Məhkəmə qərarları › İş №8(106)-37/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-37/2023

21.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-37/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadından X1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının müvəqqəti dayandırılmasını və icra işinin icra olunmasına möhlət verilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs icra məmuru Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi ilə xx.xx.2023-cü il tarixdə şənbə günü saat 10:00-dan 18:00-dək iddiaçı X5 birgə azyaşlı övladları olan xx.xx.2019-cu il təvəllüdlü X11 ilə görüş tələbinin icrası üçün vaxt müəyyən etmişdir. Elgün Qasımovun ona qarşı etdiyi zorakılıq, psixi, mənəvi və fiziki təzyiqlər nəticəsində övladı travmalı doğulmuşdur və ildə 2-3 dəfə Bakı şəhərində həkim müayinəsindən keçirilməklə müalicə alır. Sonuncu dəfə 22 mart 2023-cü il tarixdə “Diamed” klinikasında həkim müayinəsində olmuş və bir ay yarımlıq müalicə təyin edilmişdir. Hazırda oğlu psixoloji, nitq və əqli inkişafdan geri qalma diaqnozu ilə müalicə alır. Ona görə də onun azyaşlı olmasını və 01 aprel 2023-cü il tarixdən müalicə kursunu qəbul etməsini nəzərə alaraq, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının müvəqqəti dayandırılmasını və icra işinin icra olunmasına möhlət verilməsini xahiş edir. Əlavə olaraq bildirir ki, icra məmurunun icraata başlanılması haqqında xx.xx.2023-cü il tarixli qərarını 07 aprel 2023-cü il tarixində almış və göründüyü kimi, həmin qərardan 10 gün müddətində şikayət vermə müddətini ötürməmişdir. Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadı ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) ərizəçi X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 saylı, xx.xx.2022-ci il tarixli icra işinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X4 şikayət vermiş, şikayətində Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadının ləğv edilməsini, şikayət təmin edilmədiyi halda MPM-in 269-cu maddəsinə uyğun olaraq şikayətin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nərmin Hüseynağalı şikayətini ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, borclunun tələbkarın hüquqlarını pozmaq və onun uşağı ilə ünsiyyətinin əleyhinə olmamasını məhkəmə nəzərə almalıdır. Lakin uşağın sağlamlığı baxımından mənafeyi hər iki valideyn üçün önəm daşımalıdır. Uşağın xəstə vəziyyəti ilə maraqlanmayan ata, onun harada müalicə alması, hansı xəstəlikdən əziyyət çəkməsi, danışıq problemləri ilə maraqlanmır, alimenti belə vaxtında (3 aydır) ödəmir. Lakin bütün hallarda təkid edir ki, uşaqla görüşsün. Həkimin göstərişinə əsasən müalicə kursu bitdikdən sonra may ayının 20-dən sonra yenə də uşağı müayinəyə aparmalıdır. Uşağın sağlamlığı ilə əlaqədar müalicə aldığı müddət ərzində uşağın mənafeyi baxımından icra işinin icrasına möhlət verilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 8(048)-9/2023 saylı, 12 may 2023-cü il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadından X2 vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməmiş, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Maraqlı şəxs 27 mart 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbkar X5 xx.xx.2019-cu il tarixdə anadan olmuş X11 ilə həftənin şənbə günü saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-50.3-cü maddələrinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Borclu tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, X3 əqli, nitq inkişafının geriliyi, yuxu pozğunluğu diaqnozu qoyulmuşdur. Ailə Məcəlləsinin 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. X3 qoyulmuş diaqnozda onun atası X7 ilə ünsiyyətdə olması üçün hər hansı bir maneənin olması, həmçinin Elgün Qasımovun azyaşlı Yusif Qasımovun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməsi barədə iş materiallarında hər hansı bir sübut mövcud deyil. X10 şikayətində tələbkarın uşağı ilə maraqlanmadığını və alimenti ödəmədiyini bildirsə də, bu hallar valideynin uşağı ilə ünsiyyətdə olması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına möhlət verilməsinə əsas verə bilməz. Bundan əlavə, uşağın hazırda müalicə alması və bu müalicənin davam etməsi onun atası ilə ünsiyyətdə olmasına mane olmur. Borclu icra sənədinin icrasına uşağın müalicə aldığı müddətdə möhlət verilməsini istəsə də, göründüyü kimi, onun tələbi qeyri-müəyyən olmaqla, bir valideyn kimi tələbkarın öz uşağı ilə ünsiyyət prosesinin pozulmasına da gətirib çıxara bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna haldır və bu zaman yalnız borclunun deyil, eyni zamanda tələbkarın və hazırkı halda uşağın da mənafeyi nəzərə alınmalıdır. Lakin göründüyü kimi hazırkı iş üzrə icra sənədinin icrasına möhlət verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə hesab edir ki, X1nın şikayətinin dəlilləri icra sənədinin icrasına möhlət verilməsi üçün müstəsna hallar kimi dəyərləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası şikayəti əsassız sayır və bildirir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 8(048)-9/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər Zaur Allahyarov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar