Məhkəmə qərarları › İş №8(106)-32/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-32/2024

17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-32/2024 17.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 8(032)-31/2024 saylı qərardadından X1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh Borclu qarşı əmlak barədə iddia ərizəsi qismən təmin edilmişdir. X2 xx.xx.2024-cü il tarixdə icra sənədinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçıya məxsus əşyaların özləri, olmadığı təqdirdə dəyəri alınaraq iddiaçı X5 verilməsi, tərəflərin birgə nikah dövründə alınmış BAN W0L0TGF35X2038798, 99BN428 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 3000 manat cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi, cavabdeh Borclu xüsusi mülkiyyətində olan və xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 2,871 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə X4 ½ hissədə olan payı müəyyən edilsin və buna dair reyestrdən çıxarışın verilməsi DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi, X3 şəhəri, M.ünvan 1 ünvanına köçürülsün və onun evdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi iş üzrə cavabdeh Borclu qadağan edilməsi qət edilmişdir. Həmin qətnamədən o və cavabdeh qismən narazı qaldıqları üçün verdikləri apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)- 581/2023 saylı qətnaməsi ilə ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqi 1 ilə yaxındır ki, Şirvan şəhər İcra və Probasiya Şöbəsində icra məmurlarının icraatında olmaqla tam icra edilmir, süni maneələr yaradılır ki, bu icra vərəqənin icrasız qalmasına gətirib çıxarmışdır. İcra vərəqində 1-ci hissə kimi göstərdiyi cehiz əşyaları icra edilmir ona görə ki, 2-ci hissə kimi göstərdiyi evə köçürülmə və sair tələbi icra edilən kimi həmin əşyaları köçürüldüyü mənzilə yerləşdirəcəkdir. Bununla bağlı aidiyyatı üzrə İcra Baş İdarəsinə şikayət ünvanlayandan sonra icra məmuru tərəfindən həmin icra vərəqi üzrə təyinat verildikdən sonra, icra yerində o və nümayəndəsinin iştirakı ilə borclu təklif verərək qeyd etdi ki, guya ona kompensasiya verəcək və o da onun qarşılığında həmin icra vərəqindən imtina edəcəkdir. Lakin iş üzrə borclu bundan sonda imtina etdiyi üçün, icra işi təyin edilsə də məlum oldu ki, köçürüləcəyi mənzilin otağının dəhlizə açılan qapısı və pəncərəsi iş üzrə borclu tərəfindən mişar daşları ilə istifadə edilməməsi üçün ara kəsilmiş və fərdi yaşayış evinin arxa tərəfinə qapı açılmışdır ki, icra vərəqinin 1 və 2-ci hissələri bu səbəblərdən icra edilməsinə etiraz edib, xx.xx.2023-cü il tarixli akta qol çəkməkdən imtina etmişdir. Daha sonra icra vərəqinin 3-cü hissəsi kimi göstərdiyi tərəflərin birgə nikah dövründə alınmış BAN WOLOTGF35X2038798, 99BN428 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 3000 manatın cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi hissəsi, borclunun mülkiyyətində əmlakları olmasına baxmayaraq xeyli vaxtdan sonra borclunun əmək haqqının 30%-nə yönəltmə edilmişdir. Baxmayaraq ki, iş üzrə borclu həmin hissəsinin hissə-hissə icra edilməsi üçün aidiyyatı üzrə Şirvan şəhər Məhkəməsinə müraciət etmiş və Şirvan şəhər Məhkəməsi (hakim - sədrlik edən Səidə xanım Mammadova) tərəfindən ərizə təmin edilməmişdir. İcra vərəqinin 3-cü hissəsi kimi göstərdiyi birgə nikah dövründə alınmış BAN WOLOTGF35X2038798, 99BN428 dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 3000 manatın cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi hissəsi - borclunun (qətnamənin hissə- hissə icra edilməsi üçün) ərizəsi Şirvan şəhər Məhkəməsi tərəfindən rədd edilsə də, icra məmuru ona məlum olmayan maddi neyməti daha üstün tutaraq borclunun əmək haqqına 30 % yönəltmə etmişdir. Buna öz etirazını bildirmək üçün Şirvan şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, rəisi və Şirvan Regional Ədliyyə Şöbəsinin rəisinin qəbulunda olsa da, etirazı təmin edilmədi. Yalnız, Şirvan Regional Ədliyyə Şöbəsindən ona ünvanlanan məktubda həmin yönəltmənin neçə faiz olması açıq-aşkar görünür ki, gizlədilmişdir. X2 və vəkili Nümayəndə ərizəni müdafiə edərək Şirvan şəhər Məhkəməsinin 2(032)- 1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etdi. həmçinin izahatlarında bildilər ki, Borclu evin içərisində ona ayrılmış otağın qapısını daşla hörmüşdür, nəticədə tələbkar evin mətbəx və hamam otağından istifadə etməsi üçün çölə çıxıb, evi dövr edib mətbəxə ayrıca qapıdan keçməlidir. Bu bir daha göstərir ki, borclu qətnamənin icrasına maneəçilik törədir. Borclu məhkəmə iclasında iştirak edərək qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X9 məhkəmə iclasında İzah verilməsi ilə əlaqədar məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Həmçinin bildirdi ki, tələbkarın qətnamədə sadalanan bütün əmlakları yoxlanılmış, hamısı yerindədir, akt tərtib olunsa da tələbkar bildirmişdir ki, evdə köçüb yaşayacağından əşyaların orda qalmasını istəyir. Avtomobilin dəyərinin yarı hissəsinin cavabdehdən tutulmasına münasibətdə isə məhkəmə hesab edir ki, lazimi icra hərəkətlərini həyata keçirmiş, tutulma borclunun qazancına yönəlmişdir. Evə köçürülmə hissəsinə münasibətdə isə otağın, həyətin giriş və evin əsas giriş qapısının açarları tələbkara təqdim edilsə də o imtina etmişdir. Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 8(032)-31/2024 saylı (Hakim: Səidə Məmmədova) qərardadı ilə, ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan X1 nümayəndəsi-vəkili Nümayəndə şikayət vermişdir. Şirvan Şəhər Məhkəməsinin 10 may 2024-cü il tarixli, 8(032)-31/2024 saylı qərardadı ilə, şikayətin təmin olunmaması, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarını riayət etməsini yoxlayır. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsini ərizənin əsassız olması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin aktı ilə razılaşmayan X1 nümayəndəsi-vəkili Nümayəndə vermiş olduğu şikayətində Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 8(032)-31/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Birinci instansiya məhkəmələrində işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə kollegiyası qeyd edilən prosessual normaları müqayisəli təhlil edərək qeyd edir ki, birinci instansiya məhkəməsində icraat şəxsin məhkəməyə müraciət etməsi ilə başlanır və işə mahiyyəti üzrə baxılması müvafiq olaraq iddia tələblərinin və ya məhkəməyə ünvanlanmış xahişin əsasında və hədlərində həyata keçirilir. Yəni şəxsin iddia tələbinin xahiş etdi hissəsində göstərilən tələbə məhkəmə baxmalı, həmin tələb həddində tələbin təmin və ya təmin edilməməsinə dair qətnamə qəbul etməlidir. İddia tələbindən kənara çıxma prosessual hüquq normasının pozulması kimi dəyərləndirildiyindən müstəsna hallar istisna olmaqla tələbdən kənara çıxmağa yol verilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icrası hər bir şəxs üçün, o cümlədən borclu olan şəxs tərəfindən məcburi olmaqla qeyd-şərtsiz icra edilməlidir. Əgər qətnamənin icrası zamanı icra edilməsinə hər hansı maneə yaranarsa, qətnamənin məzmununu dəyişdirmədən həmin qətnaməni qəbul edən məhkəmə müraciət əsasında izah edə bilər. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə X4 cavabdeh Borclu qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh Borclu iddiaçıya məxsus cehiz əşyalarının, özləri olmadığı halda isə dəyərinin alınması, tərəflərin birgə nikah dövründə alınmış BAN W0L0TGF35X2038798, 99BN428 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 3000 manat cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi, cavabdeh Borclu xüsusi mülkiyyətində olan və xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 2,871 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə X4 ½ hissədə olan payı müəyyən edilsin və buna dair reyestrdən çıxarışın verilməsi DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə həvalə edilməsi, X4 Şirvan şəhəri, M.ünvan 1 ünvanına köçürülsün və onun evdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi iş üzrə cavabdeh Borclu qadağan edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-581/2023 saylı qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(032)-1468/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə yuxarıda qeyd olunan qətnamə üzrə icraata başlanılmış və icra prosesi davam etməkdədir. Şirvan şəhər Məhkəməsinin 8(032)-17/2024 nömrəli, 23 fevral 2024-cü il qərardadı ilə ərizəçi Borclu Şirvan şəhər Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(032)- 1468/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli aktında göstərilmişdir ki, iş üzrə tələbkar X5 məxsus icra sənədində göstərilən cehiz əşyaları yerində aşkar olundu. İş üzrə Borclu qalmalı olan əşyalar müəyyən edilərək təhvil verildi. Birgə nikah dövründə əldə olunan digər əşyalar da yerində müəyyən edildi, lakin X8 əşyaları götürməkdən imtina etdi. Borclunun heç bir narazılığı olmamasına baxmayaraq tələbkar X3 şəhəri, ünvan 3 ünvanında ona ayrılmış sahə olmasına baxmayaraq evə köçməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, tələbkar X5 həmin mənzilin giriş qapısının açarı, həyətə giriş qapısının açarı vəotaqların açarları borclu tərəfindən təqdim edildi. Lakin buna baxmayaraq tələbkar X6 açarları götürməkdən və evə köçməkdən imtina etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 73.1-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunun müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. 73.2-ci maddəsinə əsasən borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, habelə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququna malikdir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. 73.3-ci maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4-ci maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli Plenum qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. İlk öncə Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsində sadalanan və cavabdehdən əşyaların özünün, olmadığı halda isə pul ilə dəyərinin ödənilməsini müəyyən edən hissəyə münasibətdə kollegiya hesab edir ki, qətnamənin bu hissədə əlavə olaraq izahına ehtiyac yoxdur və göstərilən ifadələrin özündən də onun məzmunu tam şəkildə aydındır. Sözügedən qətnamənin “tərəflərin birgə nikah dövründə alınmış BAN W0L0TGF35X2038798, 99BN428 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 3000 manat cavabdeh Borclu alınaraq iddiaçı X5 verilməsi” hissəsində izah verilməsinə dair tələbkarın xahişinə münasibətdə kolegiya bir daha təmin olunan tələbin tam aydın məzmunda qətnamədə göstərilməsi əsası ilə əlavə izaha heç bir lüzum qalmadığını hesab edir. O ki, qaldı tələbkarın məbləğin tutulması ilə əlaqədar borclunun qazancına yönəldilməsi və az miqdarda pulun tutulması ilə əlaqədar etirazlarına, məhkəmə bu məsələnin icra qaydasında, narazı tərəfin icranı həyata keçirən orqan və ya səlahiyyətli şəxsin hərəkətlərindən şikayət etmək kimi hüquqlarının olmasını xatırladır. Nəhayət qətnamənin “X3 şəhəri, M.ünvan 1 ünvanına köçürülməsi və onun evdən sərbəst istifadəsinə hər hansı bir maneçilik edilməsi iş üzrə cavabdeh Borclu qadağan edilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qətnamənin göstərilən hissəsində aydın şəkildə tələbkarın Şirvan şəhəri, M.ünvan 1 ünvanına köçürülməsi və onun evdən sərbəst istifadəsi dedikdə - onun göstərilən ünvanda yerləşən mənzilə hər hansı məhdudiyyət qoyulmadan köçürülməsi, mənzilin bütün hissəsindən tam sərbəst şəkildə, heç bir maneə olmadan, maneəçiliyin cavabdeh tərəfindən törədildiyi halda isə bunun qadağan edilməsi ilə istifadə etməsi nəzərdə tutulur. Göstərilən səbəbdən də qətnamənin qeyd olunan hissəsinə də əlavə olaraq izah verilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qətnaməyə izah edilməsi birinci instansiya məhkəməsinin iddia tələbi barədə çıxarılmış qətnaməsinin məzmunundan, o cümlədən həmin iddia tələbindən kənara çıxmasına səbəb olmamalıdır. Həmçinin iddia tələbi üzrə araşdırma aparılan zaman bu məsələyə yuxarıda qeyd edilən qətnamə ilə artıq hüquqi qiymət verildiyindən Şirvan şəhər Məhkəməsinin 2(032)-1468/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsində anlaşılmayan hər hansı bir hal mövcud olmadığından onun izah edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 8(032)-31/2024 saylı qərardadı maddi və prosessual hüquq normalarına riayət olunmaqla çıxarılmışdır və əsaslıdır. X1 nümayəndəsi-vəkili Nümayəndə şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 360, 365, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: X1 nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 8(032)-31/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar