Məhkəmə qərarları › İş №8(106)-66/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-66/2024

02.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-66/2024 02.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsində mövsümi əkin əkdiyi üçün həmin mövsümi əkini götürənədək Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(056)-09/2023 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Sabirabad rayon Quruzma bələdiyyəsi Sabirabad Rayon Məhkəməsinə Quruzma bələdiyyəsinin mülkiyyətinə aid yolun və su arxının zəbtdən azad olunması, eləcə də, həmin yolun başlanğıc tərəfində quraşdırılmış dəmir darvazanın cavabdehin hesabına götürülməsi öhdəliyinin qoyulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsi 23 fevral 2023-cü il tarixli, 2(056)-09/2023 saylı qətnamə qəbul edərək, iddia tələbini təmin etmişdir. Həmin qətnamənin icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Halhazırda icra orqanı ondan mübahisəli torpaq sahəsinin boşaldılmasını, dəmir darvazanın sökülərək, əvvəlki vəziyyətə gətirilib iddiaçıya geri qaytarmasını tələb edir. O, qətnamənin icrasından yayınmır, qətnaməni icra etməkdən imtina etmir. Sadəcə olaraq hazırkı vəziyyətdə, yəni həmin torpaq sahəsində əkdiyi mövsümi əkinini götürənədək qətnamənin icrasına möhlət verilməsi onun üçün zəruridir. Ona görə də məhkəmə qətnaməsinin icrasına möhlət verilməsini xahiş edir. Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Nurəddin Bağırov) ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu Cavabdeh şikayət vermiş, şikayətində Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadının ləğv edilərək, işin icraata qəbul edilməsini, əks təqdirdə bu şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı qanunsuz və əsassızdır. Belə ki münahisələndirilən qərardadda göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. O, məhkəməyə müraciət etdiyi ərizəsində qətnamənin icrasına möhlət istəmişdir. Əkinlərini götürəndən sonra qətnamənin icrası davam etdirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi düzgün tətbiq edilməmişdir, ona görə ki, o, qətnamənin icrasından yayınmır. Lakin mübahisəli ərazidə onun əkini var, onu götürmək üçün ona vaxt verilməlidir. Sabirabad Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 2(056)-131/2024 saylı qərardadından icra sənədi üzrə borclu Cavabdeh verdiyi şikayət təmin edilməmiş, şikayətin baxılması üçün iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(106)-1159/2023 saylı qətnaməsindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh Sabirabad rayonu, Qəzli kəndində qanunsuz sahibliyindəki ümumi istifadədə olan torpaq sahəsinin (yolun) üzərində yerləşən mübahisəli darvazanın onun öz hesabına sökülməsi vəzifəsi və ümumi istifadədə olan həmin torpaq sahəsinin (yolun) və su arxının açılması (ümumi istifadəyə qaytarılması) vəzifəsinin Cavabdeh üzərinə qoyulması, 30 noyabr 2022-ci il tarixli, **********91 saylı mütəxəssis rəyinin hazırlanması ilə bağlı iddiaçı təşkilat Sabirabad rayon Quruzma bələdiyyəsi tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub iddiaçı təşkilat Sabirabad rayon Quruzma bələdiyyəsinə ödənilməsi qət edilmişdir. İşdə surəti olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(106)-1159/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Sabirabad Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 2(056)-09/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə hesab edir ki, borclunun şikayətinin dəlilləri məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün müstəsna hallar kimi dəyərləndirilə bilməz. Belə ki, borclu mübahisəli torpaq sahəsində əkin əkdiyini qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borclu bu cür sübut təqdim etsəydi belə, hazırda sentyabr ayı olması səbəbindən əvvəllər əkilmiş əkinlərin biçildiyi, hazırda yeni əkinlərin aparılmalı olduğu qəbul edilir. Həmçinin, icra olunmalı qətnamə yalnız mübahisəli torpaq sahəsi ilə bağlı olmayıb, həm də darvazanın sökülməsi, su arxının açılması və mütəxəssis xərcinin iddiaçıya ödənilməsi kimi tədbirləri də özündə əks etdirir. Qeyd edilənlər onu göstərir ki, birinci instansiya məhkəməsi qətnamənin icrasına möhlət verilməməsi barədə borclunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən hüquq normalarına düzgün riayət edilmişdir. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli, 8(056)-131/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar