Məhkəmə qərarları › İş №8(106)-75/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8(106)-75/2024

07.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 8(106)-75/2024 07.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(053)-512/2024 saylı, 24 may 2024-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması tələbinə münasibətdə Maraqlı şəxs icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın dayandırılması öhdəliyinin ona həvalə edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu tələbini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)- 512/2024 nömrəli, 24 may 2024-cü il tarixli qətnaməsinə əsasən 26 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat olmaqla, sabit pul məbləğində aliment ondan tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qətnamə qəbul edildiyi tarixdən icraya yönəldilmiş və 31 may 2024-cü il tarixdə Maraqlı şəxs icraatına qəbul edilmişdir. Hazırda bəhs olunan icra sənədi ilə bağlı açılmış e- 176907/2024-24 nömrəli icra işi şöbənin icra məmuru X1 icraatındadır. Onun tərəfindən icra vərəqəsi verilən məhkəmə aktından 28 iyun 2024-cü ildə apellyasiya şikayəti verilmiş, şikayət Şirvan Apellyasiya Məhkəməsində 2(106)-1322/2024 nömrəsi ilə qeydiyyata alınmış və hazırda hakim Pərviz Əhmədovun icraatındadır. Bununla əlaqədar onun tərəfindən 12 iyul 2024-cü il tarixdə Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş icra sənədi üzrə icraatın dayandırılması tələbi ilə Maraqlı şəxsnə müraciət olunmuş, lakin icra məmuru tərəfindən bu istiqamətdə hərəkətsizlik edilərək icraat dayandırılmamış, səbəbləri barədə borcluya rəsmi məlumat verilməmiş, sadəcə şifahi mülahizələrlə əsaslandırılmışdır. Belə olduğu təqdirdə də o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Borclu şikayətini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, qanunverici icra sənədi üzrə icraatın dayandırılması əsaslarını istisnaedici hallardan asılı etməmiş, imperativ olaraq müəyyən etmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadı ilə (sədrlik edən hakim Samir Quliyev) şikayət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X2 şikayət vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini, şikayətinin təmin olunmasını, Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(053)-512/2024 saylı, 24 may 2024-cü il tarixli icra sənədi üzrə icraatın 12 iyul 2024-cü il tarixdən dayandırılmış hesab edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinin istisnası nəzərdə tutulmamışdır. Yəni, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktının hansı kateqoriyalı işə (ailə mübahisəsi, mülki mübahisə və s.) aidiyyəti icraatın məcburi dayandırılmasına münasibətdə heç bir əhəmiyyət kəsb etmir. Neftçala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadın hüquqi əsaslandırmasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 234.2.1-ci maddəsinə və “İcra haqqında” Qanunun 12.3-cü maddəsinə istinad olunmuşdur. Həmin normalara əsasən alimentlərin alınmasına dair icra sənədləri dərhal icra olunur. Lakin qeyd edilən normalar həmin icra sənədlərinin icrasının dayandırılmasının qeyri-mümkünlüyünü müəyyən etmir. Göründüyü kimi, məhkəmə icra sənədlərinin icra müddətləri ilə icraatın dayandırılması hallarını qarışdırmış, beləliklə, başqa hüquqi situasiyaya aid qaydaları digər situasiyaya analoji qaydada tətbiq etməklə, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə şikayət vermənin hansı növ icra sənədlərinin icrasını dayandırmaması qaydası da aşkar qeyd olunmuşdur. Belə ki, MPM-in 163.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbiri haqqında qərardaddan şikayət verilməsi həmin qərardadın icrasını dayandırmır. Lakin sözügedən qayda alimentlərin alınmasına dair qətnamələr üçün nəzərdə tutulmamışdır. Əks olunanlara əsasən hesab edir ki, Neftçala Rayon Məhkəməsi 08 avqust 2024-cü il tarixli qərardadında tətbiq edilməli maddi hüquq normalarını mahiyyətindən kənar təfsir etməklə, iş üzrə yanlış nəticəyə gəlmiş, yekunda qanuni əsası olmayan akt qəbul etmişdir. Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 04 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət rədd edilmiş, Neftçala Rayon Məhkəməsinin hazırkı iş üzrə 08 avqust 2024-cü il tarixli qərardadı qüvvəsində saxlanılmış, qərardadın surətinin 8(053)-30/2024 nömrəli işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdə surəti olan Neftçala Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(053)- 512/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə 26 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay 150 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi, alimentin hesablanması və ödənilməsinin 08 aprel 2024-cü ildən etibarən həyata keçirilməsi, qətnamənin yuxarıda göstərilən hissədə dərhal icra edilməsi, mediasiya ilə əlaqədar ödənilmiş 50 manatın cavabdeh X4 tutularaq iddiaçı Tələbkar verilməsi, cavabdeh X4 38 manat miqdarında dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə surəti olan Maraqlı şəxs 03 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Neftçala Rayon Məhkəməsinin e-2(053)-512/2024 nömrəli, 24 may 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarından görünür ki, Neftçala Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli, e-2(053)-512/2024 saylı qətnaməsindən cavabdeh X6 tərəfindən apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin icraatına qəbul edilmişdir. İş materiallarının 4-cü vərəqində surəti olan Maraqlı şəxsnə ünvanlanmış ərizədən görünür ki, Maraqlı şəxsnə Neftçala Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş e-2(053)- 512/2024 saylı, 24 may 2024-cü il tarixli icra sənədi üzrə X2 “Elektron məhkəmə” informasiya sistemindən çıxarışda əks olunanları nəzərə alaraq icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən 08 avqust 2024-cü il tarixli qərardad qəbul edilərkən mülki prosessual və icra haqqında qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, borclu öz şikayətinin əsası kimi “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. MPM-in 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “İcra haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Məhkəmə kollegiyası borclunun şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, qətnamənin dərhal icra edilməsinə dair qaydanın müəyyən olunması onu tələb edir ki, həmin qətnamədən apellyasiya şikayətinin verildiyi və apellyasiya məhkəməsinin icraatına qəbul edildiyi halda da həmin qətnamənin icrası dayandırılmasın. Bununla bağlı həmin qətnamənin dərhal icra edilməli olmasının qanunvericilikdə təsbit edilməsi kifayət edir və bununla bağlı əlavə olaraq “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsində istisnaların göstərilməsinə zərurət yoxdur. Həmçinin, bu zaman o da nəzərə alınmalıdır ki, qanunvericilik təfsir edilərkən yalnız normanın məzmunu əsas götürülməməli, eyni zamanda həmin norma bir sistemin tərkibi kimi şərh olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.11-ci bəndində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən məhkəmələrə izah edilmişdir ki, aliment tutulması barədə qətnamələr MPM-in 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). Ali Məhkəmə Plenumunun qeyd edilən mövqeyindən də göründüyü kimi, alimentin tutulması barədə qətnamədən apellyasiya şikayətinin verilməsi həmin qətnamənin icrasını dayandırmır. Qeyd edilənlərə uyğun olaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, borclunun şikayətinin dəlilləri əsassızdır və hazırda birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmiş, məhkəmənin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olmuşdur. Bu baxımdan borclu tərəfindən verilmiş şikayət əsassız olduğu üçün təmin edilməməlidir. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 8(053)-30/2024 saylı, 08 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar