Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-41/2025 20.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X15 Tərlan oğlunun sədrliyi ilə, Əliyev Qasım Vəli oğlu və X5 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Borclu Maraqlı şəxs iştirakı ilə, X2 pul məbləğinin indeksasiyasına dair ərizəsi üzrə Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(018)-45/2025 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan hər ay hər uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində alimentin indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2009-cu ildə Astara rayon Suparibağ kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində 01 nömrəli akt qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X13 dünyaya gəlmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X13 onun himayəsində saxlanılmışdır. Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2009-cu il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 90 manat olmaqla cəmi 180 manat aliment kəsilmişdir. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(018)-45/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli 2(018)-1052/2018 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tutulan alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.692 misli həddində indeksasiya olunması və alimentin bu qaydada tutulmasının 03 mart 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Borclu Maraqlı şəxs şikayət verərək qərardadın ləğv edilməsi və ərizənin qismən hər uşağa 120 manat olmaqla indeksasiya edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı qərardaddan sonra hər uşağa görə ayrılıqda ödədiyi aylıq 90 manat olmaqla cəmi 180 manat aliment məbləği hər uşağa görə 276.8 manat olmaqla ümumilikdə 553.6 manat həddinə gəlib çatmışdır. Ali Məhkəmənin Plenum qərarında olan ziddiyyətlərin aradan qaldırılması üçün şərhə ehtiyac vardır. 2025ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manatdır. Lakin onun üçün 276.8 manat aliment kəsilmişdir. Aldığı aylıq əmək haqqı 400 manat məbləğ təşkil edir. X4 ayrıca iddia icraatında ona qarşı alimentin artırılması ilə bağlı iddia qaldırsaydı sözsüz ki, aliment məbləği bu qədər qalxmayacaqdı. Ən yüksək aliment Bakı şəhərində kəsilir. O da uşaqlar üçün yaşayış minimumu həcmində. Astara rayon Məhkəməsində olan alimnet tələbinə baxdıqda da görürük ki, bir uşağa görə 150-180 manat aralığında aliment kəsilir. Mənim də əmək haqqım nəzərə alınmalı və aliment 120 manat həcmində müəyyən edilməlidir. Astara Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 8(018)-45/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərardadı ilə işə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Borclu Maraqlı şəxs məhkəmədə şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Tələbkara qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tələbkar olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Astara Rayon Məhkəməsinin 10 oktyabr 2018-cı il tarixli 2(018)-1052/2018 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X11 ilə Maraqlı şəxs arasında 12 yanvar 2009-cu il tarixində Astara rayon Suparibağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 14 sentyabr 2009-cu il təvəllüdlü X12 və 28 yanvar 2013-cü il təvəllüdlü X7 anaları X9 himayəsində saxlanılmaları, 14 sentyabr 2009-cu il təvəllüdlü X8 və 28 yanvar 2013- cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13 mart 2018-ci il tarixdən başlayaraq Maraqlı şəxs hər ay bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq X10 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilir ki, Ailə Məcəlləsinin 110.1ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbkar məhkəmə qətnaməsi ilə tutulması qət edilən sabit pul məbləğində alimentin indeksasiya edilməsi barədə ərizə verməkdə haqlıdır. Belə ki, tələbkar ərizəsini 2025-ci il üzrə ölkə üzrə minimum yaşayış və əmək haqqının artımı ilə əlaqələndirmiş və tutulması qət edilən aliment məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmişdir. Qətnamə qəbul edilərkən ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmiş, hazırda isə ölkə üzrə minimum əmək haqqı 400 manat miqdarında müəyyən edilməkdədir. Əmək haqqının müvafiq misli hesablanarkən qətnamədə alimentin hesablanmalı olduğu tarixdən, yəni 2018-ci ildə ölkə üzrə minimum əmək haqqının 130 manat olması nəzərə alınmalı və 90 manatın 130 manatın 0.692 misli olduğu qeyd edilməlidir. Məhkəmə hesab etmişdir ki, tutulması qət edilən alimentin indeksasiyası məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixindən hesablanmalıdır. Məhkəmə tərkibi iş materiallarını və şikayəti hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən qanunvericiliyin tələblərinə düzgün əməl etmişdir və məhkəmənin gəldiyi hazırkı nəticə ilə razılaşır. Beləliklə, məhkəmə tərkibi yekun olaraq hesab edir ki, borclunun şikayəti əsassız olmaqla Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(018)-45/2025 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə tərkibi tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və MPM-in 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARAALDİ: Borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli 8(018)-45/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-41/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-41/2025
20.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver