Məhkəmə qərarları › İş №8(106)-33/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-33/2023

14.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-33/2023 14.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Tələbkar məxsus ünvan 1 ünvanından onun cehiz əmlaklarının çıxarılmasına 6 ay möhlət verilməsi və qərarın icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Neftçala rayon İcra və Probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli qərarına əsasən onun cehiz əmlaklarının Tələbkar məxsus olan ünvan 1 ünvanından çıxarılması barədə bildiriş gəlmişdir. Borclu hazırda himayəsində olan 2 azyaşlı uşağı ilə birgə atasının evində məcburi olaraq məskunlaşmışdır. Onların yaşadığı ev həddən artıq dardır. Borclunun cehiz əmlakları oraya yerləşməyəcək, onların həmin evdə yaşamasına və rahatlığına maneçilik törədəcək. Hazırda maddi imkanı olduqca zəifdir. Borclunun heç bir yerdən gəlir və ya qazancı yoxdur. O, çox çətin bir şəraitdə yaşayır. Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 nömrəli mülki iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair X1nın ərizəsi rədd edilmişdir. Həmin qərardaddan narazı qalan X1 şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 məxsus olan cehiz əmlaklar iddiaçı Tələbkar məxsus olan ünvan 2 ünvanında yerləşən evdən götürülərək cavabdeh X3 qaytarılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1861/2022 nömrəli mülki iş üzrə 21 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə Neftçala Rayon Məhkəməsinin 2(053)-337/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-21/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə borclunun Tələbkar qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini və qərarın icrasının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-5/2023 saylı, 30 mart 2023-cü il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir. Həmin qərardad qəbul edilərkən mülki və mülki-prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmənin qəbul etdiyi qərardad borcluya məxsus cehiz əmlakların məhvi üçün açıq şərait yaradır. Bu isə borclunun maddi hüquqlarına toxunur. Qanunverici işdə iştirak edən şəxslərin ərizəsi əsasında iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq qətnamənin icrasına möhlət verilməsi imkanını müəyyən etmişdir. Lakin buna baxmayaraq, Neftçala Rayon Məhkəməsi qanunvericiliyin borcluya verdiyi bu hüququn realizəsi üçün şərait yaratmamışdır. Bununla da, məhkəmə borcluya məxsus əmlakların real vaxt dövründə məhvi üçün açıq şərait yaratmışdır. Belə ki, borclu məhkəməyə ona məxsus əmlakların yerləşdirilməsi üçün hər hansı bir sahənin olmamasını bildirsə də, məhkəmə heç bir sübut olmadan onun ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzildə yaşadığını, bundan başqa guya borcluya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli binalarda mənzili olmasını əsas gətirərək ərizəni təmin etməmişdir. Borclu məhkəmənin bu qənaəti ilə razı deyil. Ona görə ki, hal-hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən mənzil atasına məxsusdur. Orada borcludan başqa, atası, anası, qardaşı və onun ailəsi yaşayır. Bu mənzilə cehiz əşyalarından hər hansı birinin gətirilməsi və yerləşdirilməsi mümkün deyil. Bundan əlavə, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində çoxmənzilli binalarda borcluya məxsus hər hansı bir mənzil mövcud deyil. Bütün bunlar heç bir sübuta əsaslanmayan formal mülahizələrdir. Borclunun həqiqətən də əmlaklarının yerləşdirilməsi üçün real imkanı yoxdur. Onun belə bir imkanı olsaydı, borclu özünə məxsus əmlakları həmin ünvandan çıxarıb onlardan istifadə edər, onlar üzərində sərəncam verərdi. Hazırkı halda əmlaklarının həmin ünvandan çıxarılması əmlakların yararsız hala düşməsi, hətta məhvi ilə nəticələnəcəkdir. Ona görə də hesab edir ki, sözügedən ünvandan əmlaklarının çıxarılması üçün ona ən azı 6 ay möhlət verilməlidir. Neftçala Rayon Məhkəməsinin 8(053)-5/2023 saylı, 11 may 2023-cü il tarixli qərardadı ilə şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 30 mart 2023-cü il tarixli qərardadı qüvvəsində saxlanılmış, hazırkı qərardadın surətinin 8(053)- 5/2023 nömrəli işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Neftçala Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2(053)- 337/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdə X2 yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, X3 məxsus olan cehiz əmlakların Tələbkar məxsus olan ünvan 1 ünvanında yerləşən evdən götürülərək X3 verilməsi qət edilmişdir. İşdə surəti olan Neftçala Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2(053)- 21/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X2 X5 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarının 7-ci vərəqində olan ərizədən görünür ki, tələbkar Əsgərov X6 Rayon Məhkəməsinə müraciət edərək, borclunun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Tələbkar bildirmişdir ki, borclunun hazırkı ərizəsi qüvvədə olan icra sənədinin icrasından yayınmaq məqsədi güdür. Borclunun cehiz əmlakının tələbkara məxsus mənzildə bugünədək qalması kifayət qədər onun yaşayış səviyyəsinə çətinliklər yaratmışdır. Belə ki, həmin əmlaklar mənzilin bir otağında yerləşməklə borclu tərəfindən qapısı qıfıllanmışdır. Bu isə həmin otağa giriş-çıxışı məhdudlaşdırmaqla yanaşı, təhlükəli hallar olacağı təqdirdə müdaxiləni də məhdudlaşdırır. Qeyd edilən səbəblərdən borclunun özünə məxsus əmlakının qısa vaxt ərzində həmin otaqdan çıxarılması zəruridir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə hesab edir ki, borclunun şikayətinin dəlilləri məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün müstəsna hallar kimi dəyərləndirilə bilməz. Belə ki, borclu tələbkarın mənzilindən özünə məxsus olan cehiz əmlaklarını çıxarıb atasına məxsus mənzilə gətirəcəyi halda, həmin mənzildə yaşamağın mümkün olmayacağını və həmin əşyaların atasına məxsus mənzilə yerləşməyəcəyini bildirmişdir. Eyni zamanda, tələbkar da qeyd etmişdir ki, cehiz əmlaklarının ona məxsus mənzildə qalması onu mənzilin 1 otağından istifadə etmək imkanından məhrum edir. Göründüyü kimi, borclunun ərizəsinin təmin olunması halında tələbkarın konstitusion xarakterli mülkiyyət hüququ pozulmaqla, onun öz mülkiyyətində olan mənzildən istifadəsinə məhdudiyyətin yaranmasına gətirib çıxaracaqdır. Bundan əlavə, borclu maddi imkanının aşağı olduğunu bildirmiş, eyni zamanda, qətnamənin icrasına ən azı 6 ay möhlət verilməsini xahiş etmişdir. Belə olan halda isə qətnamənin icrasına hazırkı halda 6 ay möhlətin veriləcəyi təqdirdə məhz bu 6 ay içərisində borclu tərəfindən qətnamənin icrası üçün hər hansı əməli tədbirlərin görüləcəyi də inandırıcı deyil. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən hüquq normalarına düzgün riayət edilmişdir. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 8(053)-5/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar