Məhkəmə qərarları › İş №8(106)-29/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-29/2023

30.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-29/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 8(038)06/2023 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə ərizə ilə müraciət edərək Yardımlı Rayon Məhkəməsinin 2(038)- 559/2016 saylı, 14 iyul 2016-cı tarixli icra sənədi üzrə məhkəmə əmrinin icrasına 1 il möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Xəzər rayon Mərdəkan qəsəbəsində yerləşən 181 saylı tam orta məktəbdə müəllim işləyir və 619 manat əmək haqqı alır. Arvadı və iki uşaqdan ibarət ailə tərkibi vardır və əmək haqqından başqa əlavə gəlir mənbəyi yoxdur. Özünün və oğlu Rəsul Adıgözəllinin səhhətində problemlər vardır. Bu səbəblə icra sənədini birdəfəlik icra edə, maddi vəziyyəti ilə bağlı keyfiyyətli müalicə ala bilmir. Yardımlı rayonunda onun torpaq sahəsi vardır, onu satmaqla icra ödənişini edə bilər. Lakin həmin torpaq sahəsinin digər mülkiyyətçisi vəfat etmişdir, vərəsəlik işləri ilə əlaqədar payının ayrılması, ayrıca mülkiyyətçi kimi tanınması üçün zamana ehtiyacı vardır. Bu hərəkətlərə görə 1 ilə qədər müddətə ehtiyacı vardır. Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 8(038)06/2023 saylı qərardadı (hakim H.Bəhmənov) ilə, borclu X1 Yardımlı Rayon Məhkəməsinin 2(038)- 559/2016 saylı, 14 iyul 2016-cı tarixli icra sənədi üzrə məhkəmə əmrinin icrasına 1 il möhlət verilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət vermişdir. Yardımlı Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 8(038)06/2023 saylı qərardadı ilə, borclu X1 Yardımlı Rayon Məhkəməsinin 8(038)- 06/2023 saylı, 04 aprel 2023-cü il tarixli qərardadından verimiş olduğu şikayət ərizəsinin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni Yardımlı Rayon Məhkəməsinin 2(038)-559/2016 saylı, 14 iyul 2016-cı tarixli icra sənədi üzrə icraata möhlət verilməsi barədə qanunvericilikdə göstərilmiş müstəsna halların müəyyən edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, icra sənədi üzrə icraata möhlət verilməsi barədə ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «İcra haqqında» 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə -hissə icra etməyə, habelə onun icra üsulunu və qaydasını dəyişməyə haqlıdır. Göründüyü kimi qanunun tələbinə görə icra sənədi üzrə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, icra sənədinin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın da mənafeyi nəzərə alınmalıdır Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün ilk növbədə, icra sənədinin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə məhkəmə aktının icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Hazırkı halda Yardımlı Rayon Məhkəməsinin 2(038)-559/2016 saylı, 14 iyul 2016-cı tarixli icra sənədinin 7 ilə yaxın müddətdir ki icra edilməməsi, borclu tərəfindən icra sənədinin icrasının uzanmasına şərait yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. (Hornsbi Yunanıstana qarşı işüzrə 19 mart 1997-ci il tarixli Qərar, §40) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı işüzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 8(038)06/2023 saylı qərardadı prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır və əsaslıdır. Borclu X1 şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 8(038)06/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar