Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-34/2023 16.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında icra məmurunun qərarından borclu Ş.Musayevanın şikayətinə dair iş üzrə Lerik Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadından X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Şirvan Apellyasiya Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(106)-819/2022 saylı qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(048)-789/2021 saylı qətnaməsi X6 aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, iddiaçı X4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməsi və ona həmin evdə kommunal xidmətlərdən istifadəyə imkan verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, Maraqlı şəxs icra məmuru Dilqəm Mütəllimli 18 yanvar 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icra məmurunun icra sənədi üzrə icraata başlamaq haqqında 18 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə tələbkar X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi ilə razı deyil. Tələbkarın tələb etdiyi yaşayış sahəsi yararsız vəziyyətdə olduğundan 11 il ərzində tələbkarın həmin yaşayış sahəsindən xəbəri olmamışdır. Tələbkarın Lerik Rayon Mərkəzi Bazarının yanında hər cür kommunal şəraiti olan yaşayış sahəsi vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra sənədi icra şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilməklə, vətəndaşa könüllü müddət müəyyən edilməlidir. Lakin icra məmuru icraata başlamaq haqqında qərar qəbul etsə də, həmin qərarı borcluya təqdim etməmiş və həmin qərardan borclunun heç bir məlumatı olmamışdır. Lerik Rayon Məhkəməsinin (hakim A.Kiçibəyov) 05 aprel 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardaddan borclu şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarın mübahisəli yaşayış sahəsinə köçürülməsi ilə razı deyil. Belə ki, uzun illərdir ailəsi münaqişəli ailə kimi Lerik Rayon Polis Şöbəsində qeydiyyatdadır. Himayəsində nəvələri, azyaşlı Miribrahim Əzizili və Mirzaur Əzizli yaşayır və Lerik şəhər 3 saylı tam orta məktəbdə təhsil alırlar. X1, X7 və X3 borcluya verdikləri etibarnamələri nəzərə alıb onun şikayətinin qəbul edilməsini xahiş etmişdir. Münaqişəli ailə kimi qeydiyyatda olmaqlarını nəzərə alıb Lerik Rayon Polis Şöbəsinə sorğu göndərilməlidir. Əks təqdirdə mübahisəli evə tələbkarın köçürülməsi qeyri-mümkündür. Hər an cinayət hadisəsi baş verə bilər. Tələbkarın tələb etdiyi yaşayış sahəsi yararsız vəziyyətdə olduğundan 11 il ərzində tələbkarın həmin yaşayış sahəsindən xəbəri olmamışdır. Evdə istifadə edilən kommunal xidmətlər tələbkarın adını daşımır və kommunal xidmətlərdən istifadə etməsinə etiraz edirlər. Hal-hazırda tələbkarın başqa yerdə, Lerik Rayon Mərkəzi Bazarının yanında, Cəfər Cabbarlı küçəsində əla təmirli, hər cür kommunal şəraiti olan yaşayış sahəsi vardır. Lerik Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə bildiriş göndərilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İcra sənədinə əsasən X2 rayonu, E.Qasımov küçəsi, ev 14 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməli və ona həmin evdə kommunal xidmətlərdən istifadəyə imkan verilməlidir. Maraqlı şəxs icra məmuru Dilqəm Mütəllimli 18 yanvar 2023-cü il tarixdə icra sənədi üzrə icraata başlamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Maraqlı şəxs icra məmurunun 18 yanvar 2023-cü il tarixli qərarında borcluya icra sənədinin könüllü icra edilməsi üçün vaxt verilmişdir. Məhkəmə Kollegiyası icraata başlamaq haqqında qərarın qanunsuzluğu və ya əsassızlığı ilə bağlı hər hansı əsas tapmır. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 365-ci maddəsini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 8(048)-6/2023 saylı, 05 aprel 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №8(106)-34/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-34/2023
16.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver