Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-60/2025 15.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadından Borclu verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, xx.xx.2014-cü il təvəllüdlü Zəhra adında uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü iddiaçı X2 xeyrinə cavabdeh Borclu hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsinə əsasən qət edilmiş 80 (səksən) manat alimentin məbləğinin hər uşaq üçün hazırda ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0.76 misli həddində indeksasiya olunması və sonrakı artımlar nəzərə alınmaqla hər ay Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, hazırda qət edilmiş aliment məbləğinin indeksasiya olunması zəruridir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarının 8.4-2-ci bəndində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada artırılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndiyi nəzərə alınmalıdır. Məlumat üçün bildirmişdir ki, 15 may 2014-cü il tarixli 2(036)-720/2014 saylı qətnamə ilə uşağın saxlanması üçün 80 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir ki, bu da 2014-cü il üzrə müəyyən edilmiş 105 manat minimum əmək haqqı məbləğinin 0.76 mislini təşkil edir.Hazırda 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olmasını nəzərə alınarsa, alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.76 misli həddində indeksasiya olunmalıdır (400 x 0.76 = 304 manat). İmişli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 80 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində indeksasiya olunması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)- 720/2014 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə çıxarılan zaman ölkə üzrə minimum əmək haqqı məbləği 105 manat müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, ərizə təmin olunmalı, İmişli Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(036)-720/2014 saylı qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində (80/105) indeksasiya olunmalıdır. Həmin qərardaddan Borclu şikayətlə müraciət edərək şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını, əks təqdirdə, şikayətin baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, sonradan yenidən nikaha girməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan azyaşlı 3 övladı vardır. Burada ona münasibətdə maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halların nəzərə alınması onda ifadə olunur ki, onun başqa nikahdan digər 3 nəfər azyaşlı övladının varılığı, onların da maraqlarının, ehtiyaclarının olmasını, bu baxımdan bu maraq və ehtiyacların qarşılanması zəruriyyətini vacib edir. Eyni zamanda bu, 4 övladının maraqlarının balanslaşdırılmasını da tələb edirdi ki, İmişli Rayon Məhkəməsi öz məlum qərardadında bunları da nəzərə almamış, bununla da ədalətlilik prinsipini pozmuşdur. O, İİ dərəcə əlildir və yeganə qazancı DSMF tərəfindən ona ödənilən 383,96 (üç yüz səksən üç manat doxsan altı qəpik) manat aylıq əlilliyə görə əmək pensiyasından ibarətdir. Məhkəmənin qərardadına əsasən, təkcə bir uşaq üçün onun 304 manatı hər ay tutulacaqsa, o zaman yerdə qalan 79,96 (yetmiş doqquz manat doxsan altı qəpik) manatla o, digər 3 uşağı onlar yetkinlik yaşına çatanadək necə saxlaya bilər. Məhkəmə qərardad çıxaran zaman bu uşaqların da hüquqlarının olmasını nəzərə almamışdır. Özü əmək qabiliyyətini İİ dərəcə əlil səviyyəsində itirdiyi üçün, başqa sözlə, orqanizmimin funksiyaları 61-80 faiz səviyyəsində pozulubsa, buna görə də əlilliyə görə pensiya ona sosial təminat və sosial müdafiə məqsədləri üçün təyin olunubsa, onun digər 3 övladının maddi və sosial qayğılarını qarşılamaq üçün başqa əmək fəaliyyəti ilə aktiv surətdə məşğul olmaq üçün fiziki imkanının olmadığı bir vəziyyətdə İmişli Rayon Məhkəməsinin çıxardığı müvafiq qərardad övladlarını açıq-aşkar aclıq təhlükəsinə məruz qoyur. İmişli Rayon Məhkəməsi ərizə tələbinə dair işə baxdığı və onun təmin olunması barədə qərardad çıxardığı zaman prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, İmişli Rayon Məhkəməsi ona məhkəmə iclasının vaxtı və yeri barədə heç bir bildiriş təqdim etməmiş, bu səbəbdən də onun keçiriləcəyindən xəbəri olmamaış və iştirakı təmin edilməmişdir. Əgər məhkəmə iclası ondan xəbərsiz və gizli şəkildə keçirilməyibsə, o zaman ona bildiriş göndərilməsi sübut edilməlidir. İmişli Rayon Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadı ilə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-44/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət rədd edilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)-44/2025 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(036)- 44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, valideynlər özlərinin maddi vəziyyətindən asılı olmayaraq azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş həcmdə iştirak etməyə borcludurlar. Valideynin maddi çətinlikləri, işsizliyi və ya gəlirinin az olması onun bu öhdəlikdən azad olunması üçün əsas hesab edilmir. Alimentin indeksasiya edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə əsasən və uşağın maraqlarına uyğun şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində qeyd edildiyi kimi, valideynlər öz uşaqlarının qayğısına qalmalı və onları təmin etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərkibi alimentin indeksasiya edilməsi ilə bağlı qeyd edir ki, alimentin məbləği inflyasiya nəticəsində real dəyərini itirdikdə və ya övladın təminat ehtiyacları artdıqda, bu məbləğ məhkəmə tərəfindən indeksasiya edilə bilər. İndeksasiya mexanizmi alimentin real dəyərinin qorunmasına, yəni uşağın əvvəlki səviyyədə təmin edilməsinə xidmət edir. Tərəfin təqdim etdiyi əsaslar, yəni ikinci dəfə ailə həyatı qurması (ailə məsuliyyətinin artımı, ıı qrup əlil olması, qazancının aşağı olması) alimentin indeksasiya edilməməsi üçün hüquqi əsas ola bilməz. Bundan əlavə indeksasiya valideynin gəlirindən və ya istəyindən asılı olmayan, maddi hüququn sabitliyini və uşağın rifahının qorunmasını təmin edən hüquqi mexanizmdir. Əgər aliment indeksasiya olunmasaydı, artan qiymətlər və həyat səviyyəsi qarşısında uşağın maddi təminatı nisbi olaraq azalardı ki, bu da uşağın maraqlarının pozulması demək olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərkibi şikayətin tərəfin məhkəmə iclasından xəbərinin olmaması və ona birinci instansiya məhkəməsi tərəfindən bildiriş göndərilməməsi dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. İş materiallarında olan (səhifə 7) bildirişdən aydın olur ki, Borclu yaşadığı ünvana-İmişli rayonu, Bəcrəvan kəndinə məhkəmə bildirişi göndərilmişdir. Borclu şikayətindən də göründüyü kimi, tərəfin yaşadığı ünvan İmişli rayonu, Bəcrəvan kəndi kimi qeyd edilmişdir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Borclu yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişini almaması ağlabatan deyil. Belə ki, məhkəmə bildirişi cavabdehin məhz rəsmi yaşadığı ünvana, özünün də qeyd etdiyi ünvana göndərilmişdir. Qanunvericiliyə görə məhkəmə bildirişlərinin və digər sənədlərin şəxsin qeydiyyatda olduğu rəsmi ünvana göndərilməsi onların çatdırılmış hesab edilməsi üçün kifayət sayılır. Həmçinin iş materiallarında sözügedən məhkəmə bildirişinin Borclu tərəfindən təhvil alınmamasına dair hər hansı bir sənədə-zərfə rast gəlinmir. Həmçinin iş materiallarında olan (səhifə 8) sms bildirişdən də aydın olur ki, Borclu məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(056)-28/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi
QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(036)-44/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.