Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-63/2023 29.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Ərizəçi Borclu Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)- 1332/2022 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi üzrə Ağcabədi Rayon Məhkəməsinin 8(017)-72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 saylı qətnaməsinin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 saylı qətnaməsini birdəfəyə icra edə bilmir. İcra məmuru tərəfindən ona bildirilmişdir ki, əgər icra sənədini yenidən icra edə bilməsə barəsində Azərbaycan respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanacaqdır. Nəticə etibarı ilə əgər həbs olunarsa, Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 saylı qətnaməsinin icra edilməsində çətinliklər yaranacaqdır. Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(017)-72/2023 saylı qərardadı ilə (hakim Etibar Quliyev) Borclu Ağcabədi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(017)-1332/2022 saylı qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməmişdir Ağcabədi Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 8(017)-72/2023 saylı qərardadından Borclu şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişlər. Borclu şikayətində ərizədə göstərilənlərə istinad etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 8(017)72/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərardadı ilə (hakim Etibar Quliyev) şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 8(017)72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə MPM-nin 397.2-ci maddəsinin tələbinə uyğun olaraq yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilmiş şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməkləişdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 8(017)72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxldanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.7ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları və birinci instansiya məhkəməsinin iş üzrə qərardadlarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair nəticəyə gəlməkdə hüquqi cəhətdən əsaslı olmuşdur. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş məhkəmə əmri, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud ərizəçi üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə ərizəçinin deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İş materiallarından görünür ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin icrasına çətinlik yaradan, ərizəçi üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmçinin, işin hallarından görünür ki, qətnamənin qəbul edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ərizəçi məhkəmə qətnaməsinin icrası üçün heç bir tədbir görməmiş, məhkəmə qətnaməsini buna qədər olan dövrdə icra etməkdə marağının olmasını əyani olaraq göstərməmişdir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Hörnosbi Yunanıstana qarşı” 19 mart 1997-ci il tarixli işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir. Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000). Daha sonra, həmin işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçilərin xeyrinə çıxarılmış məhkəmə qətnaməsinin uzun müddət icra olunmaması, onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təminat verilən mülkiyyət hüququnu pozmuşdur. İşin bu cür halında, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə hər hansı bir zərurətin olmamasını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 8(017)-72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi qanunvericilikdə hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; Q Ə R A R A A L D İ: Ağcabədi Rayon Məhkəməsinin 8(017)-72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 8(017)-72/2023 saylı, 14 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(106)-63/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-63/2023
29.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver