcili tibbi yardım nəqliyyat vasitəsi TTYS-nin sürücüləri X18 və X6 təhkim edilmişdir. İş materiallarından görünür ki, X3 və X12 Stansiyasında sürücü vəzifəsinə bərpa edildikdən sonra xx.xx.2023-cü il tarixində ona “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdaxili hərəkət üçün 855 nömrəli yol vərəqəsi və xx.xx.2023-cü il tarixində “UAZ” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhərinə getməsi üçün 899 nömrəli yol vərəqəsi verilmişdir. İcra tədbirləri nəticəsində tələbkarın sürücü vəzifəsinə bərpa edilməsi nəzərə alınaraq ona əmək haqqı fərqinin ödənilməsində ziddiyyətli halın aydınlaşdırılması üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasına göndərilmişdir. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli hesabatında əməkhaqqı fərqinin tələbkarın iddia etdiyi kimi natamam deyil, 602,92 manat artıq ödənildiyi müəyyən edilmişdir. Bununla da tələbkarın əmək funksiyalarını yerinə yetirdiyi müəyyən edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar şikayətində ona əvvəlki avtomobilin deyil, başqa avtomobilin təhkim olunduğunu, eləcə də ona əvvəlki qaydada yol vərəqəsi verilməklə onun başqa rayonlara göndərilmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, xəstəxananın balansında olan nəqliyyat vasitələrinin əməkdaşlara təhkim olunması rəhbərlik və bölmə müdirlərinin qərarı əsasında həyata keçirilir. E.Əmirovla işəgötürən arasında bağlanmış əmək müqaviləsində ona nəqliyyat vasitəsinin təhkim olunması barədə hər-hansı məlumat qeyd olunmamışdır. E.Əmirova TTTYS-ya məxsus nəqliyyat vasitəsi təhkim olunmuşdur. Sürücüyə hansı nəqliyyat vasitəsinin təhkim edilməsi işəgötürənin səlahiyyətindədir. Eləcə də işçinin ezamiyyətə göndərilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Kollegiya şikayətlə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə Kollegiyası icraata xitam verilməsi haqqında qərarın qanunsuzluğu və ya əsassızlığı ilə bağlı hər hansı əsas tapmır. Belə ki, işin hallarından və icra işi üzrə materiallardan görünür ki, icra məmuru icra sənədlərinin tam və düzgün icra edilməsi üçün lazım olan tədbirləri görmüşdür. Müəyyən edilir ki, tələbkara məcburi işburaxmaya görə, əmək haqqı tam olaraq ödənilmişdir. Tələbkar şikayətində ona əvvəlki avtomobilinin deyil, başqa avtomobilin təhkim olunduğunu, eləcə də ona əvvəlki qaydada yol vərəqəsi verməklə onun başqa rayonlara göndərilmədiyini bildirsə də bu dəlilə qiymət verərək məhkəmə düzgün olaraq qeyd etmişdir ki, E.Əmirovla işəgötürən arasında bağlanmış əmək müqaviləsində ona nəqliyyat vasitəsinin təhkim olunması barədə hər-hansı müddəa yoxdur. E.Əmirova TTTYS-ya məxsus nəqliyyat vasitəsi təhkim olunmuşdur. Sürücüyə hansı nəqliyyat vasitəsinin təhkim edilməsi işəgötürənin səlahiyyətindədir. Eləcə də işçinin ezamiyyətə göndərilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur. Kollegiya birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365-ci maddəsini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 18 dekabr 2023-cü tarixli, 8(036)-294/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar