Məhkəmə qərarları › İş №8(106)-28/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-28/2025

01.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-28/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(053)-2/2025 saylı qərardadından Borclu verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı X5 cavabdeh Borclu qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, 05 fevral 2007-ci ildə doğulmuş Fatimə, 15 aprel 2009-cu ildə doğulmuş İslam və 10 oktyabr 2014-cü ildə doğulmuş Zəhra adlı uşaqların onun yanında saxlanmasının müəyyən olunması və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 450 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(53)-52/2015 nömrəli iş üzrə 13 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflər arasında olan 03 avqust 2005-ci il tarixli, Neftçala rayon VVADQ şöbəsində 237 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 05 fevral 2007-ci ildə doğulmuş Fatimə, 15 aprel 2009-cu ildə doğulmuş İslam və 10 oktyabr 2014-cü ildə doğulmuş Zəhra adlı uşaqların X3 yanında qalması müəyyən edilmiş, Borclu 05 fevral 2007-ci ildə doğulmuş Fatimə, 15 aprel 2009cu ildə doğulmuş İslam və 10 oktyabr 2014-cü ildə doğulmuş Zəhra adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 manat olmaqla, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin X3 xeyrinə verilməsi qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 2(53)-52/2015 nömrəli mülki iş üzrə 13 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən Borclu tutulmalı olan cəmi 210 manat məbləğində alimentin indeksasiya edilməsini və Borclu xeyrinə, xx.xx.2007-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində, xx.xx.2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində və xx.xx.2014-cü ildə doğulmuş X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində alimentin müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olmuş, nikahları Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və həmin nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Fatimə, xx.xx.2009-cu il təvəllüdlü İslam və xx.xx.2014-cü il il təvəllüdlü Zəhra adlı uşaqların nikah pozulduqdan sonra onun yanında saxlanılması və xx.xx.2015-ci ildən uşaqların saxlanılması üçün Borclu hər ay hər uşağa görə 70 manat, cəmi 210 manat sabit məbləğdə alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Aliment məbləğinin sonradan artımı olmayıb və eyni məbləğdə alimentin tutulmasına dair icra sənədi Maraqlı şəxs icraatındadır. Alimentin təyin olunmasından 10 il vaxt keçib və bu müddət ərzində istehlak, o cümlədən ərzaq mallarının dəfələrlə bahalaşması, inflyasiya ilə əlaqədar alimentin indeksasiyası zəruridir. Neftçala Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(053)-2/2025 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin 2(53)-52/2015 nömrəli iş üzrə 13 fevral 2015-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan aliment məbləğinin indeksasiyası ilə bağlı X1nın ərizəsi təmin olunmuş, Neftçala Rayon Məhkəməsinin 2(53)-52/2015 nömrəli iş üzrə 13 fevral 2015-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiyası aparılaraq, Borclu X4 xeyrinə 05 fevral 2007-ci il təvəllüdlü X6, 15 aprel 2009-cu il təvəllüdlü X7 və 10 oktyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar da nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsi və alimentin hesablanmasının 16 yanvar 2025-ci il tarixdən həyata keçirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayətlə müraciət edərək Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(053)-2/2025 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə formal olaraq indeksasiya mahiyyəti daşısa da, məzmunca sonuncu dəfə təyin edilmiş aliment məbləğinin həcminin artırılmasına istiqamətlənmişdir. Məhkəmə isə, işə formal mülahizələr əsasında yanaşmış və ərizəni səhvən icraata götürmüşdür. Məhkəmə işə iddia icraatı qaydasında baxaraq bütün mövcud və gözlənilən maraqları təmin etməli olduğu halda, işəicra icraatı qaydasında baxmış, nəticədə göstərilən prosessual pozuntuya yol vermişdir. Məhkəmə gedişatında işin mühüm əhəmiyyət kəsb edən bir çox halları, xüsusən də onun ikinci dəfə ailə həyatı qurmağı və ikinci ailəsindən 2 övlad sahibi olmağı ilə bağlı xüsusatlar araşdırılmamışdır. Bununla da mübahisələndirilən qərardadın maraqlarına toxunduğu şəxslərin dairəsi düzgün müəyyən olunmamış, onun təsir dairəsi yalnız tələbkarın göstərdiklərinə əsasən müəyyən edilmişdir. Neftçala Rayon Məhkəməsinin mübahisələndirilən qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qərardadda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Buna görə də Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(053)- 2/2025 saylı qərardadı ləğv edilməli və iş üzrə icraata xitam verilməsi haqqında yeni qərardad qəbul edilməlidir. Neftçala Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 8(053)-2/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 10 fevral 2025-ci il tarixli qərardadının qüvvəsində saxlanılması və şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Neftçala Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(053)-2/2025 saylı qərardadı dəyişdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə tərkibi şikayətə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq bildirir ki, həqiqətən də, hazırkı işin müəyyən edilmiş halları birgə nikahdan doğulmuş bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasını zəruri edir. Bununla yanaşı, məhkəmə tərkibi təyin edilmiş alimentin məbləğinin müəyyən edilməsi zamanı işin hallarının, tərəflərin maddi və ailə vəziyyətinin, diqqətəlayiq olan digər halların tam nəzərə alınmadığını bildirir. Belə ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli yuxarıda göstərilən Qərarında qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Bundan başqa “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Buna görə də 05 fevral 2007-ci il təvəllüdlü X6, 15 aprel 2009-cu il təvəllüdlü X7 və 10 oktyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (400 x 0,45= 180 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını, uşaqların ananın himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, aliment məbləğinə aid hissədə dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli 8(053)-2/2025 saylı qərardadı dəyişdirilsin. 05 fevral 2007-ci il təvəllüdlü X6, 15 aprel 2009-cu il təvəllüdlü X7 və 10 oktyabr 2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli (400 x 0,45= 180 manat) həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar