Məhkəmə qərarları › İş №8(106)-28/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-28/2024

13.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-28/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu əmlakı üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Borclu iştirak etmədiyindən təqdimata dair mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 28 mart 2024-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-449/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məxsus “Kia Rio” minik markalı, **-DY-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Borclu şikayət vermiş, Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Beləliklə, Qanunun tələbinə görə, şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməlidir. Hazırki halda verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Kollegiya qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət və ona əlavə edilmiş sənədlər şəxsin elektron imzası vasitəsilə imzalandıqdan sonra elektron sistemə yerləşdirilir. Bununla da, şikayət elektron kabinet vasitəsilə verilmiş hesab olunur. Lakin borclu tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsilə deyil, kağız formada tərtib edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Beləliklə, Kollegiya hesab edir ki, Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 363.1.1-1, 366.2, 366.3, 366.4, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Salyan Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar