Məhkəmə qərarları › İş №8(106)-70/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-70/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-70/2025 05.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadından Cavabdeh verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-434/2023 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 23 may 2017-ci il tarixli, 2(032)-705/2017 saylı qətnaməsi ilə Cavabdeh X2 xeyrinə tutulan alimentin miqdarı artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X2 xeyrinə hər ay, hər uşaq üçün 165 (bir yüz altmış beş) manat olmaqla, ümumilikdə 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. X1 ödənilməli pul məbləğinin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-434/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün borclu Cavabdeh tutulan sabit pul məbləğində alimentin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, övladları X6 və X3 təlabatları günü-gündən artmaqdadır. Habelə uşaqların günlük xərcləri ilə yanaşı istehlak mallarının və qiymətlərinin qalxması nəticəsində qızının saxlanması üçün borclu Cavabdeh ödədiyi aliment yetərsizdir. Bu səbəbdən də həmin çatışmazlıqların, tam və ya qismən kompensasiyası zərurəti yaranmışdır. Bundan başqa 27 dekabr 2024-cü il tarixdən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilməsi, onun yuxarıda göstərdiyi xüsusatların təsdiqi olaraq göstərilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadı ilə (hakim Ə.İmanov) ərizə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,48 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayətlə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadının ləğv edilməsini, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa münasibətdə 0,41 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-434/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini çətinliklə də olsa ödəyir. Belə ki, özü ikinci qrup əlildir. Hazırda heç bir yerdə işləmir. İşsiz kimi Məşğulluq Mərkəzində qeydiyyatdadır. Əlavə olaraq, xx.xx.2014-cü il tarixdə bel diskinin L5-L4-L5 fəzalarında cərrahi əməliyyat keçirmişdir, lakin əməliyyat olmağına baxmayaraq səhhətində yaxşılığa doğru irəliləyiş müşahidə olunmur. Şirvan Şəhər Məhkəməsinin 16 may 2025-ci il tarixli 8(032)-77/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 8(032)- 77/2025 saylı qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə əsaslıdır və indeksasiya ilə bağlı müraciət təmin edilməlidir. Odur ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli Cavabdeh xx.xx.2023-cü il tarixli qətnamə ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının 19 iyun 2023-cü ildə müəyyən olunmuş minimum əməkhaqqına mütənasibliyi nəzərə alınmaqla hesablanmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, valideynlər özlərinin maddi vəziyyətindən asılı olmayaraq azyaşlı uşaqlarının saxlanılması üçün qanunla müəyyən edilmiş həcmdə iştirak etməyə borcludurlar. Valideynin maddi çətinlikləri, işsizliyi, gəlirinin az olması və ya xəstəliyi onun bu öhdəlikdən azad olunması üçün əsas hesab edilmir. Alimentin indeksasiya edilməsi birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyə əsasən və uşağın maraqlarına uyğun şəkildə həyata keçirilmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh ikinci qrup əlildir və o, tam əmək qabiliyyətsiz sayılmır. O, əmək fəaliyyəti ilə məşğul ola bilən şəxslər kateqoriyasına daxildir. Əlillik və ya xəstəlik alimentdən yayınmağa və ya onu azaltmağa hüquqi əsas deyil. Bundan başqa xx.xx.2014-cü il tarixində keçirilmiş bel diski əməliyyatı artıq 11 il öncə baş verib. Bu fakt yeni, kəskinləşmiş tibbi vəziyyət sayılmır və hal-hazırkı indeksasiya qərarına birbaşa təsir göstərmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsində qeyd edildiyi kimi, valideynlər öz uşaqlarının qayğısına qalmalı və onları təmin etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərkibi alimentin indeksasiya edilməsi ilə bağlı qeyd edir ki, alimentin məbləği inflyasiya nəticəsində real dəyərini itirdikdə və ya övladın təminat ehtiyacları artdıqda, bu məbləğ məhkəmə tərəfindən indeksasiya edilə bilər. İndeksasiya mexanizmi alimentin real dəyərinin qorunmasına, yəni uşağın əvvəlki səviyyədə təmin edilməsinə xidmət edir. İndeksasiya ümumiyyətlə mövcud alimentin artırılması deyil, sadəcə pulun real dəyərinin qorunması deməkdir. Yəni ödənilən alimentin uyğun alıcılıq qabiliyyətində qalması üçün həyata keçirilir. Bundan əlavə indeksasiya valideynin gəlirindən və ya istəyindən asılı olmayan, maddi hüququn sabitliyini və uşağın rifahının qorunmasını təmin edən hüquqi mexanizmdir. Əgər aliment indeksasiya olunmasaydı, artan qiymətlər və həyat səviyyəsi qarşısında uşağın maddi təminatı nisbi olaraq azalardı ki, bu da uşağın maraqlarının pozulması demək olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2.-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 110.1.-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı ilə «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında dəyişikliklər edilmiş, 8-ci bənd üzrə 8.4-1, 8.4-2 və 8.4.3-cü yarımbəndlər əlavə edilmişdir. Qeyd olunan 8.4-2-ci yarımbəndə qeyd olunur ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Məhkəmə tərkibi Cavabdeh şikayətlə müraciət edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-434/2023 saylı qətnaməsi ilə təyin edilmiş alimentin 0.41 misli həddində indeksasiya olunmasını xahiş etməsinə münasibət bildirərək qeyd edir ki, alimentin sabit pul məbləğində tutulduğu hallarda onun indeksasiyası dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqına uyğun olaraq, məhkəmənin qərarı ilə həyata keçirilir. Bu o deməkdir ki, alimentin indeksasiya dərəcəsi tərəflərin arzusu ilə deyil, minimum əmək haqqındakı dəyişikliklərə əsasən müəyyən edilir. Məhkəmə qanunvericiliyə uyğun olaraq avtomatik və müvafiq iqtisadi göstəricilərə əsaslanaraq indeksasiya həddini hesablayır. Yəni Cavabdeh indeksasiyanın dərəcəsini 0.41 misli həddində tələb etməsi subyektiv bir istəkdir və hüquqi əsası yoxdur. Çünki bu dərəcə qanunla və ya rəsmi göstəricilərlə əsaslandırılmalıdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə tərkibi

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(032)-77/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar