Məhkəmə qərarları › İş №8(106)-68/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-68/2025

03.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-68/2025 03.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X5 və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, alimentin indeksasiyası barədə Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X10 ilə Maraqlı şəxs birgə nikahından 1 uşaq- 23 avqust 2012-ci il təvəllüdlü X9 doğulmuşdur. Astara Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(018)-102/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X10 ilə Maraqlı şəxs arasında 03 dekabr 2012-ci il tarixdə Astara rayon Səncərədi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində bağlanılmış və 60 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 23 avqust 2012-ci il təvəllüdlü X9 adlı uşağın iddiaçı X6 yanında saxlanılması, cavabdeh Maraqlı şəxs hər ay 80 (səksən) manat olmaqla sabit pul məbləğində aliment tutularaq 23 avqust 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçı X3 ödənilməsi, alimentin bu qaydada tutulmasının 07 dekabr 2015- ci il tarixdən hesablanması qət edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci ildə ölkə üzrə minimum əmək haqqının məbləğinin 400 manat müəyyən olunmasını, övladının hazırda yaşının artması ilə əlaqədar xərclərinin çoxalmasını, 2016-cı ildən hal hazırki vaxta qədər alimentin artırılması barədə məhkəməyə müraciət etmədiyini nəzərə alaraq 80 manat sabit pul məbləğinin minimum əmək haqqının misli həddində indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(018)-102/2016 saylı qətnaməsi əsasında Maraqlı şəxs himayəsində olan 23 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment ödənilməsi qət olunmuşdur. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Astara Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(018)-102/2016 saylı qətnaməsi ilə 23 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.761 misli həddində indeksasiya olunması, alimentin bu qaydada tutulmasının 03 mart 2025-ci il tarixindən hesablanması qərara alınmışdır. Qərardaddan borclu Maraqlı şəxs Astara Rayon Məhkəməsinin 8(018)-44/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadından 25 aprel 2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə şikayət vermiş, eyni zamanda ərizə ilə müraciət edərək, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzürlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Borclu şikayətində qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, 23 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs minimum əmək haqqının 0,761 misli həddində indeksasiya olunması 03 mart 2025-ci il tarixdən hesablanmışdır. Təyin edilmiş məbləğ onun üçün çoxdur, onun həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Astara Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qərardadı ilə Astara Rayon Məhkəməsinin 8(018)-44/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Astara Rayon Məhkəməsinin 8(018)-44/2025 saylı, 12 mart 2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməməsi və şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. İşin hallarından görünür ki, əvvəllər Astara Rayon Məhkəməsinin 08 aprel 2016-cı il tarixli 2(018)-102/2016 saylı qətnaməsi ilə 23 avqust 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 80 (səksən) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmişdir. Hazırki müraciətində ərizəçi yetkinlik yaşına çatmayan uşağa görə 80 manat sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq misli həddində indeksasiya edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizə ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: MPM-in 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110-cu maddəsinə əsasən: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə dəyişiklik edilmişdir) göstərilir ki: Ailə Məlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasında maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla yanaşı, məhkəmə alimentin indeksasiyasının ərizəçinin məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalı olması hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, Qanunun tələbinə görə, alimentlə (o cümlədən nikahın pozulması ilə) bağlı iddia verilərkən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır. Qanunun bu müddəası alimentin indeksasiyasına aid deyil. Məhkəmə “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.11-1 bəndin istinad etmişdir. Lakin həmin bənddə məhkəmələrə izah edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da alimentin indeksasiyasını deyil, alimentin miqdarının artırılmasını tənzimləyən Ailə Məcəlləsinin 112-ci maddəsini nəzərdə tutmuşdur. Alimentin indeksasiyası isə Ailə Məcəlləsinin 112-ci maddəsi ilə deyil, həmin Məcəllənin 110-cu maddəsi ilə nizamlanır. Göstərilənlər onu deməyə əsas verir ki, məhkəmə alimentin indeksasiyasının ərizəçinin məhkəməyə müraciət edildiyi vaxtdan hesablanması hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin indeksasiyasının ərizəçinin məhkəməyə müraciət edildiyi vaxtdan hesablanması hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən həmin hissədə qərardad ləğv edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən- alimentin indeksasiya olunmuş qaydada tutulmasının 03 mart 2025-ci il tarixindən hesablanması hissəsində ləğv edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Borclu Maraqlı şəxs şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 8(018)-44/2025 saylı qərardadı qismən- alimentin indeksasiya olunmuş qaydada tutulmasının 03 mart 2025-ci il tarixindən hesablanması hissəsində ləğv edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar