Məhkəmə qərarları › İş №8(106)-55/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-55/2024

12.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-55/2024 12.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 8(036)-50/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon İcra və Probasiya şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 8(036)-50/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Telman Quliyev) İmişli Rayon Məhkəməsi tərəfindən verilmiş 2(036)-3196/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu – xx.xx.1991-ci ildə İmişli rayonu, Cəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermişdir. İş materialları İmişli Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 25 iyul 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. MPM-in 267.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. MPM-in 267.3-cü maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, qərardaddan verilən şikayətə onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi isə qərardaddan verilən şikayətə 3 gün müddətində yazılı icraat qaydasında baxaraq, nəticəsindən asılı olaraq sonrakı prosessual hərəkətləri yerinə yetirməli olduğu halda, bunu etməmiş, şikayətə baxmadan iş materialları ilə birlikdə baxılmasından ötrü birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 8(036)-50/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmalı, iş materialları qərardaddan şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 267, 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İmişli Rayon Məhkəməsinin 8(036)-50/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət apellyasiya baxışından çıxarılmaqla iş materialları qərardaddan şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə müvafiq olaraq baxılmasından ötrü İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar