Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-51/2024 31.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), X2 və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, borclu xx xxxx 1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, 2(103)-2058/2023 saylı icra sənədinə əsasən, Borclu cəmi 13000 manat pul vəsaiti alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elektron icra” informasiya sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq, bugünədək icra sənədinin icrasını tam təmin etməmiş və icra sənədinin icra edilməsi üçün cəhd göstərməmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, 2(103)-2058/2023 saylı icra sənədi üzrə Borclu 11900 manat qalıq borcu qalmışdır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(103)-2058/2023 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qərardadın icrasının Sabirabad rayon İcra və Probasiya şöbəsi vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadının ləğv edilməsini, onun Azərbaycan Respublikası sərhədindən kənara getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, Sabirabad Rayon Məhkəməsinin qərardadı ilə razı deyil. Belə ki, onun daimi iş yeri yoxdur və o, pul qazanmaq məqsədi ilə bəzən işləmək üçün Rusiya Federasiyasına getməli olur. Halhazırda ailəsi onun qazandığı gündəlik gəlirlə dolanır. Onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması həm ailəsinin dolanışığına, həm də icra sənədi üzrə ödənişlərin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. Sabirabad Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(103)-2058/2023 saylı icra sənədi üzrə Borclu Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Borclu 30 iyul 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə vermiş, ərizədə şikayətində qeyd etdiklərindən əlavə olaraq bildirmişdir ki, onun borc məbləği 15000 manat olmasına baxmayaraq, həmin məbləğdən 5000 manat ödəniş etmişdir. Ali Məhkəmədə tələbkarla danışıqları aylıq ödəniş 300 manat olmuşdur. Əvvəlki borc 10000 manat olmuşdur. Borc 15000 manat ona görə olmuşdur ki, o, bankdan kredit götürüb həmin borcu bağlayacaqdı. Lakin bu alınmamışdır. Əlavə olaraq, 2000 manatı Sabirabad rayon İcra və Probasiya şöbəsinə də təqdim etmişdir. Həmin qəbzləri ərizəsinə əlavə edir. İcra sənədinin icrasından boyun qaçırmır. Aylıq 300 manat ödənişlə bağlı Sabirabad rayon İcra və Probasiya şöbəsinə müraciət etdikdən sonra ona şöbədən hesab nömrəsi təqdim olunmuş və daha sonra ora da ödənişlər etmişdir. Həmin qəbzləri məhkəməyə təqdim edə bilər. Lakin maddi vəziyyəti çətin olduğuna görə icra sənədini tam icra edə bilmir. Qətnamənin icrasının təmin olunması məqsədilə onun ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. Ona görə də Azərbaycan Respublikası hüdudlarından kənara çıxa bilmir. Borclu ərizəsində barəsindəki ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsə də, məhkəmə qərarlarının icrasının qorunmadığı qeyd etmək və Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən hüquq kimi şərh etmək Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanun, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir. Bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, üzrsüz səbəbdən icranı həyata keçirməməlidir. İşdə surəti olan Bakı Apellyasiya Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(103)- 2058/2023 saylı icra vərəqəsindən görünür ki, Borclu 13000 manat məbləğində pul alınaraq Tələbkar Xudaverdi oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan Sabirabad rayon İcra və Probasiya şöbəsinin 03 iyul 2023-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2058/2023 saylı, 06 iyun 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Sabirabad rayon İcra və Probasiya şöbəsinin Borclu ünvanlanmış 03 iyul 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişinin surətindən görünür ki, 03 iyul 2023-cü il tarixli qərarla icraata başlanılan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2058/2023 saylı, 06 iyun 2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. İş materiallarının 8-ci və 9-cu vərəqlərinə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən Borclu ünvanlanmış 29 mart 2024-cü il tarixli və 06 may 2024-cü il tarixli xəbərdarlıq məktubları əlavə edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək qeyd edir ki, Sabirabad rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərkən borclunun icra vərəqəsi üzrə ödənilməmiş qalan borcunun 11900 manat təşkil etdiyini qeyd etmiş, borclu onun ölkədən getmək hüququna məhdudiyyətin qoyulması ilə bağlı hazırda mübahisələndirilən 31 may 2024-cü il tarixli qərardad qəbul edildikdən sonra 17 iyul 2024-cü ildə və 23 iyul 2024-cü ildə hər dəfə 1000 manat olmaqla, cəmi 2000 manat əlavə ödəniş etmişdir. Lakin hər bir halda hazırda icra sənədi üzrə ödənilməli olan borcun məbləği əhəmiyyətli miqdar təşkil edir. Sabirabad rayon İcra və Probasiya şöbəsi təqdimatında borclunun ölkədən getmək ehtimalı olduğunu qeyd etmiş, borclu isə öz şikayətində işləmək üçün Rusiya Federasiyasına getmək istədiyini bildirərək təqdimat verən orqanın arqumentini təsdiq etmişdir. Lakin borclu indiyədək ölkədən getmək hüququ məhdudlaşdırılmadığı halda bu hüququndan istifadə etməsini təsdiq edən hər hansı sübut təqdim etməmiş, “Elektron məhkəmə” informasiya sistemindən borclunun sərhədkeçmə məlumatlarının yoxlanılması zamanı isə onun Rusiya Federasiyasına gedib-gəlməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda borclunun icra sənədinin icrasını təmin etmək məqsədilə mütləq şəkildə işi ilə bağlı xaricə səfər etməsinin zəruriliyi də müəyyən edilmir. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, borclunun şikayətində qeyd etdikləri formal mülahizə xarakteri daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Odur ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 8(056)-113/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-51/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-51/2024
31.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver