Məhkəmə qərarları › İş №8(106)-37/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-37/2025

17.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-37/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(032)-37/2025 saylı qərardadından Borclu verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-939/2019 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh Borclu qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X7 X4 yanında qalması, cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. X1 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-939/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər ay 160 manat sabit pul məbləğində aliment hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, övladı X7 təlabatları günü-gündən artmaqdadır. Habelə uşağın günlük xərcləri ilə yanaşı istehlak mallarının və qiymətlərinin qalxması nəticəsində qızının saxlanması üçün Borclu ödədiyi aliment yetərsizdir. Bu səbəbdən də həmin çatışmazlıqların, tam və ya qismən kompensasiyası zərurəti yaranmışdır. Bundan başqa 27 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən əhalinin əsas sosialdemoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsi, onun yuxarıda göstərdiyi xüsusatların təsdiqi olaraq göstərilmişdir. Şirvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(032)-37/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayətlə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 8(032)-37/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilib ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, özü hazırda heç bir yerdə işləmir, daimi gəlir yeri yoxdur. Maddi vəziyyətini, övladlarının saxlanması, həmçinin, övladları ilə ünsiyyətdə olduğu zaman xərcləri və gündəlik tələbatı (kommunal xərcləri) nəzərə alaraq, ilkin olaraq Azərbaycan Beynəlxalq Bankından xx.xx.2024-cü il tarixdə 3000 manat və qardaşının vəfatı ilə əlaqədar kapital bank ASC-də 5000 manat götürdüyü kredit məbləğləri onun tərəfindən ödənilir. Məhkəmə tərəfindən cavabdehin gəlirləri, maddi vəziyyəti nəzərə alınmadan əsassız qərardad qəbul edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş 160 manat sabit pul məbləğində müəyyən edilmiş aliment məbləği bir uşağın saxlanması üçün qismən yetərlidir. Bundan əlavə ödənilən 160 manat aliment məbləğindən kənar ünsiyyətdə olduğu vaxtı maddi və mənəvi dəstəyimi əsirgəmir. Bundan əlavə məhkəmə tərəfindən araşdırma nəticəsində ərizənin təmin edilməsi qərara alınsa da yekun nəticə hissəsində tələbdən daha artıq məbləğ təmin edilməsi ifadə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-37/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(032)- 37/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(032)-37/2025 saylı qərardadı dəyişdirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Minimum aylıq əmək haqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019- cu il tarixli Sərəncamına əsasən minimumum aylıq əmək haqqının məbləği 1 mart 2019-cu il tarixdən 180 manat müəyyən edilmişdir. Ona görə də xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, təyin edilmiş alimentin indeksasiya edilməsi zamanı birinci instansiya məhkəməsi səhvə yol verilmişdir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, AR Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən minimumum aylıq əmək haqqının məbləği 1 mart 2019-cu il tarixdən 180 manat müəyyən edilməsini əsas gətirərək həmin məbləğə əsasən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində aliment tutulması nəticəsinə gələrkən səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimumum aylıq əmək haqqının məbləği 1 sentyabr 2019-cu il tarixdən 250 manat müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2017-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X5 verilməsi ilə bağlı Şirvan Şəhər Məhkəməsinin qətnaməsi 24 sentyabr 2019-cu ildə qəbul edilmişdir. Yəni qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi indeksasiya ilə bağlı müraciəti təmin edərkən Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 180 manat məbləği indeksasiya edərək səhvə yol vermişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı Qərarında qeyd edilən müddəları nəzərə alan məhkəmə tərkibi hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli (160:250=0.64) həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə tərkibi işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, aliment məbləğinə aid hissədə dəyişdirilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(032)-37/2025 saylı qərardadı dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar