Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-52/2025 08.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadından Borclu verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1207/2023 saylı qətnaməsi ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2(056)-660/2023 saylı qətnaməsi dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)-1801/2020 saylı qətnaməsi əsasında cavabdeh Borclu tutulan alimentin miqdarının dəyişdirilməsi və Borclu tutulan alimentin miqdarının onun aylıq qazancının 1-3 hissəsi və əlavə olaraq sabit pul məbləğində hər uşağa 90 manat məbləğində müəyyən edlməsi qət edilmişdir. X1 “məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının indeksasiya edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasının həyata keçirilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uşaqlar böyüdükcə yaşam tələbatları artır. Uşaqların ikisidə astma xəstəliyindən əziyyət çəkirlər. Ona görə də ana kimi maddi baxımdan çox əziyyət çəkir. Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu tutulması qət edilmiş alimentin hər uşağa görə müəyyən edilmiş 90 manat sabit pul məbləğində hissəsi indeksasiya edilərək, Borclu xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,26 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi və qərardadın dərhal icraya yönəldilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2023-cü ildə minimum əmək haqqı 345 manat təşkil etdiyindən, alimentin indeksasiya edilmə qaydası yalnız sabit pul məbləğində tutulan alimentlərə münasibətdə tətbiq edildiyindən, ərizə qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehdən tutulması qət edilmiş alimentin hər uşağa görə müəyyən edilmiş 90 manat sabit pul məbləğində hissəsi indeksasiya edilməli və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,26 misli həddində sabit pul məbləğində aliment tutularaq ərizəçi X4 verilməlidir. Həmin qərardaddan Borclu şikayətlə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasından xəbəri olmamış, nədə ona məhkəmə tərəfindən bildiriş göndərilməmişdir. 2021-ci ildə isə ikinci dəfə ailə həyatı qurmuş və həmin qadından da eyni şəkildə 2 övladı olmuşdur. Onun 567 manat əmək haqqı alır və başqa yerdən əlavə gəliri yoxdur. Onun 367 manatı alimentə çıxılır və ailə üzvü olaraq o, yoldaşı və 2 övladına düşən 200 manat olur və o pulla da heç bir təminatı qarşılamaq olmur. Onun evində 1-ci qrup yataq xəstəsi var və o, da onun doğma anasıdır. Onun bütün təminatlarını o qarşılayır, anası əmək qabiliyyətli olmayan şəxsdir. Yataq xəstəsi olduğu üçün özünə idarə edə bilmədiyinə görə bütün təminatlarını o ödəyir. Evdə ərzaq təminatını və uşaqların geyim azuqə və s. tələbatlarını özü ödəyir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2021-ci il tarixli, 2(106)- 1182/2021 saylı qətnaməsinə əsasən iddiaçı X3 apelyasiya şikayəti təmin edilməməsi və Sabirabad Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(056)-1801/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Belə olan halda həmin qərardadın ləğv edilməsi zəruridir. Ona görə də Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(056)-28/2025 saylı qərardadının əsassız olduğundan ləğv edilməsi zəruridir. Sabirabad Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli 8(056)-28/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə işlə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, valideynlər özlərinin maddi vəziyyətindən asılı olmayaraq azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş həcmdə iştirak etməyə borcludurlar. Valideynin maddi çətinlikləri, işsizliyi və ya gəlirinin az olması onun bu öhdəlikdən azad olunması üçün əsas hesab edilmir. Alimentin indeksasiya edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə əsasən və uşağın maraqlarına uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində qeyd edildiyi kimi, valideynlər öz uşaqlarının qayğısına qalmalı və onları təmin etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərkibi alimentin indeksasiya edilməsi ilə bağlı qeyd edir ki, alimentin məbləği inflyasiya nəticəsində real dəyərini itirdikdə və ya övladın təminat ehtiyacları artdıqda, bu məbləğ məhkəmə tərəfindən indeksasiya edilə bilər. İndeksasiya mexanizmi alimentin real dəyərinin qorunmasına, yəni uşağın əvvəlki səviyyədə təmin edilməsinə xidmət edir. Tərəfin təqdim etdiyi əsaslar, yəni ikinci dəfə ailə həyatı qurması, ailə məsuliyyətinin artımı, xəstə və yaşlı anasına baxması, əmək haqqının aşağı olması alimentin indeksasiya edilməməsi üçün hüquqi əsas ola bilməz. Bundan əlavə indeksasiya valideynin gəlirindən və ya istəyindən asılı olmayan, maddi hüququn sabitliyini və uşağın rifahının qorunmasını təmin edən hüquqi mexanizmdir. Əgər aliment indeksasiya olunmasaydı, artan qiymətlər və həyat səviyyəsi qarşısında uşağın maddi təminatı nisbi olaraq azalardı ki, bu da uşağın maraqlarının pozulması demək olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərkibi şikayətin tərəfin məhkəmə iclasından xəbərinin olmaması və ona birinci instansiya məhkəməsi tərəfindən bildiriş göndərilməməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. İş materiallarında olan (səhİfə 15) bildirişdən aydın olur ki, Borclu yaşadığı ünvana- Sabirabad şəhəri, Vidadi küçəsi dalan 1, ev 2-ə məhkəmə bildirişi göndərilmişdir. Borclu şikayətindən də göründüyü kimi, tərəfin yaşadığı ünvan ünvan 2ə qənaətə gəlir ki, Borclu yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişini almaması ağlabatan deyil. Belə ki, məhkəmə bildirişi cavabdehin məhz rəsmi yaşadığı ünvana, özünün də şikayətində qeyd etdiyi ünvana göndərilmişdir. Qanunvericiliyə görə məhkəmə bildirişlərinin və digər sənədlərin şəxsin qeydiyyatda olduğu rəsmi ünvana göndərilməsi onların çatdırılmış hesab edilməsi üçün kifayət sayılır. Həmçinin iş materiallarında sözügedən məhkəmə bildirişinin Borclu tərəfindən təhvil alınmamasına dair hər hansı bir sənədə-zərfə rast gəlinmir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi
QƏRARA ALDİ:
Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.