Məhkəmə qərarları › İş №8(106)-44/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-44/2025

01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-44/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadından ərizəçi Tələbkar verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Borclu ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin Tələbkar və Borclu araında Bakı şəhəri 10 saylı Medisiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi-ata Borclu aylıq 300 ( üç yüz) manat aliment ödəsin və həmin məbləği 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi ana Tələbkar adına olan bank hesabına köçürülməsi-hissəsində məcburi icra olunmasının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2(47)-323/2024 saylı qətnaməsi ilə ərizə təmin olunmuş, Tələbkar və Borclu araında Bakı şəhəri 10 saylı Medisiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi, yəni Borclu 2023-cü ilin dekabr ayından başlayaraq hər aın 1-dən 10-na kimi 300 ( üç yüz) manat alimentin tutulub Tələbkar adına olan bank hesabına köçürülməsinə dair hissəsinin təsdiq edilməsi, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi və qətnamənin dərhal icra olunması qət edilmişdir. Ərizəçi Tələbkar Borclu qarşı Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsinə dair Laçın Rayon Məhkəməsinin 2(047)-323/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi üzrə «ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, o, Borclu ilə xx.xx.2017-ci ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Onların nikahından xx.xx.2018-ci ildə X2 doğulmuşdur. “Covid 19” pandemiyası ilə bağlı karantin müddətində aralarında mütəmadi münaqişələr yaranmış, sonda isə Borclu tərəfindən verilmiş iddia ərizəsinə əsasən 2024-cü ilin yanvar ayında Nərimanov Rayon Məhkəməsi tərəfindən nikahları məhkəmə qaydasında pozulmuş, eləcə də 06 noyabr 2023- cü il tarixdə onunla Borclu arasında Bakı şəhəri, 10 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş, mediasiyaya prosesi nəticəsində Borclu ilə arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış, lakin Borclu barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsini icra etməmişdir. Ona görə də xx.xx.2023-cü il tarixli barışıq sazişinin Tələbkar ilə Borclu arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi - ata Borclu aylıq 300 (üç yüz) manat aliment ödənilməsi və həmin məbləği 2023-cü il dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi ana Tələbkar adına olan bank hesab kartına köçürülməsi - hissəsində məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və Laçin Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-323/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilərək, Tələbkar ilə Borclu arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin, yəni Borclu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub Tələbkar adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilmiş, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. Onu da xüsusi qeyd edir ki, borclu kifayət qədər uşağının qeydinə qalmır, barışıq sazişində və məhkəmə qətnaməsində nəzərdə tutulmuş 300 manat alimenti yubadıb ödəməklə kifayətlənir, azyaşlı oğlan övladının normal inkişafı ilə bağlı o, məşğul olur. Halbuki, Borclu xarici markalı avtomobillərin təmiri və diaqnostikası ilə məşğul olmaqla kifayət qədər aylıq qazancı var. Eləcə də, yaşadıqları evin həyətində müxtəlif ölçülərdə 14 ədəd yaşayış evləri tikib hər birini müxtəlif şəxslərə kirayə verməklə aylıq gəlir əldə edir. Eləcə də adına “**********” saylı VÖEN açdırıb, bildiyi qədər ilə dövlətin vergisindən və aliment ödənilməsindən yayınmaq üçün VÖEN-İ bağlatdırıb, alimenti azaltmaq məqsədilə ərizə vermək üçün özünə işsizlik arayışı aldırmışdır. Onu da qeyd edir ki, övladı Nərimanov rayonu 37 saylı orta məktəbin 1-ci sinif Azərbaycan bölməsində təhsil alır. Təhsili ilə bağlı geyimə, qələm-dəftərə və digər zəruri ləvazimatlala ehtiyacı yaranmış, habelə, azyaşlı övladı xx.xx.2024-cü ildə "Real Hospital” özəl xəstəxanasında sağlamlığı ilə əlaqədar “adenoektomia” cərrahi əməliyyatı olunmuş, hazırda da “sinir reflektor oyanıqlıq” xəstəliyindən əziyyət çəkir. Bununla bağlı müvafiq sübutları ərizəyə əlavə edir. Təbii ki, övladının sağlamlığından əlavə onun normal geyimlə və normal qida ilə qidalanması kifayət qədər xərc tələb edir ki, qarşı tərəfin verdiyi 300 manat pul vəsaiti günü-gündən artan qiymətlərin qarşısında cüzi məbləğ edir ki, məhkəmə qətnaməsi əsasında müəyyən edilmiş alimentin məbləği indeksasiya edilməlidir ki, hər zaman alimentlə bağlı məhkəmənin vaxtını bir daha almasın. Qeyd edilənləri nəzərə alıb Laçin Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(047)-323/2024 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu onun xeyrinə hər ay tutulan 300 (üç yüz) manat sabit pul məbləğində alimentin indeksasiya edilməsinə dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadı ilə ərizə təmin edilməmiş, Ərizəçi Tələbkar Borclu qarşı Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1- ci bəndinin təsdiq edilməsinə dair Laçın Rayon Məhkəməsinin 2(047)-323/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsi üzrə «ödənilməli olan sabit pul məbləğində alimentin miqdarının indeksasiya edilməsi» barədə Tələbkar ərizəsi əsassız olduğundan rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan ərizəçi Tələbkar şikayətlə müraciət edərək Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin olunması haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu ilə aralarında barışıq sazişi icra olunmadığına görə, məhz ərizə əsasında işə baxan Laçın Rayon Məhkəməsi xx.xx.2024cü il tarixli 2(047)-323/2024 saylı qətnamə əsasında alimentin məcburi icrasını təmin etmişdir ki, məhz qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında borcludan tutulmalı olan pul məbləğinin (aliment) müvafiq indeksasiyasını da Laçın Rayon Məhkəməsi həyata keçirməlidir. Onunla borclu arasında barışıq sazişi bağlandığı xx.xx.2023-cü ildə mövcud olan qiymətlərlə hazırki qiymətlər arasında kifayət qədər fərq mövcuddur. Eləcə də, həmin dövrdə azyaşlı övladı orta məktəbə getmirdi və onun əlavə xərcləri olmurdu. Hazırda isə onun orta məktəbdə normal təhsil alması və qidalanması üçün, barışıq sazişi ilə təsdiq edilməklə məhkəmə tərəfindən məcburi qaydada tutulmuş alimentin məbləğinin artırılmasına zərurət vardır. Tərəflər arasında ilkin aliment razılaşması mediasiya qaydasında həll olunsa da, sonradan alimentin icrası ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğuna, habelə hər il üzrə tərəflər arasında barışıq sazişinin bağlanılması absurd olduğuna görə, məhz işə baxan Laçın Rayon Məhkəməsi icra sənədi üzrə borcludan tutulmalı olan aliment məbləğini indeksasiya etməli idi. Laçın Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 8(047)-4/2025 saylı qərardadı ilə Laçın Rayon Məhkəməsinin 8(047)-04/2025 saylı, 10 mart 2025-ci il tarixli qərardadından ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməmiş, həmin qərardadın dəyişdirilmədən qüvvəsində saxlanılması və Tələbkar şikayətinin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)- 4/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni olunla əsaslandırmışdır ki, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə ifadə edilmiş, lakin bu məbləğin sonrakı indeksasiyası nəzərdə tutulmamış və bundan sonra Laçın Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli qətnaməsinə əsasən Tələbkar ilə Borclu arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndinin, yəni Borclu 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub Tələbkar adına olan bank kart hesabına köçürülməsinə dair hissəsinin təsdiq edilməsi, barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. Odur ki, qeyd edilən aliment məbləğinin minimum əmək haqqının mislinə çevrilməklə indeksasiya edilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməz hesab edilməlidir Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin mövcudluğunu əsas götürərək alimentin sabit qalmalı olduğu qənaətinə gəlməkdə haqlı olmuşdur. Barışıq sazişi - mülki və ailə işlərində tərəflərin qarşılıqlı razılıq əsasında aralarında yaranmış mübahisəni sülh yolu ilə həll etmələri barədə bağladıqları yazılı razılaşmadır. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə, qətnamə qüvvəsinə malik olur və məcburi icraya tabedir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında daha əvvəl, xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi ilə cavabdehin azyaşlı övladı üçün aylıq 300 manat məbləğində aliment ödəməsi nəzərdə tutulmuşdur. Həmçinin sözügedən barışıq sazişi bu məbləğin sonrakı indeksasiyası nəzərdə tutulmamışdır. Göründüyü kimi¸ tərəflər alimentin məbləğini qarşılıqlı razılıqla müəyyən etmiş və bu məbləğ konkret və sabit şəkildə 300 manat olaraq razılaşdırılmışdır. Həmin məbləğin indeksasiya edilməsi tərəflərdən birinin birtərəfli iradəsinə əsaslandığından və digər tərəfin razılığı olmadan keçirilməsi nəzərdə tutulmadığından, bu cür tələb barışıq sazişinin hüquqi mahiyyətinə və qüvvəsinə ziddir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin qətnaməsi ilə təsdiqlənmiş barışıq sazişi tərəflər üçün məcburidir və bu sazişin şərtləri onların qarşılıqlı razılığı olmadan dəyişdirilə bilməz. Barışıq sazişi könüllü şəkildə, tərəflərin razılığı ilə bağlanmış və qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən təsdiq edilmişdir. Belə olan halda, aliment məbləğinin indeksasiyası ilə bağlı tələbin təmin ediləsi hüquqi əsasdan məhrumdur. Çünki bu, barışıq sazişinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi deməkdir və bu qanunvericilik baxımından qeyri-qanuni sayılır. Konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman, tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda, alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi

QƏRARA ALDİ:

Ərizəçi Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 8(047)-4/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar