Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-38/2024 14.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC tərəfindən verilmiş şikayətə dair iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli qərardadından BOKT "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məkəmə icasında baxaraq, müəyyənetdi: Şirvan şəhər 1 Saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən verilmiş 8i-6956 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu BOKT "xxxx" MMC-nin xeyrinə 151 (yüz əlli bir) manat məbləğində pul tutulmalıdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun 18 mart 2024-cü il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Tələbkar BOKT "xxxx" MMC icra sənədinin qaytarılması haqqında Şirvan Şəhər İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin Borclu barəsində 8İ-6956 saylı, 29 avqust 2023-cü il tarixli icra sənədinin geri qaytarılması barədə 18 mart 2024-cü il il tarixli qərarı qanunsuz və əsassızdır. Şikayətə görə, icra məmuru tərəfindən geri qaytarılmış icra sənədi ilə bağlı borclunun izahatı alınmamış, həmçinin qəbul edilmiş qərarında icraçı hər hansı əsaslandırma aparmamış, “İcra haqqında” Azərbaycan Respublikasının 23.3-cü madəsinin tələblərinə əsasən icra məmuru tərəfindən görülmüş hansı bütün tədbirlərin nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin, icra məmuru həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb, ümumiyyətlə MMC-nin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmaması ilə əlaqələndirmişdir. MMC-yə aid icra sənədləri üzrə borc məbləğləri borclu olan şəxslərin onlara məxsus mobil telefonunun qiymətindən aşağı məbləğ təşkil edir. Birinci instansiya məhkəməsində Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X3 şikayəti əsassız hesab edərək onun təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6956 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün İcra və Probasiya şöbəsinə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Borclunun izahatı alınmış, müvafiq qaydada sorğular verilmiş, lakin borcun yönəldilə biləcəyi əmlak və gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa şikayətdə qeyd edildiyi kimi, "xxxx" MMC-nin etibarnamə əsasında heç bir nümayəndəsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə yaxınlaşmamış, icra sənədi üzrə materiallarla tanış olmaq istədiyini bildirməmişdir. Birinci instansiya məhkəməsində Borclu iştirak etmədiyindən şikayətə dair mövqeyi bəlli olmamışdır. Şirvan Şəhər Məhkəməsinin (hakim A.Məmmədli) 03 may 2024-cü il tarixli qərardadı ilə Şirvan şəhər 1 saylı Dövlət Notariat Kontorunun 8i-6956 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qaytarılması haqqında Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə tələbkar BOKT "xxxx" MMC-nin idarə heyətinin sədri X4 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Qərardaddan BOKT "xxxx" MMC şikayət vermiş, şikayətdə qərardadın ləğv olunması və Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru X1 icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə qərardad çıxarılması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Şikayətə görə, borclunun yaşadığı ünvan üzrə baxış keçirilməsi, borclunun bankda ola biləcək cari bank hesabları üzrə məlumatların, Milli Depozit Mərkəzində olan məlumatların (səhm və qiymətli kağızların), borclunun təsisçi hüquqi şəxsdə payının olubolmaması barədə məlumatların və bu kimi əmlak axtarışının bütün məlumatların əldə olunması kimi tədbirlər görülməmişdir. Şikayətə baxılmış, Şirvan Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 13 iyun 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu tərəflərə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. İşin hallarından görünür ki, Borclu BOKT "xxxx" MMC-nin xeyrinə 151 manat məbləğində pul tutulmasına dair Şirvan şəhər 1 Saylı Dövlət Notariat Kontoru ofisi tərəfindən verilmiş 8i-6956 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Rəşadət Yusifovun 18 mart 2024-cü il tarixli qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Şikayətlə bağlı Kollegiya aşağıdakıları bildirir. "İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Qanunun tələbinə görə, icra sənədinin icra edilməsini təmin etmək məqsədi ilə borclu barəsində icra məmuru tərəfindən görülmüş bütün tədbirlər nəticə vermədiyi hallarda icra sənədi qaytarıla bilər. İşin hallarından görünür ki, tələb edilən borcun məbləği cəmi 151 manatdır. Kollegiya hesab edir ki, icra məmuru qanunvericiliyin yuxarıda göstərilən tələblərini gözləmədən icra sənədini əsassız olaraq geri qaytarmış, məhkəmə də buna düzgün qiymət vermədən bununla razılaşmış, şikayəti əsassız hesab etmişdir. Kollegiya hesab edir ki, icra qeydinin icrasını təmin etmək üçün icra qurumu borcluya məxsus əmlakın aşkar edilməsi üçün kifayət qədər tədbirlər görməmiş, eyni zamanda öz qərarını da əsaslandırmamışdır. Birinci instansiya məhkəməsi işin göstərilən faktiki hallarını aydınlaşdırmaq üçün icra üzrə tərəfləri dinləməmiş, icra işini tələb edib nəzərdən keçirməmişdir. Bundan başqa, tələbkar öz ərizəsində (şikayətində) yalnız icra məmurunun qərarının ləğvini xahiş etmiş, sonrakı prosessual hərəkətin tətbiqini xahiş etməmişdir. Məhkəmə ərizəçinin prosessual marağı barədə müraciətini də dəqiqləşdirməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi işin hallarını kifayət qədər araşdırmamış, iş üçün əhəmiyyəti olan halları aydınlaşdırmamış, öz qərardadını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə üçün işin faktiki hallarını tam aydınlaşdırmamış, əsassız qərardad qəbul etmişdir, ona görə də hazırki iş üzrə qərardad ləğv edilməli və iş baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşə yenidən baxarkən məhkəmə, tələbkarın ərizəsini (şikayətini) dəqiqləşdirməli, müvafiq nəticəyə gəlmək üçün işin faktiki hallarını araşdıraraq müəyyənləşdirməlidir. Bunun üçün məhkəmə: icra üzrə tərəfləri, habelə icraçını məhkəməyə dəvət etməklə onların izahatlarını almalı, icra işini tələb edib nəzərdən keçirməli, icra sənədinin icra vəziyyətini aydınlaşdırmalı, buna uyğun tədbir görülməsi üçün tərəflərə, onların müvafiq hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Beləliklə, Kollegiya hesab edir ki, prosessual qanunvericiliyin tələbləri pozulduğuna görə qərardad ləğv edilməli, şikayətə yenidən baxılmaq üçün iş üzrə materiallar birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: Tələbkar "xxxx" MMC-nin şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 03 may 2024-cü il tarixli, 8(032)-40/2024 saylı qərаrdadı ləğv edilsin. Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmurunun icra sənədinin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli qərarından "xxxx" MMC tərəfindən verilmiş şikayətə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Şirvan şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-38/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-38/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver